ABŞ bu həftə İncirlik məsələsini bitirmək istəyir
Bizi izləyin

Dünya

ABŞ bu həftə İncirlik məsələsini bitirmək istəyir

ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması ilə mübarizə üçün Türkiyə ərazisində yerləşən İncirlik hərbi hava bazasından istifadə etmək istəyir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kolumbiya səfərində ABŞ müdafiə naziri Çak Hegel bildirib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, ölkəsinin nümayəndələri bu həftə türk tərəfi ilə aparacağı danışıqlarda İncirlik hərbi hava bazasından istifadə məsələsini qaldıracaqlar. “Ankarada İŞİD silahlıları ilə mübarizədə faydalı ola biləcək hərbi potensial var”, - deyə Ç.Hegel ifadə edib.

O həmçinin bildirib ki, Türkiyə-Suriya sərhədində təhlükəsizlik zonasının yaradılması barədə Türkiyənin inadlı tələblərinə baxmayaraq, Vaşinqton hazırda bu məsələnin aktiv müzakirəsi ilə məşğul olmur. Pentaqon başçısı bununla belə ABŞ-ın bu məsələnin müzakirəsinə hazır olduğunu vurğulayıb.

1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin birgə istifadəsi üçün açılıb. Hərbi bazanın Yaxın Şərqdəki böhranlara qarşı cavab verməkdə əhəmiyyətli bir yerinin olduğu bildirilir. İncirlik bazası həmçinin “U-2” casus təyyarələrinin kəşfiyyat və müşahidə əməliyyatlarında istifadə edilir. Baza 1960-cı ilin may ayına qədər “U-2” casus təyyarələrinin əsas əməliyyat mərkəzi olub. İncirlik hərbi hava bazasından 1970-80-ci illərdə, həmçinin birinci və ikinci İraq müharibələrində geniş istifadə olunub.

Türkiyə bu bazadan yalnız humanitar yardımların istifadəsi zamanı istifadə oluna biləcəyini bildirsə də, ABŞ Suriyanın şimalında həyata keçirdiyi hava hücumlarında bu bazadan istifadə etmək istəyir. Türkiyə isə İncirlikdən istifadəyə icazə üçün sərhəd yaxınlığında təhlükəsiz ərazi və uçuşlara qadağan bölgənin yaradılması ilə Suriya müxalifətinə tam dəstək verilməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm