MDB əvəzedilməzdirmi? – Minskdə liderlər çəkici bir yerə vurdu
Bizi izləyin

Dünya

MDB əvəzedilməzdirmi? – Minskdə liderlər çəkici bir yerə vurdu

Xəbər verildiyi kimi, bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti keçirilib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sammitdə çıxış edən dövlət başçılarının hamısı çıxışlarında MDB-də münasibətlərin inkişafı üçün güclü potensialın olduğunu vurğulayıblar.

Sammitdə MBD dövlət başçılarından yalnız Ukrayna prezidenti Pyotr Poroşenko çıxış etmirdi.

MDB-nin potensialı haqqında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev fikirlərini söylədi. İlham Əliyev qeyd edib ki, MDB dövlətlərinin qarşılıqlı münasibətlərində ciddi potensialı qalır və güman edir ki, qurum ölkələrinin əməkdaşlığı təhlükəsizlik problemlərinin həlli üçün yaxşı nəticələr verə bilər.

“Mən bu fikiri bölüşürəm ki, MDB-nin potensialı hələ bitməyib. Bu regional və beynəlxalq həyatda qarşılıqlı təsir üçün yaxşı meydançadır”, - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib. İlham Əliyev qeyd edib ki, Azərbaycan MDB-də iştiraka böyük əhəmiyyət verir. Azərbaycan dövlət başçısı həmçinin regional təhlükəsizlik məsələlərindən, eləcə də Yaxın Şərqdə yaranan vəziyyətdən narahatlığını ifadə edib.

Ermənistan prezidenti Serj Sarkisyan qonşu ölkələrdə müasir narahat vəziyyət fonunda sabitliyin zamini kimi MDB-nin fəaliyyətini yüksək qiymətləndirib. “Dünyanın bir çox regionlarında siyasi vəziyyətin ağır olduğu bir vaxtda MDB çərçivəsində qarşılıqlı təsir sülh və sabitliyin təminatına, mümkün münaqişələrin dinc vasitələrlə qarşısının alınmasına xidmət etməlidir”, - deyə Sarkisyan vurğulayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB-nin yeni konsepsiyanın hazırlanması təklifi ilə çıxış edib. “Ola bilər ki, dövlət başçıları ilə məsləhətləşək və MDB-nin inkişafının yeni konsepsiyası haqqında razılaşaq”,- deyə Qazaxıstan prezidenti bildirib.

N.Nazarbayevin fikrincə, MDB-nin yeni konsepsiyası 2016-cı ildə təşkilatın 25-illiyində hazırlana bilər. Qazaxıstan prezidenti əminliyini ifadə edib ki, MDB-də ticarət-iqtisadi münasibətlər, tranzit-nəqliyyat, aqrar- sənaye kompleksi, ərzaq təhlükəsizliyi və azad ticarət zonalarının yaradılması iqtiqamətlərində əməkdaşlıq inkişaf etdiriləcək. N.Nazarbayev həmçinin MDB-nin növbəti sammitinin 2015-ci ilin dördüncü rübündə keçiriləcəyini elan edib.

Qırğızıstan prezidenti Almazbek Atambayev öz növbəsində, postsovet məkanı ölkələrin qarşılıqlı təsir meydançası kimi MDB-nin əvəzedilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu meydançadan imtina edənlər ilk növbədə özünə ziyan vururlar. A.Atambayev MDB-nin fəaliyyətində yeni impuls kimi Qazaxıstanın quruma gələn ildə sədrliyini qiymətləndirib. Qırğızıstan prezidenti əlavə edib ki, ölkəsi təşkilatın sonrakı inkişafını dəstəkləyəcək.

“MDB çərçivəsində çoxplanlı əməkdaşlıq Rusiyanın prioriteti olaraq qalır”, - deyə Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxışında bildirib. Onun sözlərinə görə, MDB çərçivəsində bütün sferalarda əməkdaşlıq postsovet məkanında mehriban və əlverişli əlaqələrin möhkəmləndirilməsi üçün əsas alətdir: “Xüsusi diqqət iqtisadi sferada qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə ayrılır. İnkişaf templəri regionun potensialına tamamilə cavab vermir. Bu da MDB-nin bəzi iştirakçılarının iqtisadi prioritetlərinin dəyişməsi ilə bağlıdır”.

Rusiya prezidenti çıxışında Moldovanı Avropa Birliyi ilə assosiasiya haqqında sazişin şərtlərini təkrar gözdən keçirməyə çağırıb.

V.Putin Kişnyova Rusiya, Avropa Birliyi və Ukrayna arasında əldə olunan razılıqlara oxşar qaydada assosiasiya haqqında razılaşmanı nizama salmağı təklif edib. V.Putin xatırladıb ki, Avropa Birliyi və Ukrayna ilə intensiv konsultasiyalar nəticəsində assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsini 31 dekabr 2015-ci ilə qədər təxirə salmaq mümkün olub.

“Bizim ümumi məsələmiz MDB-nin yaradıcı potensialını saxlamaq və daha inkişaf etdirməkdir. Əminəm ki, Birliyin növbəti sədri olacaq Qazaxıstan məhz bunun üçün çalışacaq. Amm biz də bütün lazımlı dəstəyi qazaxstanlı dostlarımıza verməliyik”, - deyə Rusiya prezidenti öz çıxışını başa çatdırıb.

Dövlət başçılarının çıxışlarından belə bir qənaətə gəlmək olar ki, liderlərin hamısı deyilənlərin əksinə olaraq MDB-nin potensialın bitmədiyinə və bu potensialı inkişaf etdirmək üçün imkanların olduğuna inanırlar. Halbuki, Ukrayna hadisələrində Kiyevin Moskva ilə sərt qarşıdurması MDB-nin gələcəyi barədə pessimist proqnozların ortaya çıxmasına gətirib çıxardı. Bu proqnozlar da əsassız deyildi. Ukrayna postsovet məkanında Rusiyadan sonra əhalisi və iqtisadi potensialına görə ikinci dövlətdir.

Digər tərəfdən Ukrayna MDB-nin üç təsisçisindən biridir. Xatırladaq ki, MDB ilkin dövrdə 3 dövlət – Rusiya, Ukrayna və Belarus tərəfindən qurulub. MDB-nin qurulması haqqında razılaşma 1991-ci il dekabrın 8-də imzalanıb. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan quruma üzv olub.

1993-cü ilin ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra qurumdakı iştirakını dayandırıb.

2014-cü ildə Ukraynanın imtinasından sonra MDB-də sədrliyi Belarus öz üzərinə götürüb.

Ukraynanın dövlət başçısı səviyyəsində MDB-nin Minsk toplantısında iştirak etməməsi isə bu ölkənin qurumu tərk edəcəyi barədə iddiaları gücləndirir. Hələ bu ilin mart ayında Krımın Rusiyaya birləşməsindən sonra Ukraynada MDB-ni tərk etməyin vacibliyi barədə çağırışlar səslənməyə başladı. May ayında Ukraynanın MDB-dən çıxması haqqında sənədlər Ali Radaya daxil olub. Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy də bəyan etmişdi ki, ölkə MDB-dən çıxma prosesinə start verib: "Milli Təhlükəsizlik Şurasında qərara alınıb ki, Ukrayna nəinki MDB-də fəaliyyətini dayandırmalıdır, eyni zamanda bu təşkilatdan çıxma prosesinə start verməlidir".

Lakin Minskə toplaşan postsovet məkanının liderləri Ukraynasız belə MDB-ni saxlamaq niyyətində olduğunu bəyan etdilər. Ən azından hazırkı dövrdə bu mümkün görünür. Xatırlayaq ki, Rusiya cəmi bir neçə ayın içində Ukraynanın düşməninə çevrildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm