Avropanın cihadçı qadınları niyə İŞİD-ə qoşulur? – TƏHLİL
Bizi izləyin

Dünya

Avropanın cihadçı qadınları niyə İŞİD-ə qoşulur? – TƏHLİL

İngiltərədən 60 nəfərə yaxın gənc xanımın Türkiyədən Suriyaya keçərək İŞİD-ə qatıldığı təxmin edilir.

Publika.az “BBC Türkcə”yə istinadən xəbər verir ki, şagird Yusra Süeynin, tələbə Aksa Mahmudun və əkiz bacılar Səlma və Zəhra Halanenin İŞİD-ə qoşulması müsəlman qadınların radikallaşması məsələsini gündəmə gətirib.

Bu qadınlar Suriyaya çatan kimi ABŞ, Avstriya, Fransa, Hollandiya, Kanada, Norveç və İsveç kimi Avropa ölkələrindən gələn qadınlarla görüşürlər.

Yusra Hüseynin Suriyaya gedib-getməməsi hələ dəqiqləşməsə də, polis buna inanmır. Digərlərinin faktlarını isə tvitter, tumblr, linkedln və ask.fm kimi sosial şəbəkələrdə birbaşa izləmək mümkündür.

Bu işdə sosial şəbəkələrin təsirinin böyük olduğu kifayət qədər məlumdur. İslami həyat tərzini və cihada qatılmağı idealizə edən və İŞİD təbliğatı aparan internet saytlar gənc xanımlara Suriyaya getmək mövzusunda yardım edir.

Əvvəllər Suriyaya müsəlman qadınlar əsasən İŞİD tərəfindən döyüşən həyat yoldaşlarının yanına gedirdilər.

Cihad gəlinləri

Məsələn, Londondan olan 22 yaşlı Xədicə Darə, isveçli İŞİD döyüşçüsü Əbu Bəkir ilə evlənməyə qərar verdikdən sonra Suriyaya gedib. Tvitterdə paylaşdığı fikirdə avropalı bir əsiri öldürən ilk qadın mücahid olmaq istəyi ilə öyünürdü.

Ancaq bu yaxınlarda mətbuatda başqa faciələrdən də söz açıldı. İnternet vasitəsilə əlaqə saxlayaraq Suriyaya getmək planı qururlar, getdikləri zaman onları qarşılayan və digərləri ilə tanış edən şəxsləri asanlıqla tapa bilirlər.

Bu cür qadınları Avropa mətbuatı “cihad gəlinləri” olaraq adlandırılmağa başlayıb. Kişi İŞİD yaraqlılarının sosial şəbəkələrdəki profilləri onlarla evlənmək istəyən avropalı müsəlman qadınların istəkləri ilə aşıb-daşır. Qızları Suriyaya gedən fransız ailələri evlilik icazəsi almaq üçün onlara Suriyadan zəng edən adamlarla danışası olur.

Massachusetts Lowell Universitetinin Terror və Təhlükəsizlik Məsələləri Mərkəzinin professoru Mia Bloom “saf” bir İslam dövləti qurmaq ideologiyası çərçivəsində bu qadınlarla əsasən “inkubator” olaraq davranıldığı iddiası ilə mübahisə yaratmışdı.

Lakin həmin qadınların Suriyaya, sadəcə, ər tapmaq məqsədi ilə getdiklərini fikirləşmək doğru deyil. “Cihad gəlini” anlayışı problemin sadəcə bir hissəsidir.

Bu qadınların İŞİD-ə qatılmasının səbəbi cihada və yeni bir İslam dövlətinə töhfə verməklərini təmin edən utopik bir siyasətin cazibə qüvvəsidir.

İŞİD, hərəkatın sadəcə döyüşçülərdən ibarət olmadığını vurğulayaraq, "İslam dövləti"nin həkimə, mühəndisə də ehtiyacı olduğunu elan edib.

Düzgün həyat

Şəriət hüququna və müəyyən qədər İslam anlayışına əsaslanan bu yeni siyasi layihədə “düzgün həyat yolunu” tapdıqlarını deyən qadınların danışdıqları sadəcə romantikləşmiş bir dünyanı təsəvvürə gətirir.

Qurduqları İslam dövlətində qadınların boynuna düşən bir çox iş var. Məsələn, Suriyanın Rakka şəhərində İslami polis qüvvəsi olaraq düşünülən və iddia edildiyinə görə, bir ingilis qadının ideyası olan Əl-Xansa tuqayına qatıla bilirlər.

Suriyada çəkilən fotolarda kalaşnikov gəzdirən, üzərində kamikadze jiletləri olan və əllərində kəsilmiş başla poz verən qadınlar görünür. Ancaq bununla bərabər, yemək bişirən, ev işləri ilə məşğul olan, bir-birilərinin evinə qonaq gedən, analıq edən qadınların da görüntüləri var.

Evdar qadınlığı kalaşnikovla sintez edən bu ictimai mənzərə müşahidəçilərini düşünməyə vadar edir. Ümmül Baraa adı ilə tanınan malayziyalı qadın həkim yanvar ayında tvitter sosial şəbəkəsində “boynumda stetoskop, çiynimdə kalaşnikov, ən böyük arzum şəhid olmaqdır” deyə tvit atıb.

Avropalı müsəlman qadınları cəlb edən siyasi əsaslar olduğu qədər, onları uzaqlaşdıran əsaslar da mövcuddur.

Saf bir romantizm

Qadın cihadçıların internet forumlarındakı fikirlərini oxuyan zaman Avropa ölkələrinin gənc müsəlman vətəndaşlarına bir aidiyyət hissi, yaşamaq hədəfi dəyərləri təqdim etməkdə uğursuz olduğu görünür.

Məsələn ,Suriyada olan Xədicə adlı hollandiyalı qadın “mən həmişə şəriətə görə yaşamaq istəmişəm. Bu, Avropada heç vaxt gerçəkləşməyəcək” deyir.

İŞİD-çi qadınlar Avropa ictimaiyyətinin siyasi sistemini tənqid edir. Fransada çadraya qoyulan qadağanı tənqid edirlər.

Lakin bir tərəfdən forumlarda bu məsələyə dair Qurandan ayələrlə misallar gətirsələr də, şəriət, İslam, ya da Suriyadakı böhran haqqında geniş məlumata sahib olmadıqları məlum olur.

Avropa ölkələrində İŞİD-ə qatılan müsəlman qadınların niyə belə bir addım atdıqları dəqiq məlum olmasa da, ciddi şəkildə saf bir romantizm düşüncəsində olduqları bəllidir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm