Moskva: “Ukraynaya silah satılması barədə təkzibedilməz sübutlara malikik”
Bizi izləyin

Dünya

Moskva: “Ukraynaya silah satılması barədə təkzibedilməz sübutlara malikik”

Rusiya Qərb ölkələrinin Ukraynaya silah çatdırması ilə bağlı təkzibedilməz sübutlara malikdir.

Publika.az-ın vesti.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB və Avrasiyaya inteqrasiya işləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutskiy bildirib.

“Bizdə təkzibedilməz sübutlar var ki, bir sıra Qərb dövlətləri artıq Kiyev hakimiyyətinə silahı verir və Ukraynaya hərbi məsləhətçilərini göndərir”, - deyə L.Slutskiy vurğulayıb.

O xatırladıb ki, Ukraynada xarici hərbi təlimatçıların işlədiyi barədə videolar dəfələrlə media vasitəsilə yayılıb. Dövlət Dumasının komitə sədri xarici hərbi təlimatçıların Ukrayna ordusundan daha çox “cəza batalyonları” (könüllü batalyonlar – Ö.D.) ilə işlədiyini əlavə edib.

Qeyd edək ki, dünən ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Derek Şolley Vaşinqtonda çıxışı zamanı Vaşinqtonun Ukraynaya ölümcül silahların verilməsi üzrə proqramı hazırladığını bildirib.

“Ukrayna prezidenti Pyotr Poroşenko bizdən ölümcül silahların verilməsi barədə xahiş edirdi. Biz həmin silahları indiki mərhələdə verməməyə qərar verdik. Amma hazırda elə bir proqram işləyirik, bu proqram Ukraynaya ölümcül silahların verilməsinə gətirib çıxara bilər”, - deyə D.Şolley bildirib.

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini əlavə edib ki, ölkəsi Ukrayna hərbi dəniz qüvvələrini bərpa etmək üçün işləyir. “Biz Ukraynanı və onun ordusunu güclü görmək istəyirik", - deyə ABŞ müdafiə nazirinin köməkçisi söyləyib.

Bir həftə əvvəl isə Ukrayna müdafiə naziri Valeri Qeletey Silahlı Qüvvələrin idarə sistemləri və avtomatlaşdırılmış yüksək dəqiqlikli silahlar alacağını bildirib. “Biz yaxın vaxtlarda silahlı qüvvələrimizi yenidən təchiz etməliyik. Biz artıq çox yüksək dəqiqlikli silahlar və hərbi texnika almışıq. Hansı ki, bu silah və hərbi texnika bizdə əvvəllər yox idi”, - deyə Zaporojyedə müdafiə-sənaye müəssisələrinə baş çəkən müdafiə naziri bildirib.

V.Qeletey ötən ay bildirmişdi ki, NATO-nun Uels sammitdə əldə olunan razılıqlar çərçivəsində ittifaq ölkələri Ukraynaya silahları çatdırmağa başlayıb.

Lakin Qərb ölkələrinin özü Ukraynaya silah çatdırdığı barədə səsləndirilən iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm