Krımı Ukraynadan “Kadırovun əsgərləri” müdafiə edəcək
Bizi izləyin

Dünya

Krımı Ukraynadan “Kadırovun əsgərləri” müdafiə edəcək

Rusiyanın Silahlı Qüvvələrinə payız çağırışı başlanır. Bu çağırışı əlamətdar edən isə odur ki, çeçenlər Sovet İttifaqının dağılmasından sonra ilk dəfə orduya çağırılacaq. Amma Rusiya ordusunda onların gələcək yeri anlaşılmaz olaraq qalır.

Kadırov Kremlə sədaqətini sübut etmək istəyir

Payış çağırışında bütün ölkə ərazisindən 150 mindən çox cavan insan orduya çağırılmalıdır. Onların arasında Şimali Qafqaz respublikalardan təxminən 4000 çağırışçı var. Onların yarısı da Dağıstan Muxtar Respublikasının sakinidir. 1992-ci ildən sonra ilk dəfə Rusiya ordusunda 500 çeçen gənc xidmət edəcək. “Bu, bizim üçün böyük siyasi müvəffəqiyyətdir", - deyə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov qeyd edib. O, avqust ayının əvvəlində Rusiya müdafiə naziri Sergey Şoyquya çeçenlərin orduya çağırılmamasından şikayət etdi.

Bundan sonra isə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çeçenistan Respublikasından hərbi çağırışı bərpa edib. R.Kadırov avqustun ortalarında polkovnik Əhməd Ceyraxanov Çeçen Respublikasının hərbi komissarı təyin edilib.

“Mən Əhməd Ceyraxanova bu problemin həlli ilə məşğul olmağı və orduya çağırışa nail olmağı tapşırdım. Çeçenlər Rusiya vətəndaşlarıdır və heç kim onları vətənin müdafiəçisi olmaq imkanından məhrum etmək hüquqlarına malik deyil”, - Kadırov vurğulayıb.

Xatırladaq ki, Çeçenistan Respublikasından son hərbi çağırış 1990-cı illərin əvvəllərində olub. Çeçenistan müharibəsinin başlanması ilə respublikadan orduya hərbi çağırış tamamilə dayandırılıb. Çeçenlər hazırda Rusiya Daxili İşlər Nazirliyinin respublika ərazisində yerləşdirilmiş bölmələrində hərbi xidmət keçirlər.

Müstəqil ekspertlər isə çeçenlərin orduya yenidən cəlb edilməsini Ukraynaya qarşı aparılan müharibə ilə izah edirlər. Təsadüfi deyil ki, Donbasda Ukrayna ordusuna qarşı çeçenlərdən təşkil olunan xüsusi hərbi bölmələrin olduğu barədə xəbərlər kifayət qədərdir.

İsveçrənin “Neue Zuercher Zeitung” nəşri hesab edir ki, R.Kadırov üçün isə çeçenlərin Rusiya ordusunda yenidən xidmət etməsi nüfuz məsələsidir. Belə ki, o, normal həyatın qaytarılmasını simvollaşdırır və Kremlə sədaqətini bir daha nümayiş etdirir.

Təhlükəsizlik riskləri

Rusiya konstitusiyasına uyğun olaraq, bütün regionlarda çağırış yaşına çatan kişiləri hərbi mükəlləfiyyət daşıyır. Ancaq Şimali Qafqaz respublikalarında bu qayda qüvvədə deyil. Rusiya Müdafiə Nazirliyi çoxillik faktiki hərbi vəziyyətə görə Şimali Qafqaz sakinlərini orduya çağırmağı təhlükəli hesab edirdi. Baş Qərargah da 2001-ci ildə Şimali Qafqaz sakinlərini orduya götürməməyi məsləhət gördü. 2001-ci ildən sonra vəziyyəti dəyişdirmək üçün bir neçə dəfə uğursuz cəhdlər edildi. Amma bu günə qədər Çeçenistan Respublikası daxilində hərbi hissələrdə müqavilə əsasında çeçenlərin kiçik bir hissəsi xidmət edir. Onlar isə Kadırovun şəxsi ordusu hesab edilir.

Və budur Moskva öz siyasətini dəyişdirdi. Ölkədə demoqrafik vəziyyətə görə Rusiya ordusunda problemlər yaranıb. Bundan başqa, Rusiya jurnalistləri yazdığı kimi, Kadırov çeçen “könüllüləri”nin xidmətlərindən istifadə edərək onları Şərqi Ukrayna və Krıma göndərdi. Beləliklə də Rusiya hərbi rəhbərliyində qafqazlılar barəsində mənfi rəy yox oldu. Ancaq rusiyalı hərbi ekspert Aleksandr Qols bu bağlılığı inkar edir: "Şərqi Ukraynada hər şeydən əvvəl çeçen veteranları vuruşurdular, təcrübəsiz əsgərlər orada kömək göstərə bilməzdilər”. Ekspertin sözlərinə görə, çeçenlər özlərini polis və xüsusi xidmət orqanlarında darıxdırıcı hiss edirlər, onlar orduda da xidmət etmək istəyirlər.

Çeçenlər Krımda xidmət keçəcək?

Ancaq orduya çeçenlərin çağırışı ilə bağlı qərəzli münasibət hələ də qalır. Belə ki, hərbi çağırışa 7000 çüçündən yalnız 500-ü orduya çağırılır. Bu, olduqca kiçik rəqəmdir. Rusiya KİV-nin yazdığına görə, Kreml rəhbərliyinin öz siyasətini dəyişdirməsinə baxmayaraq, çeçenlərin heç də hamısı orduda xidmət etməyə həvəsli deyil. Axı, onların qohumları öldürülüb, bəziləri isə ümumiyyətlə yoxa çıxıb. Çeçenistan Respublikasında Rusiya ordusuna son böyük çağırış yeddi il əvvələ təsadüf edib. Amma etirazlar nəticəsində bu cəhd müvəffəqiyyətsizliyə uğrayıb. Valideynlər qorxurdular ki, onların oğulları vaxtilə Çeçenistanda vuruşan rus zabirlərinin diskriminasiyasına məruz qalacaqlar.

A.Qolsun sözlərinə görə, çeçen kampaniyalarında iştirak etmiş zabitlər hazırda çağırışçılarla birbaşa əlaqədə olmurlar. Amma rus cəmiyyətdə çeçenlər hələ də düşmənlər kimi qəbul edilməkdədir. Rusiyada mərkəzi bölgələrində qafqazlılara qarşı diskriminasiya davam edir. Keçən bazar günü Qroznıda baş vermiş terror aktı da göstərdi ki, regionda vəziyyət çox kövrəkdir.

Hələlik məlum deyil ki, Çeçenistan Respublikasının sakinləri harada xidmət keçəcəklər. Bu barədə konkret planlar yanvar ayının sonuna kimi açıqlanmalı olsa da müəyyən fikirlər səslənir. Bu fikirlərdən biri də odur ki, çeçenlər Krımda xidmət keçə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm