Türkiyəyə “vətəndaş müharibəsi” xəbərdarlığı edildi
Bizi izləyin

Dünya

Türkiyəyə “vətəndaş müharibəsi” xəbərdarlığı edildi

İŞİD terror qruplaşmasının təhdidi ilə üz-üzə qalan Türkiyə PKK-dan “vətəndaş müharibəsi” xəbərdarlığı alıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık Ankaranın kürd siyasi hərəkatları ilə müzakirələrə başlamayacağı halda Türkiyədə vətəndaş müharibəsi başlaya biləcəyini bildirib.

Cəmil Bayık qeyd edib ki, sulh prosesi canlandırılmasa, ölkə xaricinə çıxan PKK-çılar yenidən Türkiyəyə dönə bilər. O, sülh müddətinin sona çatdığını vurğulayıb.

PKK lideri, eyni zamanda, Abdullah Öcalanın İmralı adasında həbsxana şərtlərinin yaxşılaşdırılması, görüşlərin bərabər şərtlərlə davam etdirilməsi, konstitusiyada lazımi dəyişikliklərin edilməsi ilə bağlı zəmanətin verilməsi və atılacaq addımlarla əlaqədar üçüncü bir tərəfin müşahidəçi olaraq iştirakının təmin edilməsini istəyib. Cəmil Bayık hökumətin bu şərtləri qəbul etməyəcəyi halda geri çəkilən qrupların yenidən Türkiyəyə qayıdacağını qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar qarşıdakı günlərdə dəqiqləşəcək.

Cəmil Bayık PKK-nın atəşkəsə əməl etdiyi bir vaxtda Türkiyənin Suriyada kürdlərə qarşı ön cəbhədə döyüşdüyünü iddia edib.

PKK-nın Suriyadakı kürdlərə dəstək olub-olmayacağına gəlincə, o, buna ehtiyac olmadığını söyləyib: “Biz kimsəni Qərbi Kürdüstana göndərmək istəmirik. Əgər Türkiyə hökuməti döyüş üçün israr edərsə, Şimali Kürdüstan da döyüşün bir parçası olar".

Türkiyənin inkişaf naziri Cevdet Yılmaz isə dünən “kürd məsələsi”nin qarşısında duran çətinliklərdən danışarkən ölkəni narahat edəcək bir açıqlama verib. Türkiyəli nazir silahlı ünsürlərin hələ də dağlarda olduğunu bildirib.

“Silahların ölkə xaricinə çıxdığını görmədik. Fikrimcə, işin ən problemli tərəflərindən biri budur. Həll prosesi başlayanda silahlı ünsürlərin ölkədən çəkilməsi əsas şərtlərdən idi. Təəssüf ki, bunun həyata keçirildiyini görmədik. Yaşanan hadisələrlə da gördük ki, dağlarda silahlı ünsürlər var”, - deyə o, dilə gətirib.

Cevdet Yılmaz qeyd edib ki, silahlı ünsürlərin dağlarda qaldığı müddətdə tam mənası ilə həll müddətindən danışmaq mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm