Rusiya Krım-Ukrayna sərhədinə hərbi texnika toplayır
Bizi izləyin

Dünya

Rusiya Krım-Ukrayna sərhədinə hərbi texnika toplayır

Rusiya Federasiyası Simferopol və Ukrayna-Krım sərhədinə hərbi texnika toplayır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspertin məlumatına görə, Rusiya Federasiyasının Qara dəniz donanmasının sahil qoşunları tərkibində Simferopol şəhərində 8-ci artilleriya alayı formalaşdırılıb. Alay Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin komandanlığına tabe edilib. Artilleriya alayının silahlandırılmasına 60-a qədər reaktiv artilleriya sistemi (özüyeriyən qaubitsalar və “Tornado” RSZO), həmçinin tank əlehinə idarə olunan reaktiv raketlər daxil edilib.

D.Tımçuk qeyd edib ki, 8-ci artilleriya alayından başqa, dəniz piyada qoşununun 810-cu briqadası; 291-ci artilleriya briqadasının 943-cü reaktiv artilleriya alayı və 205-ci motoatıcı briqadasının formalaşdırılması prosesi davam edir.

Bir müddət əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko Rusiyanın diversantların hazırlanması üçün Krımda hərbi baza yaratdığını bildirib.

Onun sözlərinə görə, bazada təlim alacaq diversantlardan Ukraynanın materik hissəsində terror aktların törədilməsində istifadə olunacaq. Hərbi bazanın Simferopol şəhərinin yaxınlığında yaradılması nəzərdə tutulur. A.Lısenko qeyd edib ki, Rusiya Ukraynanın şərqinə muzdluların göndərilməsi və toplanması üçün Krımın ərazisindən istifadə etməkdə davam edir.

Təsadüfi deyil ki, D.Tımçuk iki gün öncə Krımda hərbi təlim keçən 100 nəfərlik silahlı qrupun Ukraynanın Donetsk vilayətinə keçdiyini xəbər verib. Hərbi ekspertin sözlərinə görə, silahlı qrup yaxşı silahlarla təchiz edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm