Qərbin neft siyasətinə Putinsayağı cavab: Kazak ssenarisi – Təhlil
Bizi izləyin

Dünya

Qərbin neft siyasətinə Putinsayağı cavab: Kazak ssenarisi – Təhlil

Bu gün Ukraynadan gələn həyəcanlı xəbərlər bir-birini əvəzləməkdədir. Əminliklə, demək olar ki, müxtəlif hadisələr təsadüfən eyni vaxtda baş verməyib.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb ki, ölkənin şərqində “Kazak Xalq Respublikası” yaradılıb. Hərbi ekspertin sözlərinə görə, Rusiya kazak silahlı birləşmələrinin nümayəndələri Sverdlovsk, Rovenkax və və Antrasit rayonları ərazisindəki yerli sakinlərə “Kazak Xalq Respublikası” yaradıldığı barədə məlumat veriblər. “Sverdlovskın girişində kazak blokpostları qurulub”, - deyə D.Tımçuk yazıb.

Bu gün yayılan digər bir məlumata görə, Luqansk vilayətində şiddətli döyüşlər gedir, yüzdən çox ukraynanlı hərbçi separatçıların mühasirəsinə düşüb. Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal vəziyyətin kritik olduğunu, ölü və yaralıların, həmçinin əsirlərin olduğunu bildirib. Vilayətin dövlət administrasiyasının sədri xeyli sayda hərbi texnikanın itirildiyini deyib.

“Luqansk vilayətinin Baxmutki avtomobil yolu ərazisində də terrorçularla Ukrayna hərbçiləri arasında toqquşmalar davam edirdi. Milli Qvardiyanın köməyinə gedən Ukrayna Silahlı Qüvvələrinin 80-ci aeromobil briqadası pusquya düşüb. Bizim tərəfimizdən zirehli texnika itkisi var. Ölən və yaralılar haqqında informasiya dəqiqləşdirilir”, - Gennadi Moskal vurğulayıb.

O bildirib ki, atəşin dayandırılması haqqında razılıq əldə etmək üçün ATƏT-in nümayəndələri “Luqansk Xalq Respublikası” rəhbərliyi ilə telefonla danışsalar da, bu cəhdlər nəticəsiz qalıb.

Moskal əlavə edib ki, Ukrayna hərbçilərini mühasirəyə salan “Don qoşununun 32-ci kazak alayı”nın döyüşçüləri “Luqansk Xalq Respublikası” separatçı quruma tabe olmurlar.

Bu iki hadisə ilə birbaşa bağlılığı olan üçüncü hadisə isə Rusiyanın Simferopol və Ukrayna-Krım sərhədinə hərbi texnika toplaması ilə bağlıdır. Bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspertin məlumatına görə, Rusiya Federasiyasının Qara dəniz donanmasının sahil qoşunları tərkibində Simferopol şəhərində 8-ci artilleriya alayı formalaşdırılıb. Alay Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin komandanlığına tabe edilib. Artilleriya alayının silahlandırılmasına 60-a qədər reaktiv artilleriya sistemi (özüyeriyən qaubitsalar və “Tornado” RSZO), həmçinin tank əlehinə idarə olunan reaktiv raketlər daxil edilib. D.Tımçuk qeyd edib ki, 8-ci artilleriya alayından başqa, dəniz piyada qoşununun 810-cu briqadası; 291-ci artilleriya briqadasının 943-cü reaktiv artilleriya alayı və 205-ci motoatıcı briqadasının formalaşdırılması prosesi davam edir.

Əslində hadisələrin belə bir ardıcıllığının siqnalları dünən gecə verilmişdi. Ukraynanın OUN” könüllü batalyonunun komandiri Boris Qumenyuk dünən bildirmişdi ki, Rusiya qoşunu bu gecə Donetsk aeroportuna hücum edəcək. Ryazanda yerləşən 137-ci desant-hücum alayının 45-ci alayının Ukrayna ərazisinə daxil olduğunu deyən Qumenyuk etibarlı kəşfiyyat məlumatları aldığını bildirmişdi.

“Bizim məlumatımıza görə, Rusiya qoşunları bu gecə Donetsk aeroportuna hücum etməyə hazırlaşır. Bizə üç müxtəlif mənbədən informasiya daxil olub. Onlardan biri Rusiya ərazisində, ikinci “DXR”də, üçüncüsü isə Ukrayna xüsusi xidmət orqanlarındadır”, - deyə batalyonun komandiri vurğulayıb.

Düzdür, Rusiya dünən gecə Donetsk aeroportuna hücum etmədi. Amma nə yüzlərlə ukraynalı hərbçinin mühasirəyə salınması və onlarla hərbi texnikanın məhv edilməsi, nə də “DXR” və “LXR”-dən sonra üçüncü separatçı qurum olan ““Kazak Xalq Respublikası”nın yaradılması Kiyev üçün heç də zəif zərbə deyildi.

Rusiya nə etmək istəyir və nə edir?

Bu sualın yalnız bir cavabı var. Rusiya mükəmməl fırtınanın episentrindədir. Ukraynadakı silahlı qarşıdurma ara verilib və Rusiya hər nə qədər Krımı ilhaq etsə də, Ukraynanın şərqində özündən asılı oyuncaq qurumlar yaratsa da kritik və əhəmiyyətli qonşu ölkədə strateji məğlubiyyətlə üzləşib. Bundan başqa, Ukraynadakı böhran Qərbi Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə, bu ölkə ilə çoxsaylı maliyyə və iqtisadi əlaqələri zəiflətməyə vadar etdi. Hazırda Kreml iqtisadi böhranla üz-üzədir və vəziyyət Ukraynadakı kimi kifayət qədər ciddidir. Bir neçə gün bundan əvvəl açıqlanan məlumata görə, iki gün ərzində Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarından 1,6 milyard dollar Rusiya rublunun dəyərinin saxlanılmasına xərcləyib. 2014-cü ilin əvvəlindən Rusiya Mərkəzi Bankı milli valyutanın məzənnənin saxlanılması üçün valyuta ehtiyatlarından 51 milyard dollar bazara çıxarıb. 2014-cü ildə Rusiya iqtisadiyyatını minimal yüksəliş gözləyir. Rusiyada xarici investisiyalar 50 faiz azalıb. Kreml məlum olduğu kimi 630 milyard dollar valyuta ehtiyatlarına malikdir. Ancaq bu vəsait yaranan çatların bağlanması üçün xərclənir.


Rusiyada maliyyə sabitliyi haqqında narahatlıq Kremldəki müxtəlif qruplaşmalar arasında ictimai döyüşlərin səbəbi olub. Hətta Putinin ən yaxın ətrafı belə vəziyyətin kritik olduğunu onun üzünə birbaşa deməkdən çəkinmirlər. Belə ki, Rusiyanın maliyyə naziri Anton Siluanov çərşənbə axşamı Putini hərbi xərcləri azaltmağa çağırdı. Rusiya 2015-ci ildə yenidən silahlanma üzrə 10 illik proqramın reallaşdırmasına başlamaq niyyətindədir. Proqramın ümumi dəyəri 770 milyard dollar təşkil edir. Siluanov sentyabr ayında büdcə layihəsinin müzakirəsi zamanı bu plana da qarşı çıxış edib.

Dünən isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (KQB) keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevin sahibi olduğu “The İndependent" qəzeti rus iqtisadiyyatının yaxınlaşan iflasından yazıb. Qəzet yazır ki, Moskva və Qərb arasındakı münaqişənin istisi investorları Rusiyadan qaçmağa məcbur edir.

“Rusiya ərzaq qiymətlər artır. Avropalılaşdırılan rus “elita”sı ölkədə iqtisadi təsərrüfatsızlığın gözlənilən ağır nəticələrindən ehtiyat edir. Hansı ki, oxşar səbəblər Sovet İttifaqını dağıtdı. Qərbin sanksiyaları ən böyük rus şirkətlərinin beynəlxalq maliyyə kanallarını kəsdi. Rusiya şirkətləri üçün energetika sektorunda istifadə olunan kritik əhəmiyyətli texnologiya əlçatmaz olub”, - deyə ingilis qəzeti yazır.

“The İndependent" xaricə gedən turistlərin sayının kəskin azalması nəticəsində onlarla turizm şirkətinin müflis olduğunu qeyd edir.

“Yalnız bu ilin ilk altı ayı ərzində investorlar Rusiyadan 75 milyard dollar çıxarıb. Rusiya “Əmanət bankı”nın keçmiş başçısı German Qref Moskvada bu ay keçirilən iqtisadi konfransda bildirdi ki, Sovet İttifaqı sovet rəhbərliyinin silkələyən səriştəsizliyinə görə dağıldı. Onlar iqtisadiyyatın inkişafı qanunlarına hörmət etmirdilər”, - deyə ingilis nəşri yazıb.

Bəzi analitiklər hesab edirlər ki, yeni iqtisadi reallıq Kreml başçısı Putini Ukrayna ilə bağlı daha mülayim siyasət yürütməyə məcbur edə bilər: “Çünki məhz bu məsələ Qərblə münaqişədə əsas yer tutur. Dövlət Dumasının müxalifətçi deputatı Rıjkovun fikrincə, Putinin ritorikası dörd ay əvvəlki dövrlə müqayisədə daha yumşaqdır”.

Elə Qərb də ümid edir ki, Rusiya sanksiyalar qarşısında uzun müddət davam gətirə bilməyəcək və təslim aktı imzalayacaq.

Mühacirətdə yaşayan rusiyalı iqtisadçı Quriyev isə belə düşünmür. Onun fikrincə, xarici investorlar üçün Rusiyanın cazibədarlığı həmişəlik məhv olub. “İnvestorlar anladılar ki, Putin üçün iqtisadiyyatın inkişafı prioritet deyil. Əgər Putin Krımla iqtisadiyyat arasında seçim etməli olsa, o Krımı seçəcək", - deyə Rusiyadan qaçan iqtisadçı vurğulayıb.

Ukrayna son bir gün ərzində baş verənlər də mühacirətdə yaşayan rus iqtisadçının haqlı olduğunu göstərir. İqtisadi baxımdan bataqlığa sürükləndikcə, Rusiya silahdan daha möhkəm tutur. Təbii ki, itiriləsi heç nəyi qalmayan Kremlin istənilən vasitələrdən istifadə etməsi istisna deyil. Elə Qərbin bir çox nüfuzlu analitikləri də hökumətlərini xəbərdar edirlər ki, sanksiyalar Putin hakimiyyətini daha da sərtləşdirir.

Qərb Rusiyanı sındırmaq üçün hələlik son vasitə olaraq neftin qiymətini aşağı salmaq siyasəti yürüdür. Moskva isə bundan bütün tərəflərin zərər çəkəcəyini bildirərək geri çəkilməyəcəyi mesajları verir.

Yeri gəlmişkən, Moskal bildirir ki, Ukrayna hərbçilərini mühasirəyə salan “Don qoşununun 32-ci kazak alayı”nın döyüşçüləri “Luqansk Xalq Respublikası” separatçı quruma ilə tabe olmurlar. Deməli, kazaklar həm də Moskvaya tabe olmurlar. Amma buna ən sadəlöhv insanlar belə inanmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm