Putindən ABŞ-a “nüvə nifaqı” ilə təhdid
Bizi izləyin

Dünya

Putindən ABŞ-a “nüvə nifaqı” ilə təhdid

Qərbin ağır sanksiyaları altında ağır günlər yaşayan Rusiya Federesiyasının prezidenti Vladimir Putin əsas rəqibi ABŞ-ı növbəti dəfə nüvə silahı ilə təhdid edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Belqrad səfəri çərçivəsinə Serbiya mətbuatına müsahibə verən Kreml rəhbəri ABŞ-ı dövlətlər arasındakı “nüvə nifaqı” və nüvə silahının sabitlik üçün təhlükəni xatırlamağa çağırıb.

Rusiya dövlət başçısı ümid etdiyini bildirib ki, ABŞ strateji sabitlik üçün böyük nüvə dövlətləri arasında nifaqın nə ilə nəticələnə biləcəyini xatırlayacaq və Rusiyanı şantaj etməkdən imtina edəcək.

O, müsahibəsində həmçinin qeyd edib ki, ABŞ Rusiyaya qarşı düşmənçilik aparır. Putin Vaşinqtonun düşmənçiliyinin Rusiyaya qarşı sektor sanksiyalarından formalaşdığını dilə gətirib.

“Həmçinin bu da faktdır ki, ABŞ prezidenti Barak Obama Ebola virusundan sonra dünya üçün növbəti təhlükənin Rusiya olduğunu bildirib. O, Rusiyanın İŞİD qruplaşmasından belə təhlükəli olduğu qənaətindədir”, - deyə müsahibədə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, bu, Rusiya prezidentinin ABŞ başda olmaqla Qərbə etdiyi ilk nüvə hədəsi deyil. V.Putin avqust ayında keçirilən “Seliger-2014 Gənclik Forumu”nda “Rusiyaya qarşı bir hücum olarsa, bunun cavabını çox pis verəcəyik. Ortaqlarımız hansı xarici siyasət yürüdürsə yürütsün, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər” deyib.


Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladan Putin qeyd edib ki, Rusiyanı təcrid etmək planı dünyanı genişmiqyaslı qarşıdurmaya aparır. “Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə sənayesini inkişaf etdirəcək. Rusiya dünyanın ən böyük nüvə ölkələrindən biridir. Bu bir reallıqdır”, - deyə Putin bildirib.

Bundan daha əvvəl isə - Krım Muxtar Respublikası və Sevastopolda müstəqillik referendumunun keçirildiyi 16 mart tarixində rusiyalı teleaparıcı, Kremlə yaxınlığı ilə seçilən və Kremlin ruporu sayılan Dmitri Kiselyov nüvə təhdidi ilə çıxış edib. Teleaparıcı “Rossiya-1” telekanalının “Vesti nedelyi” verilişində Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin mümkünlüyündən danışıb.

“Rusiya ABŞ-ı radioaktiv külə döndərə biləcək yeganə ölkədir”, - deyə Kiselyov dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm