Bakıda 3 ildə 1 milyon manat pul oğurladı
Bizi izləyin

Dünya

Bakıda 3 ildə 1 milyon manat pul oğurladı

17 yaşlı oğru əldə etdiyi pulları gecə klublarında qızlara xərclədiyini açıqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı adamlardan 1 milyon manatdan çox pul oğurlayan Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Teleqraf.com-un xəbərinə görə, prokuror bildirib ki, Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulmuş Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi məlum olub. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, İsmayıl Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla 17 yaşlı peşəkar oğrunun başqa rayonlarda da çoxsaylı mənzilləri talaması məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb.

İstintaq həmçinin müəyyən edib ki, İsmayıl Qəhrəmanovun ələ keçirdiyi sərvət 1 milyon manat civarında olub. Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb.


Məhkəmədə ifadə verən İsmayıl Qəhrəmanov özünü təqsirli bilib. O, ifadəsində deyib ki, pulları dostları ilə qızlara xərcləyib. Onun sözlərinə görə, oğurluqdan əldə etdiyi pulları gecə klublarında qızlara xərcləyib. O, daha sonra qeyd edib ki, yoxsulluqdan əziyyət çəkən yaxın qohumlarına da əl tutub. O, cinayət əməllərinə 2011-ci ildən başladığını deyib: “Ən sanballı oğurluq əməllərim isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlamışam”.

Mənzilləri seçərkən diqqətlə hərəkət etdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayıb, sınaq cəhdləri edib: “Evlərə isə əsasən, binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurdum”.

Daha sonra prosesdə bir neçə zərərçəkmiş ifadə verib. Məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm