• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyalı ekspert: “Rusiya liderinin “əvəz edilməsi” üzrə planlar yetişir”

  • Dünya
  • 20 Oktyabr 2014 17:12
  • 566 Baxış
Rusiyalı ekspert: “Rusiya liderinin “əvəz edilməsi” üzrə planlar yetişir”

Qərbin və Rusiyanın tətbiq etdiyi qarşılıqlı sanksiyaların müddəti uzandıqca sanksiyalardan şikayətlənənlərin də sayı artır. Çexiya Respublikası Aqrar palatasının keçmiş prezidenti, hazırda senator olan Yan Veleba Avropa Birliyinin Rusiya ilə bağlı sanksiyalar siyasətini tənqid edib.

Publika.az-ın Rusiyanın “İnoSMİ” nəşrinə istinadən verdiyi məlumata görə, çexiyalı senatorun fikrincə, Avropada ciddi və obyektiv analiz çatışmır.

Avropa ayılanda gec olacaq

O hesab edir ki, əks halda, Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların real nəticələrini qiymətləndirərdi: “Artıq bu gün aydın ki, Avropa Birliyinin ərzaq və kənd təsərrüfatı məhsullarına Rusiyanın tətbiq etdiyi embarqodan çex istehsalçıları əzab çəkirlər. Bir tərəfdən, sex istehsalçıları Rusiya kimi əhəmiyyətli ixrac istiqamətindən məhrum oldular. Digər tərəfdən isə Çexiya bazarını Polşadan ucuz məhsullar doldurmağa başladı. Belə olan halda isə qaçılmaz nəticələrlə üz-üzə qalmalı olacağıq. Bir çox çex istehsalçı yalnız istehsalı məhdudlaşdırmayacaq, həm də istehsal müəssisələrini bağlamağa məcbur olacaq”.

Senator əmindir ki, bir neçə il sonra Avropa oyanacaq və bu zaman artıq gec ola bilər: “Rusiya tətbiq etdiyi embarqoları ilə yeni eksportçulara - hər şeydən əvvəl Braziliya, Avstraliya, Türkiyə və Çinə yaşıl işıq yandırdı. Onlar tezliklə Rusiyada möhkəm mövqe tutacaqlar. Bundan sonra isə Avropa istehsalçıları Rusiya bazarına qayıtmaq imkanından praktik olaraq məhrum olacaq”.

Senator Çexiya prezidenti Miloş Zemanın Rodos adasında çıxışını yüksək qiymətləndirib. Rus dilində danışan Zeman Rusiyaya qarşı sanksiyaları tənqid edib. Y.Veleba bir çox çex müxalifətçidən fərqli olaraq əmindir ki, prezidentin çıxışı, onun intonasiyası və məzmunu çox münasib idi.

Zeman rus agentidir?

Çexiyalı jurnalistləri prezidentin bəyanatlarını ziddiyyətli şəkildə şərh etməkdə davam edirlər. Publisist Yan Maxaçek “RESPEKT” jurnalında prezidentin məlum çıxışını şərh edərək bildirib ki, onun rusmeyilli çıxışının arxasında ritorika gizlənir. Y.Maxaçekin fikrincə, ola bilsin ki, M.Zeman Rusiya agentidir.

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus isə hesab edir ki, Rusiya artıq Brejnevin vaxtındakı SSRİ deyil və ondan qorxmağa ehtiyac yoxdur. “Reportér” jurnalında dərc etdirdiyi məqalədə publisist Karel Şteyqervald sabiq prezidentin mövqeyini kəskin şəkildə tənqid edib.

K.Şteyqervald bu iddianı əsassız hesab edir. O, Rusiya əsla dəyişmədiyini və Rusiyanın imperiya ambisiyalarının heç bir yerə itmədiyini bildirib.

Amerikalı ekspertlər isə Macarıstanın baş naziri Viktor Orbanı qınayırlar ki, o, özünə nümunə kimi Rusiya prezidenti Vladimir Putini seçdi və Macarıstanı "putinizm" yoluna qalxdı. Amerikalı politoloq Fərid Zəkəriyyə Orbanın mövqeyini qeyri-liberal demokratiya adlandırıb. Onun sözlərinə görə, Orbanın Macarıstanda yaratmaq istədikləri millətçilik, din, dövlət kapitalizmi və hökuməti tərəfindən KİV-ə nəzarətə əsaslanır. F.Zəkəriyyə məhz belə quruluşun hazırda Rusiyada mövcud olduğunu vurğulayıb.

Aralıq nəticələri

Çexiyanın bəzi jurnalistləri bu gün də “Ukrayna münaqişəsi nə ilə qurtardı” sualına cavab tapmağa çalışırlar. Jurnalist Martin Novak “Aktuálně.cz” saytında dərc etdiyi bir məqaləsində “Putin Ukraynada udmadı. O, tamamilə dahi strateq deyil. Vladimir Putin Ukraynada məğlubiyyətə düçar oldu” yazıb.

“İlk baxışda görünə bilər ki, Putinin Rusiyası qələbə qazanıb. Axı Putin Krımı zəbt edib, Avropa Birliyi ilə Ukraynanın assosiasiyası haqqında müqaviləsinin icrasını təxirə salmağı bacarıb. Ancaq vəziyyətə daha geniş baxılsa aydın olur ki, Putin nəyə nail olub. Putinin qazandıqları ukraynalıların Rusiyaya nifrətidir və Rusiyaya qarşı yaranan vətənpərvərliyin dalğasıdır. Təəccüblü də olsa hazırda görünən budur ki, Rusiyaya qarşı qəzəb və nifrət Ukraynanın qərb və şərq hissələrini birləşdirdi”.

M.Novak bir neçə gün əvvəl “GfK Ukraine” təşkilatının keçirdiyi sorğunu xatırladır. Xatırladaq ki, Ukraynada ölkə vətəndaşlarının Rusiya prezidenti Vladimir Putinə münasibəti ilə bağlı bir sorğu keçirilib. Sorğu Ukrayna vətəndaşlarının Kreml rəhbərinə münasibətinin yaxşı olmadığını üzə çıxarıb.

Sorğunun nəticələrinə əsasən respondentlərin 6 faizi Vladimir Putinə hörmət edirlər, 4 faiz ona şəfqət hiss edir, yalnız 3 faizi Rusiya prezidentindən qorxur. Respondentlərin 15 faizi cavab verib ki, Rusiya prezidentinə qarşı heç bir hissə malik deyil. 16-19 yaşı yaşlı gənclər və yaşı 60-dan çox insanların 47 faizi Putinə nifrət etdiyini bildirib. 20-29 yaş arası ukraynalıların 22 faizi Rusiya preizdentinə laqeyd olduğunu deyib.

Orta gəlirli ukraynalılar Putinə daha çox nifrət edirlər.

M.Novak əmindir ki, Avropada Macarıstanın baş naziri və Çexiya prezidenti kimilərinin siyasi çəkisi çox deyil.

“Lidovky.cz” portalına müsahibə verən ekspert Yuri Fyodorov Rusiyada daxili münaqişələri və Putini gözləyən problemləri qabaqcadan gördüyünü dilə gətirib. Mühacirətdə olan rus eksperti əmindir ki, Krımın zəbt edilməsindən sonra Rusiya prezidenti ən çox özünün ətrafından qorxmağa başlayıb. Y.Fyodorov hesab edir ki, Putinə yaxın insanlar onların kapitallarına və biznesinə zərər gətirən sanksiyalar razı deyillər:

“Buna görə də istisna edilmir ki, Kremldə Rusiya liderinin “əvəz edilməsi” üzrə planlar yetişir. Amma Putinin kiminlə əvəz ediləcəyi böyük sualdır. Hesab edirəm ki, bu şəxs geniş dairələr üçün münasib və kifayət qədər güclü mövqeyə malik olmalıdır. Putini əvəz edən şəxs onun hazırkı siyasi kursunu dəyişdirməyi bacarmalıdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR