• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyə “Kobani dəhlizi”ni niyə açdı? – Ankaraya verilən mesajlar və qazanclar – TƏHLİL

  • Dünya
  • 21 Oktyabr 2014 13:59
  • 1 134 Baxış
Türkiyə “Kobani dəhlizi”ni niyə açdı? – Ankaraya verilən mesajlar və qazanclar – TƏHLİL

Xəbər verildiyi kimi, Türkiyə hökuməti Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələrinin (peşmərgə) Türkiyə torpaqlarından İŞİD-PYG (kürd özünümüdafiə dəstələri) qarşıdumaların yaşandığı Suriyanın Kobani bölgəsində keçməsinə icazə verib.

Bu xəbəri Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da təsdiqləyib.

“Kobani dəhlizi”nin marşrutları

Artıq Kobaniyə keçmək istəyən peşmərgələrin hərəkət marşrutu da bəllidir. Türkiyə mediasının məlumatına görə, silah və peşmərgə birliklərinin Kobaniyə keçirilməsi üçün iki marşrutdan istifadə ediləcək.

1.Bu marşrutdan istifadə ediləcəyi halda silah və hərbi qüvvələr İraqın şimalındakı Zaho sərhəd məntəqəsindən Şırnakın Silopi mahalına keçəcək və İpək yolu olaraq tanınan yolla Kobaniyə çatdırılacaq.

2.Silah və peşmərgə gücləri İraq-Suriya sərhədindəki Fişhabur sərhəd məntəqəsindən keçərək Suriyanın şimalındakı və PYD-nin nəzarəti altında olan Rasulayn sərhəd qapısından Şanlıurfa vilayətinin Ceylanpınar mahalına daxil olacaq, buradan isə Viranşehir yolu ilə Kobaniyə çatdırılacaq. Bu marşrutu həm də daha əvvəllər PYD lideri Saleh Müslimin təklif etdiyi Serekaniye-Kobani dəhlizinin keçdiyi marşrutudur.

İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani peşmərgə silahlılarının 48 saat ərzində Kobaniyə daxil olması haqqında göstəriş verib. Amma Kobaniyə göndəriləcək silahlı birləşmələrin saylarının nə qədər olacağı barədə açıqlama verilməyib.

Halbuki…

Hələ bu ayın əvvəllərində İraq regional kürd rəhbərliyinin başçısı İŞİD-in 2 min silahlısı ilə mühasirəyə aldığı Kobani üçün Türkiyəyə müraciət etmiş və peşmergenin Kobaniyə keçməsi üçün rəsmi olaraq icazə istəmişdi. M.Bərzani coğrafi şərtlərin Suriyanın Kobani bölgəsinə peşmergenin göndərməsinə maneə törətdiyini bildirmişdi.

“Biz Kobaniyə peşmerge gücü göndərməyi istəyirik. Ancaq coğrafi şərtlər Kobaniyə peşmerge göndərməyimizə maneə törədir. Qısa zaman ərzində İŞİD terrorçularına ağır bir zərbənin endirilməsinə ümid edirik”, - deyə M.Bərzani söyləmişdi.

İŞİD isə İraq və Suriyadakı müxtəlif cəbhələrdə vuruşan silahlarını Kobani istiqamətinə gətirməyə başlamışdı. Terror qruplaşmasının irəliləyişini ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri də saxlaya bilmirdi. ABŞ təyyarələr vasitəsilə kürd silahlı qüvvələrə silah çatdırmaq cəhdinin isə lazımı nəticə verməyəcəyi dünən məlum oldu. ABŞ təyyarələrin kürdlərə atmaq istədiyi bir çox silahlar səhv ünvanlara çatdı və ABŞ sonradan onları məhv etmək məcburiyyətində qaldı. Beləliklə, həm kürdlər, həm də ABŞ başqa olmaqla Qərb Kobaninin xilas etmək üçün yeganə yolunun Türkiyənin ürəyinə yol tapmaq olduğunu başa düşürdü. Və buna nail də oldular.

Halbuki, Türkiyə rəsmiləri həm İŞİD-in, həm də PYG-nin terror təşkilatı olduğunu bildirərək dəhliz məsələsinə müsbət cavab vermirdi.

Türkiyə üçün nə dəyişdi?

Türkiyənin sonadək bu istəklərə qarşı çıxması ağlabatan deyildi. Qərbin və kürdlərin Türkiyənin qarşısına çıxardığı və çıxara biləcəyi bir neçə problem Ankaranı “hə” deməyə məcbur etdi.

Bu problemlər aşağıdakılardır:

Mesaj 1: istənilən vaxt Türkiyəni qarışdıra bilərik. Oktyabr ayının ilk ongünlüyündə Türkiyənin cənub-şərq əyalətlərində insanlar küçələrə çıxarıq zorakılıqlara başladı. Əhalinin əhəmiyyətli hissəsi kürdlər olan bu əyalətlər hakimiyyətdən kürd şəhəri sayılan Kobanini İŞİD-dən xilas etməyi tələb edirdilər. Peşmərgələrə dəhliz açılması məsələsi də tələblər arasında idi.

Etiraz aksiyaları nəticəsində artıq 30-a qədər insan həlak oldu. Qeyd edək ki, insanlara “küçələrə çıxın” çağırışını məhz Türkiyənin kürd siyasi lideriləri etmişdi.

“Rəsmi Ankaranın diqqətinin daxili problemlərə daha çox yönəlməsi bir o qədər Əsədi devirmək cəhdlərini azaldacaq. Ola bilər, Türkiyəyə sübut etmək istəyirlər ki, kimsə burada istənilən vaxt burada qarışıqlıq yarada bilər. Mən hesab edirəm ki, bu mesajlar nəzərə alınmalıdır”, - deyə türkiyəli ekspert Toğrul İsmayıl vurğulayırdı.

Mesaj 2: “Kürd məsələsi” üzrə danışıqlardan çəkilə bilərik. Oktyabrın 13-də Türkiyə PKK-dan “vətəndaş müharibəsi” xəbərdarlığı aldı. PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık Ankaranın kürd siyasi hərəkatları ilə müzakirələrə başlamayacağı halda Türkiyədə vətəndaş müharibəsi başlaya biləcəyini bildirdi. “Kürd məsələsi” tələbinin arxasında dayanan məqamlar əslində tamamilə Kobani məsələsi ilə bağlı idi.

Türkiyənin inkişaf naziri Cevdet Yılmaz da xəbərdarlığın arxasında dayanan təhlükənin böyük olduğunu etiraf etdi. “Silahların ölkə xaricinə çıxdığını görmədik. Fikrimcə, işin ən problemli tərəflərindən biri budur. Həll prosesi başlayanda silahlı ünsürlərin ölkədən çəkilməsi əsas şərtlərdən idi. Təəssüf ki, bunun həyata keçirildiyini görmədik. Yaşanan hadisələrlə da gördük ki, dağlarda silahlı ünsürlər var”, - deyə o, dilə gətirmişdi.

Mesaj 3: Adın İŞİD-lə eyniləşdiriləcək. Qərb mediasında Türkiyənin İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğunu göstərən silsilə materiallar əlbəttə ki, ümumi məqsədə xidmət edirdi. ABŞ-ın ölkənin siması sayıla biləcək qəzetlərindən olan “Nyu York Tayms”ın Türkiyənin İŞİD-dən neft aldığı barədə iddiaları Ankaraya qarşı aparılan qarayaxma kampaniyasının kiçik bir hissəsi idi. İŞİD üzvlərinin Türkiyədə yerləşən düşərgələrdə təlim keçməsi, İŞİD yaralılarının Türkiyə xəstəxanalarında müalicə alması, İŞİD üzvlərinin Türkiyənin sərhədyanı yaşayış məntəqələrində əlini-qolunu yelləyərək gəzməsi barədə iddialar Ankaraya edilən təzyiqin bir hissəsi idi. Demək olar ki, Türkiyə qarayaxma kampaniyası və “dikbaşlığın” ilk mənfi “nəticələrini artıq gördü. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Türkiyə İspaniyaya uduzdu.

Deməli, bütün bu mesajlar artıq Türkiyə tərəfindən qəbul olunub.

Türkiyənin qazancı nə ola bilər?

1.Şimali İraqın zəngin enerji ehtiyatları. Bu ilin əvvəllərində həm ABŞ, həm də mərkəzi Bağdad hökumətinin etirazlarına baxmayaraq, Ərbil ilə Ankara arasında Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik alqı-satqı kontraktı imzalanıb.

Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı isə 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. İlk olaraq 4 milyard kubmetr ilə başlayacaq ixracatın müəyyən zaman içində 20 milyard kubmetrə qədər çatdırılması nəzərdə tutulur.
Məlumata görə, Şimali İraqdan Türkiyəyə çatdırılacaq təbii qazın qiyməti sabit olacaq və kontraktın qüvvədə olduğu dövrdə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kubmetrinin təxminən 250 dollara alınacağı gözlənilir.


Rəsmi Ankaranın son dövrlərdə kürd muxtariyyəti ilə enerji və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirməyə böyük önəm verir. Şimali İraq kürd muxtariyyətinin nefti artıq Türkiyə limanlarından dünya bazarına ixrac olunmağa başlayıb və muxtar quruma milyonlarla dollar gəlir gətirir.

Enerji ehtiyatlarına görə, tamamilə xaricdən asılı olan Türkiyə son vaxtlar qonşuluqda yerləşən kürd muxtariyyəti ilə münasibətlərini yaxşılaşdırıb. Bərzaninin Kobaniyə dəhliz istəyinin isə geri çevrilməsi bu münasibətlərə böyük ölçüdə zərbə vura bilər və bu ilk növbədə Qərbin planlarına uyğun olardı. Ankara bir qədər geciksə də kürd muxtariyyəti ilə münasibətlərin pisləşəcəyi halda ona gətirəcəyi zərərlərin miqyasını başa düşdü.

Digər tərəfdən, kürd müxtariyyəti peşmərgələrinin Kobaniyə keçişinə icazə almaqla Ankaraya “borclu” oldu. Bu “borcu” ilə Ərbil gələcəkdə Türkiyəyə daha sərfəli neft-qaz müqavilələri təklif etməklə ödəyə bilər.

2.Suriyadakı kürdlərin muxtariyyət sevdası təxirə salına bilər. Suriyada Türkiyə sərhədi ilə bitişik bölgələrdə PYD-nin nəzarətində kürd özünüidarə bölgələri yaranıb. İraqda onsuz da yarı müstəqil kürd bölgəsi var. Ankara isə İraqdan sonra ikinci bir ölkədə kürd muxtariyyətinin yaranmasını qəbul etmək istəmir. Artıq İraq Konstitusiyasında da təsbit olunan Şimali İraq kürd muxtariyyətindən fərqli olaraq PYD-nin yaratdığı kürd muxtariyyəti qeyri-legitimdir. Ehtimal etmək olar ki, Türkiyə Kobaniyə dəhliz açılması qarşılığında müəyyən istəkləri olub və onlardan biri də Suriyada kürd muxtariyyətinin rəsmiləşdirilməsinə icazənin verilməməsidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR