Ermənistan işğal etdiyi 7 rayonu qaytarmalıdır – Rəsmi Berlin
Bizi izləyin

Dünya

Ermənistan işğal etdiyi 7 rayonu qaytarmalıdır – Rəsmi Berlin

Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştanmayerin Azərbaycana səfəri ərəfəsində Almaniya hökuməti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini dərc edib.


Publika.az xəbər verir ki, rəsmi Berlin bildirib ki, Qarabağda Ermənistanın nizami ordusu var: “İşğal edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qaytarılması münaqişənin həlli istiqamətində aparılan danışıqlarda irəliləyiş üçün əsas şərtdir”.


Qeyd edək ki, rəsmi Berlin bu mövqeyini Bundestanqda Sol kommunist fraksiyası Almaniya Federal hökumətindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində aldığı rol üzrə təfsilatlı hesabat tələb edən sorğusuna cavabında bildirib.

Açıqlamada bildirilir ki, federal hökumət Dağlıq Qarabağ münaqişəsinə Ermənistan və Azərbaycan arasında baş verən dövlətlərarası münaqişə kimi baxır. Sorğuya cavabda rəsmi Berlin qeyd edir ki, “Dağlıq Qarabağ Respublikası”nın malik olduğu 23 min əsgərdən ibarət “özünümüdafiə gücləri”nin 8 mini Ermənistanın nizami ordusunun hərbi qulluqçularıdır (dırnaqlar orijinalda belədir).

“Özünümüdafiə gücləri” təcili çağırış hesabına yığılır ki, yenə də ora Ermənistandan əsgər aparılır”, - deyə bildirilir.

Bununla rəsmi Berlin ermənilərin illərdir “Qarabağ xalqı” kimi münaqişəyə qatmaq istədiyi tərəfi rədd edir. Həmçinin qondarma “DQR”-in əslində erməni əsgərlərindən ibarət orduya malik olduğunu diqqətə çatdırıb.

Federal hökumət Ermənistan və Azərbaycanın hərbi xərclərindən konkret statistik məlumatlar gətirir. Burdan görünür ki, ümumi büdcəyə görə Ermənistanın hərbi xərcləri Azərbaycanın hərbi xərclərini xeyli qabaqlayır.

Belə ki, 2009-cu ildə Azərbaycanın hərbi xərcləri büdcənin 9,7 faizini təşkil edib. 2010-cu ildə bu, 8,7, 2011-ci ildə 13,5, 2012-ci ildə 12,7, 2013-cü ildə 11,4 faiz olub.

Ermənistanda isə 2009-cu ildə büdcənin 12 faizi hərbi xərclərə yönəlib. 2010-cu ildə bu 17,2, 2011-ci ildə 16, 2013-cü ildə 15,5, 2014-cü ildə isə 15,6 faiz olub.

Rəsmi Berlin əlavə edir ki, “Madrid prinsipləri” əsasında aparılan danışıqlar faktiki olaraq dalana dirənib.

“Almaniya federal hökuməti hesab edir ki, erməni tərəfi heç olmasa Dağlıq Qarabağın ətrafındakı əraziləri azad etsə, o zaman bu “Madrid prinsipləri” ilə Azərbaycanın razılığı üçün ilkin şərt olacaq. Xüsusi halda, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin ediləcək”, - deyə federal hökumət vurğulayır.

Tanınmamış “DQR” rejimi tərəfindən Xocalı aeroportunun mümkün açılışına toxunan rəsmi Berlin qeyd edib ki, tərəflər qarşıdurmanı təşviq edən hərəkətlərdən əl çəkməlidir. Əks təqdirdə, bu, regionda vəziyyəti kəskinləşdirə bilər.


“Qarabağda yaşayan əhali elementar ictimai xidmətlərdən belə məhrumdur. Həmçinin, işğal altında olan Dağlıq Qarabağ ətraf rayonlarda Azərbaycan qəbiristanlıqları lazımi səviyyədə qorunmur. Onlar məhv olmaq təhlükəsi ilə üz-üzədir”, - deyə federal hökumət sorğuya cavabında bildirir.


Almaniyanın bu mövqeyini İrəvan üçün illərdir apardığı təbliğat fonunda böyük zərbə hesab etmək olar. Xüsusilə, alman xarici işlər nazirinin regiona səfəri ərəfəsində belə mövqeyin sərgilənməsi diqqət çəkir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm