Putinin keçmiş məsləhətçisi Kremlin 2017-ci ilə kimi planlarından danışdı
Bizi izləyin

Dünya

Putinin keçmiş məsləhətçisi Kremlin 2017-ci ilə kimi planlarından danışdı

“Kreml 2017-ci ilə qədər Ukraynanın müstəqilliyinə son qoymaq niyyətindədir”.

Publika.az-ın “Amerikanın səsi” radiostansiyasına istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə Rusiya Federasiyası prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov çıxış edib.

ABŞ-ın Katona İnstitutunun elmi işçisi A.İllarionov proqnozlaşdırır ki, Kreml növbəti iki il ərzində Ukraynanın müstəqilliyinə son qoymaq üçün bütün mümkün və qeyri-mümkün resursları səfərbər edəcək. Putinin keçmiş məsləhətçisi ukraynalılara məsləhət görür ki, Ali Radaya keçiriləcək seçkilərdə səs verəcəyi namizədləri diqqətlə öyrənsinlər. “Çünki namizədlər arasında Kremlə meylli xeyli insan var. Onlar hətta demokratik adlandırılan güclərin tərkibində də yer alıb”, - deyə İllarionov bildirib.

Onun sözlərinə görə, Kreml üçün hazırda əsas məsələ onun planlarına kömək edəcək və parlament qərarlarının qəbul olunmasına maneə yaradacaq böyük bir qrupun yaradılmasıdır: “Ali Radanın işini pozmaq Ukrayna parlamentində deputat kresloları uğrunda mübarizə aparan Kremlə yaxın güclərin qarşısında duran əsas məsələdir. Amma faktiki olaraq yeni parlamentin birinci iclaslarına qədər bu şəxslərin adlarını bilmək mümkün deyil. Moskva taktikanı dəyişdirib. Kreml indi daha hiyləgər və yaradıcı şəkildə hərəkət edir. Əlbəttə ki, böyük resurslardan əhəmiyyətli dərəcədə istifadə edir. “Yaşıl adamcığaz”ların yerinə başqa “yaşıl arqumentlər”dən istifadə edilir”.

O xəbərdar edir ki, Kreml hadisələrin istənilən inkişafında Ukraynada stabilliyi pozmaq cəhdlərindən əl çəkməyəcək. “Fikrimcə, növbəti iki il, xüsusilə qarşıdakı qış və növbəti ilin sonuna kimi olan dövr daha təhlükəli olacaq. Ukraynalılar isə Putinin emosional şayiələrinə təslim olmamalıdır. Putin öz planlarının həyata keçirilməsi üçün ən əlverişli dövr kimi növbəti iki ili hesab edir. Belə ki, 2017-ci ilin yanvarına kimi Birləşmiş Ştatların yeni prezidenti seçilməyəcək. Kremlin rəhbəri inanır ki, ABŞ-ın hazırkı lideri Barak Obama Moskvanın işğalçılıq ambisiyalarına mane ola bilməyəcək", - deyə Putinin keçmiş məsləhətçi proqnozlaşdırır.

Amerikanın səsi” radiostansiyası xatırladır ki, Putinin keçmiş məsləhətçisi hələ Krımın zəbt edilməsinə qədər Kiyev hakimiyyətinə Rusiya ilə sərhədi bağlamağı məsləhət görürdü. A.İllarionov qeyd edirdi ki, Ukrayna-Rusiya sərhədləri vasitəsilə hərbi texnika və muzdlular keçəcək. O həmçinin Şərqi və Cənubi Ukraynanın hava məkanını bağlamağı, Azov və Qara dənizlərinin sahilini nəzarət altına götürməyi təklif edirdi.

Məlum olduğu kimi, Ukraynanın müvəqqəti hökuməti və prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı bu təklifləri yerinə yetirməyib. Nəticədə, Luqansk və Donetsk vilayətlərinin Rusiya ilə sərhəd əraziləri separatçılar və Rusiya muzdluların nəzarəti altına keçdi. Sərhədin bu hissəsi vasitəsilə separatçılar üçün hərbi texnika, muzdlular və döyüş sursatı gətirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm