• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ruhanidən etiraf: “İranın inkişafı bundan asılıdır”

  • Dünya
  • 23 Oktyabr 2014 19:22
  • 502 Baxış
Ruhanidən etiraf: “İranın inkişafı bundan asılıdır”

“İranın nüvə proqramı üzrə razılaşmanı müəyyən edilmiş vaxtda imzalamaq mümkündür”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Huhani bildirib.

“Biz “altılıq”la danışıqlarda düzgün yoldayıq. Buna görə də 24 noyabrda yekun razılığa gəlmək ehtimalı böyükdür. Əlbəttə danışıqlar asan keçmir. Amma təcrübə göstərir ki, danışıqların müvəffəqiyyətlə başa çatdırılması tamamilə realdır. İran İslam Respublikasının iqtisadi inkişafı xarici dünya ilə münasibətlərin yaxşılaşmasından asılıdır. İran sanksiyalara baxmayaraq, qonşu və dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir”, - deyə İran prezidenti qeyd edib.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

İranın “altılıq”la (Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü - Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) apardığı danışıqlarda İranın Ərak ağır su nüvə reaktoru məsələsi danışıqlarda əsas əngəl daşı hesab olunur. Bundan başqa nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır. Tərəflər danışıqların əvvəlki raundlarında uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşıb.

Rusiya Proqnozlaşdırma və Siyasi Münaqişələrin Nizama Salınması üzrə İnstitutunun sədr müavini, beynəlxalq məsələlər üzrə ekspert Aleksandr Kuznetsov qeyd etdi ki, İranın nüvə proqramı üzrə danışıqların nəzərdə tutulmuş vaxtda tamamlanması üçün yüzfaizli zəmanət yoxdur.

“Düzdür, İran nüvə proqramı ətrafında vəziyyət kifayət qədər dinamik inkişaf edir. Amma son addım atmaq üçün nələrsə çatışmır. Nüvə problemi üzrə danışıqlar prosesini irəli çəkmək bu gün Amerika üçün kifayət qədər sərfəlidir. Çünki Vaşinqton İrandan güzəştləri mümkün qədər tez almaq istəyir. Məlum olduğu kimi, İran uranın 20 faiz zənginləşdirilməsinin 5 faizə qədər azaldılmasına razı olub. Mümkündür ki, ABŞ İrandan Yaxın Şərq, xüsusilə Suriya məsələsində hansısa güzəştlər tələb edəcək. Mən prosesin inkişafı ilə bağlı çox optimist deyiləm, amma indi məlum olur ki, Avropa Birliyinin Vaşinqtonun böyük təzyiqi var. Avropa Birliyi özünün neft və təbii qaz problemini həll etmək istəyir. İran da öz növbəsində təbii qazı və neftini Avropa bazarına çıxarmaq istəyir. ABŞ-ın özündə də biznesmenlərin aktiv lobbisi var”, - deyə Kuznetsov bildirib.

Kuznetsovun sözlərinə görə, nüvə proqramı üzrə razılaşmanın imzalanması üçün son gün olaraq göstərilən 24 noyabrda danışıqların tamamlanması ehtimalı yalnız 30 faizdir: “Yekun razılaşmanın əldə olunması mümkündür. Amma bu ehtimal yüz faiz deyil, yalnız otuz faizdir. Həm da başa düşmək lazımdır ki, nüvə razılaşmasının əldə olunması sanksiyaların avtomatik ləğvi anlamına gəlmir. Sanksiyaların tətbiqi kifayət qədər asandır, amma onların ləğv olunması üçün illər lazımdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR