“Oyan Avropa, Putin qışa kimi…” – Amerikalı milyarderdən şok iddia
Bizi izləyin

Dünya

“Oyan Avropa, Putin qışa kimi…” – Amerikalı milyarderdən şok iddia

“Rusiya Avropanın mövcudluğunu təhlükə altına atdı. Avropa liderləri, nə də avropalılar bunu tamamilə anlamırlar”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Açıq Cəmiyyət İnstitutunun rəhbəri, məşhur amerikalı milyarder və investor Corc Sorosun “The New York Review of Books” nəşrində dərc edilmiş məqaləsində yer alıb.

“Oyan, Avropa!” başlıqlı məqalədə Soros yazır ki, Avropa Birliyi, bütovlükdə avrozona 2008-ci il maliyyə böhranından sonra yolundan çıxdı.

“Bu, məni şoka salır ki, Rusiya prezidenti Vladimir Putin bir sıra aspektlər üzrə Avropa Birliyi üzərində üstünlüyünü göstərdi. Avropa Birliyi və ABŞ müxtəlif səbəblərə əsaslanaraq Rusiya ilə istənilən birbaşa hərbi qarşıdurmadan qaçmaq niyyətindədir. Rusiya isə bundan istifadə edir. Prezident Putin hələ ki Ukraynada barışıq sazişinə tərəfdardır. Amma Putin bunu tammiqyaslı hücumu bərpa etmək üçün edir”, - deyə Soros bildirib.

Soros xatırladır ki, ABŞ Pyotr Poroşenkonun bu ölkəyə səfəri zamanı “Javelin” daşınabilən tank əlehinə raket kompleksini Ukraynaya verməkdən imtina etdi: “Avropa ölkələri də həmçinin Ukraynaya hərbi kömək göstərmək istəmir. Vaşinqtona səfəri isə Poroşenkoya yalnız dəstək görüntüsü verdi”.

Ukrayna böhranının bundan sonrakı inkişaf ssenarisinin necə olacağına gəlincə, amerikalı milyarder qeyd edir ki, Putin 26 oktyabrda Ali Radaya keçiriləcək seçkilərin nəticələrini gözləyəcək: “Putin Poroşenkoya təbii qaz və digər güzəştlər təklif edəcək. Amma bir şərtlə ki, Poroşenko Putinin münasib bildiyi şəxsi baş nazir təyin edəcək. Rusiya prezidenti Maydanda qalib gəlmiş güclərin nümayəndəsini bu vəzifədə görmək istəmir. Mən Poroşenkonun belə bir təklifi qəbul edəcəyini ağlasığmaz hesab edirəm. Əgər Poroşenko bunu etsə, o halda Maydanın müdafiəçiləri ondan üz döndərəcək və müqavimət gücləri yenidən canlanacaq".

Poroşenkonun Putinin təklifini qəbul etməyəcəyi halda, amerikalı milyarderin proqnozlarına görə, Putin qış öncəsi Rusiyanı Krım və Dnestryanı ərazi ilə birləşdirən dəhlizi yaratmaqla kifayətlənə bilər. Soros qeyd edir ki, bu, Ukraynanı iqtisadi və maliyyə kollapsı ilə üzləşdirə bilər. Maliyyəçi hesab edir ki, Ukraynanın İflası NATO, Avropa Birliyi və ABŞ üçün dəhşətli itki olardı. O, qalib Rusiyanın isə Avropa Birliyinə daha böyük təsir imkanları əldə edə biləcəyini düşünür.

“Avropa Birliyi anlamır ki, Rusiyanın Ukraynaya hücumu Avropa Birliyi və onun prinsipləri dolayısı şəkildə hücumdur. Yeni Ukrayna Avropanı Rusiyanın təcavüzündən qorumaq üçün siyasi iradəyə malikdir. Buna adekvat olaraq Ukraynaya kənardan dəstək lazımdır. Beynəlxalq Valyuta Fondunun sentyabr ayında açıqladığı son hesabata görə, Ukraynaya ən pis halda 19 milyard dollar əlavə dəstək lazım olacaq. Avropa bürokratiyası daha çox birləşdirilmiş, elastik və effektiv olmalıdır. Avropalılar Ukraynaya daha diqqətlə baxmalıdır. Avropa Birliyi özünü Ukraynanın qurtuluşu vasitəsilə xilas edəcək".

Həmçinin Soros hesab edir ki, "korrupsiyanın əsas mənbəyi" olan Ukraynanın "Naftoqaz” dövlət şirkətində islahatlar aparılmalıdır.

Soros ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə strateji məsələlərdə razılaşa biləcəyini də iddia edib.

Soros bildirib ki, prezidentlər arasında “böyük saziş”in əldə olunacağı barədə onda narahatlıq var: “Mən liderlər arasında böyük razılaşmanın ola biləcəyindən şübhələnirəm. Razılaşma bundan ibarət ola bilər ki, Rusiya İŞİD-ə qarşı mübarizədə ABŞ-a kömək edəcək və Suriyaya “S-300” zenit-raket komplekslərini çatdırmayacaq. Beləliklə, ABŞ-ın hökmranlığı saxlanmış olacaq. Əvəzində isə ABŞ Rusiyaya “yaxın xaricdə” öz siyasətini davam etdirməyə icazə verəcək. “Yaxın xaric” isə Rusiya ilə həmsərhəd ölkələrdir”.

“Çox təhlükəlidir ki, prezident Obama belə bir sazişi qəbul edə bilər", - deyə Soros əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm