Rusiyalı ekspert: “Ukraynalılardan fərqli olaraq, Poroşenko bunu yaxşı bilir”
Bizi izləyin

Dünya

Rusiyalı ekspert: “Ukraynalılardan fərqli olaraq, Poroşenko bunu yaxşı bilir”

“Putinin Ukrayna strategiyasında "böyük paradoks" görünür. Qərbi dayandırmağa cəhd edən Rusiya lideri martda Krımı birləşdirməklə və ölkənin şərqindəki separatçılara gizli dəstək verməklə Kiyevi Qərbin qucağına itələdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər AFR agentliyinin dərc etdiyi materialda yer alıb.

“Rusiya Ukraynada Ali Radaya bazar günü keçiriləcək seçkiləri passiv müşahidə edir. Rusiya 1991-ci ildə Ukraynanın müstəqilliyini əldə etməsindən sonra ilk dəfə təsirinin bu qədər zəiflədiyini qəbul etdi. Donbas hövzəsindəki münaqişə ukraynalıları baxışlarını Qərbə yönəltməyə məcbur etdi”, - deyə agentlik yazır.

Moskvada olan və adını çəkməyən avropalı diplomat qeyd edir ki, Moskva daha siyasi çəkiyə malik olmağa çalışmır və separatizm kartından öz maraqları üçün istifadə etməkdə davam edəcək.

MDB Ölkələri İnstitutundan Vladimir Yarixin isə AFR-lə söhbətində Rusiyanın Ali Radaya keçiriləcək seçkilərdə öz namizədinin olmadığını deyib. “Siyasi ekspert qrupu" rəhbəri Konstantin Kalaçeva hesab edir ki, prezident Pyotr Poroşenkonu dəstəkləyən siyasi gücün qələbəsi Moskva üçün xoşagəlməz olmayacaq.

"Ukraynalılardan fərqli olaraq, Poroşenko bilir ki, onun Rusiyaya güzəştlərə getməsi lazım olacaq", - deyə rusiyalı ekspert bildirib.

“Moskvanın hədəfi ondan ibarətdir ki, Kiyevdəki hökumətə nəzarət etsin və onun üçün əlverişsiz qərarların qəbuluna mane olsun. Əgər Moskva buna nail olmasa, Ukraynanın şərqində stabilliyi pozmağa çalışacaq. Bunun üçün onun əlində vasitələr var”, - deyə rusiyalı ekspert Nikolay Petrov AFR agentliyinə söyləyib.

“Amerikanın səsi” radiostansiyasına açıqlamasında isə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov də Ali Radaya keçiriləcək seçkilərdən sonra Moskvanın davranışlarını proqnozlaşdırıb.

Onun sözlərinə görə, Kreml üçün hazırda əsas məsələ onun planlarına kömək edəcək və parlament qərarlarının qəbul olunmasına maneə yaradacaq böyük bir qrupun yaradılmasıdır: “Ali Radanın işini pozmaq Ukrayna parlamentində deputat kresloları uğrunda mübarizə aparan Kremlə yaxın güclərin qarşısında duran əsas məsələdir. Amma faktiki olaraq yeni parlamentin birinci iclaslarına qədər bu şəxslərin adlarını bilmək mümkün deyil. Moskva taktikanı dəyişdirib. Kreml indi daha hiyləgər və yaradıcı şəkildə hərəkət edir. Əlbəttə ki, böyük resurslardan əhəmiyyətli dərəcədə istifadə edir. “Yaşıl adamcığaz”ların yerinə başqa “yaşıl arqumentlər”dən istifadə edilir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm