Ebola virusu, Rusiya və İŞİD – Bəs Çin?
Bizi izləyin

Dünya

Ebola virusu, Rusiya və İŞİD – Bəs Çin?

Çinin 2014-cü ildə xarici ölkələrə qoyduğu birbaşa investisiyaların həcmi tarixdə ilk dəfə Çinə qoyulan xarici kapital qoyuluşlarını ötəcək.

Publika.az-ın “Nezavisimaya Qazeta”ya istinadən verdiyi məlumata görə, xarici ölkələrdə Çinin birbaşa kapital qoyuluşları cari ilin doqquz ayında keçən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artıb.

Çinin ticarət nazirinin köməkçisi Çjan Syançenin sözlərinə görə, ilin sonuna kimi xarci ölkələrə qoyulan investisiyaların həcmi ölkədəki xarici kapital qoyuluşları üstələyəcək. "Bu vaxt məsələsidir. Bu, əgər 2014-cü ildə olmayacaqsa, çox yaxın gələcəkdə mütləq olacaq. Çin artıq kapital ixrac edən ölkədir və o kapitalın əsl ixracatçısına çevrilib”, - deyə çinli yüksək rütbəli məmur deyib.

Böyük miqdarda nağd pula malik olan Çin investorları hazırda bütün dünyada – Afrika və Latın Amerikasından ABŞ və Avropaya qədər müxtəlif aktivlər əldə edirlər. Məsələn, bu ay Çinin sığorta şirkəti Nyu-Yorkda “Waldorf Astoria”nın məşhur mehmanxanasını 2 milyard dollara aldı. Dövlətə aid olan və zeytun yağı istehsal edən Çin şirkəti İtaliyanın “Salov Group”un nəzarət paketini alıb. Məlumata görə, Çində xarici valyuta ehtiyatları 4 trilyon dollar təşkil edir. Bu isə hökuməti xarici mülkiyyətin udulması işində həvəsləndirir. Çünki Çin investisiyalarının artırılması üçün xaricdə böyük potensial mövcuddur. Xaricdə kapital qoyuluşlarının artımı son on il ərzində kosmik sürətlə artır. 2002-ci ildə Çin investorları xaricdə cəmi 2,7 milyard dollar xərcləyibsə, 2013-cü ildə bu məbləğ 40 dəfə artaraq 108 milyard təşkil edib.

Çində maliyyə qaydaları getdikcə liberallaşır və bir çox tələblər bu ildə daha da yumşaldılıb. Məsələn, Ticarət Nazirliyi xarici ölkələrə qoyulan 100 milyon dollardan artıq investisiyalar üçün icazə tələb etmir.

“Nezavisimaya Qazeta”nın əməkdaşı ilə söhbətində Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktor müavini Andrey Ostrovski qeyd edib ki, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olmasına qədər xaricə qoyulan investisiyaların həcmi sıfra bərabər idi. “İndi isə onlar xidmət sahələrindən tutmuş, maliyyə sektoruna kimi hara sərfəlidirsə, pul qoyurlar”, - deyə A.Ostrovski deyib.

Çin investisiyalarının əsasən Asiya ölkələrinə qoyur. Bunun təxminən 70 faizi Honkonqun payına düşür. Hərçənd Honkonq Çin ərazisidir, amma Çin lideri Den Syaopin Britaniya baş naziri Marqaret Tetçerlə “bir ölkə- iki sistem” prinsipində razılaşması Honkonqa iqtisadi müstəqilli verib. BMT və Beynəlxalq Valyuta Fondunun statistikasında valyuta axınları müvafiq olaraq Çin-Honkonq və Honkonq-Çin əlaqələri kimi göztərilir.

ABŞ və Kanadada Çinin kapital qoyuluşları ümumi həcmin 5-10 faizini təşkil edir.

"Kapital qoyuluşların istiqaməti onunla izah olunur ki, Çinə neft, təbii qaz və metallar lazımdır. Bunların böyük qismi isə Afrika, Asiya və Cənubi Amerikadadır”, - deyə rusiyalı ekspert deyir.

Çin dünyanın ən kasıb qitəsində, əksər hallarda “qara qitə” adlandırılan Afrikada təsir dairəsini atırmaqda davam edir. 2012-ci ilin yekunlarına görə, Çinin Afrika dövlətləri ilə ticarət dövriyyəsi 200 milyard dollara çatıb. Halbuki bu göstərici 1980-ci ildə cəmi 1 milyard, 2000-ci ildə isə 10 milyard dollar idi.
Cənub Afrika Respublikasının ən böyük bankı olan “Standart Bank”ın hesabatında deyilir ki, Afrika ticarətində Çinin payı 20 faizdir. Bununla da Afrika qitəsi Çinin ən sürətlə böyüyən ixracat bazarı və ticarət ortağı mövqeyinə gəlib.

Çin hər il Afrikaya 55 milyard dollarlıq sərmayə qoyur və bu sərmayənin yarısı yerli istehsala ayrılır. Son on ildə 750 min çinli Afrikaya yerləşib. Çinin Afrika ilə inkişaf etdirdiyi iqtisadi əlaqələr və qitənin mineral sektorundakı qabaqcıl rolu Qərb ölkələrində narahatlıq yaradır. Afrika müstəmləkə dövründən bu günə kimi etnik fərqliliklər vasitəsilə Qərb tərəfindən nəzarət altında saxlanılır. Afrikadakı etnik toqquşmalarda hər iki qarşıduran tərəfin məhz Qərb tərəfindən dəstəkləndiyini sübuta yetirən faktlar da kifayət qədərdir. Ötən əsrin 90-cı illərində Ruandada hutularla tutsilər arasında yaşanan qarşıdurmalarda Belçika və ABŞ rol almışdı.

Afrikalı liderlər Qərbin sərbəst bazar modeli əvəzinə, dövlət tərəfindən idarə olunan Çin inkişaf modelinə yönəlirlər. ABŞ rəsmilərinə görə, Çin dövlət kapitalizmini yumşaq güc olaraq istifadə edir. Afrika ölkələri hökumətlərinin Çin modelini seçmələri, Çin şirkətlərinə ABŞ şirkətləri qarşısında əhəmiyyətli bir rəqabət üstünlüyü təmin edir. Belə ki, 2010-cu ildə Afrika daxilində reallaşan razılaşmaların 40 faizi Çin şirkətlərinə aid olduğu halda, yalnız 2 faizi ABŞ şirkətləri tərəfindən reallaşdırılıb.

Afrikaya iqtisadi təsirini artıran Çin indi də Afrikada media sahəsində ad qazanmaq üçün fəaliyyətə keçib. Çinin Afrikada müxtəlif dillərdə fəaliyyət göstərən televiziya və radio kanalları, eləcə də xeyli sayda xəbər agentlikləri var. Rəsmi Pekinin bu sahədəki ən yeni cəhdi isə Keniyada ingiliscə nəşr olunan “China Daily-Africa Weekly" qəzetidir. Əlli dildə yayımlanan “China Radio International” adlı radio kanalı isə yeddi ildir ki, Afrikada fəaliyyət göstərir.

Xaricdə böyük maliyyə aktivlərinin olması Çinə imkan yaradır ki, ABŞ-la daha daha ciddi rəqabət aparsın. Amerikalılar isə Trans-Sakit Okean layihələrinə Yaponiya, Malyziya, Bruney və Vyetnamı cəlb etməklə Çinin qarşısını almağa çalışır. Malayziyanı, Vyetnam, Bruney. Amma Çin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ACEAN) ilə əməkdaşlıq haqqında razılaşmaya nail oldu.

“Çində iqtisadi artım tempinin zəifləyəcəyi barədə iddialara gəlincə, məlumatlarıma görə, 2014-cü ildə bu göstərici 7,5-8 faiz təşkil edəcək. Bu göstərici əvvəl 10 faiz idi. Amma ölkə onsuz da sürətlə inkişaf edir və inkişafı üçün lazımı mənbələri müvəffəqiyyətlə tapır. Məsələn, əgər dənizətrafı rayonlar istehsalın pik nöqtəsinə çatıblarsa, o halda Qərb rayonları istehsal üçün böyük bazarı və ehtiyatı təşkil edir", - deyə Ostrovski bildirib.

Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması barədə Pekinin qərarı Çin və ABŞ arasında rəqabətin yeni sübutu oldu. Bankın maliyyə resurslarının əsas hissəsini Çin formalaşdırmalıdır. İyirmiyə kimi ölkə layihənin iştirakçısı olmaq niyyətindədir. Əvvəlcədən onların arasında Cənubi Koreya, Avstraliya və İndoneziya kimi ölkələrin olacağı güman edilsə də, amma Vaşinqtonun təzyiqi altında onlar hələ bankın təsisçiləri siyahısına daxil olmayıb.

P.S. ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu, Rusiya və İŞİD terror qruplaşması. Çin isə heç şübhəsiz ki, dünya üçün olmasa da, ABŞ üçün dördüncü təhlükədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm