Ankara üçün bəd xəbər: “İkinci Sarkozi” dövrü başlana bilər
Bizi izləyin

Dünya

Ankara üçün bəd xəbər: “İkinci Sarkozi” dövrü başlana bilər

2012-ci ilin may ayından Fransa prezidenti olan Fransua Ollandın 2017-ci ildə yenidən seçilmə şansları olduqca aşağı qiymətləndirilir.

Sentyabrın əvvəllərində Fransa mediası sorğu keçirib. Sorğunun nəticələrinə görə, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyir. Bu, Fransa tarixində ən aşağı göstəricidir. Deməli, böyük ehtimalla 2017-ci ildə Versal sarayında yeni simanı görə bilərik.

Bunlardan iki nəfər iddiasını artıq açıq şəkildə ortaya qoyur. Fransanın sabiq prezidenti Nikolas Sarkozi bu günlərdə böyük siyasətə qayıdışını elan edib. "Uzunmüddətli düşüncələrdən sonra yeni siyasi seçimi etməyə qərar verdim. Çünki ölkənin indiki vəziyyətində müşahidəçi qalmaq məsuliyyətsizlik olardı”, - Sarkozinin “facebook” səhifəsində yerləşdirdiyi açıq məktubunda deyilir.

Lakin Sarkozinin prezidentliyi dövründə içində olduğu qalmaqallar, barəsində açılan və bu günlərdə xitam verilən cinayət işi onun şanslarını azaldır. Çox güman ki, Sarkozinin Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi ilə əlaqələri və prezident seçkisi kampaniyasında Liviya liderindən pul alması barədə iddialar fransızların yadından çıxmayıb.

Hazırda siyasi yüksəliş dövrünü yaşayan digər bir şəxs isə 2017-ci il üçün daha iddialı görünür. Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan bir yazıda da məhz bu addan bəhs edilir. Bu radikal sağçı "Milli Cəbhə" Partiyasının sədrİ Marine Le Pendir.

Marine Le Pen rəhbəri olduğu partiya 1972-ci ildə atası Jean-Marie Le Pen tərəfindən qurulub. İyirmi doqquz il partiyanı idarə edən ata Le Pen onu 2011-ci ildə kiçik qızı Marine Le Penə təhvil verib. “Milli Cəbhə” Fransanın ən milliyyətçi partiyası olub son illərdə keçirilən seçkilərdə irqçi bəyanatlarına baxmayaraq, böyük müvəffəqiyyət qazanıb. Ata Le Pen 1970-1980-ci illərdə Fransanın üzləşdiyi köç dalğası və neft böhranının səbəb olduğu iqtisadi durğunluqla əlaqədar reytinqini artırsa da, qızının əldə etdiyi müvəffəqiyyətə heç bir zaman çata bilməyib.

Jean-Marie Le Pen Fransa prezidentliyinə ilk dəfə namizəd olduğu 1974-cü ildə səslərin yalnız 0,74 faizini almasına baxmayaraq, qızı 2017-ci il prezident seçkisinin favoritlərindən biri olaraq göstərilir. Marine Le Penin partiyası 2014-cü il Avropa Parlamenti seçkilərində Fransada 1-ci yeri tutaraq parlamentə 24 millət vəkili göndərib.

“Mill Cəbhə” Partiyası yüksəlişinə 1995-ci il prezidentlik seçkilərində ata Le Penin əldə etdiyi 14 faizlik səslə başlamışdı. Qızı isə 2012-ci il prezidentlik seçkilərində 20 faiz səs qazanıb və son olaraq 2014-cü il bələdiyyə seçkilərində partiyası ilə 11 şəhərin bələdiyyə başçılığını qazanıb. Bir sözlə, Marine Le Penin yüksəlişi həm rəqib partiyaların, həm də Fransa ictimaiyyətin diqqətini çəkib.

2017-ci il prezidentlik seçkilərində hazırkı dövlət başçısı Fransua Olland və hökumətinin Fransa xalqını məmnun etməməsi böyük ehtimalla seçiciləri sosialistlərdən uzaqlaşdıracaq. Sarkozinin Xalq Hərəkatı Birliyi isə keçmiş dövlət başçısının sui-istifadələri və partiya daxilində parçalanmalarla əlqədar çətin günlərini yaşayır və davamlı olaraq qan itirir.

Marine Le Penin seçkini qazanacağı halda Fransanı dramatik cədvəl gözləyir. “Le Figaro” qəzetinin xəbərinə görə, Fransa 2012-ci ildə 12 milyon immiqranta ev sahibliyi edirdi. Bu immiqrantların üçdə ikisi Avropa Birliyinin üzvü olmayan ölkələrdən gəlib. Fransaya ən çox miqrant verən ölkələr Əlcəzair, Mərakeş, Tunis və Türkiyədir. Marine Le Penin prezident seçkisini qazanacağı halda isə bunun qarşısının alınması üçün sərt addımlar atılacağı gözlənilir.

Bir məqamı da qeyd edək ki, “Milli Cəbhə” Partiyası Fransada Türkiyəyə antisimpatiyası ilə seçilən bir təşkilatdır. Təsadüfi deyil ki, bu il Avropa Parlamentinə seçkilər öncəsi “Milli Cəbhə” uğur qazanmaq üçün Türkiyə əleyhinə çağırışlar edib.

“Milli Cəbhə” lideri Marine Le Pen Türkiyənin Avropa Birliyinə üzvlüyünün qarşısını almaq üçün səslərin partiyasına verilməsi barədə çağırış edib. Seçki proqramını Avropa Birliyi və Türkiyə əleyhinə uyğun quran Marine Le Pen dövlət televiziyasında çıxışı zamanı “Avropa Birliyinin genişlənməsi ilə əlaqədar digər partiyalar sizə yalan danışır, daha da vəziyyətin pisləşməsinə şərait yaradacaq addımlar atırlar. Türkiyənin birliyə üzv olması ehtimalı onlara cəsarət verir”, – deyib.

Deməli, 2017-ci ildə Ankaranı məmnun etməyən “ikinci Sarkozi” dövrü başlana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm