• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Davudoğlu niyə “Mahçup” oldu? – Təhlil

  • Dünya
  • 25 Oktyabr 2014 12:45
  • 799 Baxış
Davudoğlu niyə “Mahçup” oldu? – Təhlil

Türkiyə Baş naziri Əhməd Davudoğlu erməni əsilli türk vətəndaşı Etyen Mahçupyanı müşavir təyin edib.
Belə ki, Mahçupyan “Ağıllı İnsanlar Heyəti”ndə Davudoğlunun baş məsləhətçisi olacaq. Bununla Türkiyə tarixində də bir ilk yaşanıb. Mahçupyan ilk müsəlman olmayan məsləhətçidir.


Mahçupyan kimdir?


Etyen Mahçupyan 1972-ci də Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan “Radikal” qəzeti və ermənilərin “Agos” mətbu orqanında çalışıb. Həmçinin, 2001 - 2007-ci illərdə Türkiyə hökuməti ilə problemləri olan Fətullah Gülənə bağlı “Zaman” qəzetində köşə yazıb. Onun “Zaman”la tam olaraq ayrılığı 2014-cü ilin may ayında olub.


Ankara nəyə “Mahçubdur”?


Davudoğlunun bu təyinatı Bakıda xoş qarşılanmaya bilər. Lakin təyinatın nüfuz baxımından yüksək olmaması, Türk hökumətinin qərarlarına təsirinin az olması baxımından burda çox da narahat olmağa dəyməz. Mahçubyan 40-a yaxın üzvdən biri olacaq. Bu arada, Mahçupyan bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazirlik dönəmində də bu heyətdə təmsil olunub.


Davudoğlunun bu təyinatını Azərbaycana qarşı haqsızlıq deyə yozmaq absurd olardı. Çünki rəsmi Ankara dostu Bakını ciddi narahat edəcək addım atmaz. Bakı da belə təyinatlara görə Ankaradan incik düşməz.
Bu təyinat daha çox Türkiyənin daxili siyasəti və 2015-ci ildə qondarma “erməni soyqırımı”nın yubeliyinə hesablanıb.


Hazırda Ankara üçün xarici siyasətindəki çətinliklər, xüsusilə Suriya və İŞİD problemi fonunda daxili sabitlik hava-su kimi lazımdır. Kürd problemi onsuz da illərdir Ankaranın başını ağrıtmaqdadır.
Bu təyinatı zaman-zaman kürdlərlə birləşən, yaxud dolayısı yola onlara dəstək verən Türkiyə ermənilərinə bir jest hesab etmək olar. Nəzərə alsaq ki, Türkiyədə rəsmi rəqəmlərə görə 60 min erməni var və onların 45 mini İstanbulda yaşayır, bu addımı normal qarşılamaq olar. Digər tərəfdən, qardaş ölkədə mövcud olan yeganə erməni kəndi Vakıflı Suriya ilə sərhəddə yerləşir. Bu da kiçik, amma vacib detallardan biridir. Kəndin əhalisi 135 nəfərdən ibarət olsa belə, bunu nəzərə almamaq böyük səhv olardı. Davudoğlunun bu addımı müəyyən mənada “etimad hökumət” gedişidir.

Qeyd edək ki, “Etimad hökumət” nəzəriyyəsinə görə, cəmiyyətdə narazı qüvvələri azaltmaq üçün həmin qüvvələr arasında nüfuzu olan şəxslərə hökumətdə təmsilçilik verilir və bununla müəyyən mənada narazılıq aradan götürülür. Bu hansısa dini kəsimin, yaxud milli azlığın nümayəndəsi ola bilər. Eyni zamanda, elm adamları, mütəxəssislərin də hökumətdə təmsilçiliyi etimad hökumətin qurulmasına xidmət edən amillərdəndir.
Mahçupyanın təyinatında bu elementlər açıq şəkildə seçilir.


Ölkə daxilindəki ermənilər neytrallaşdırılır


2015-ci ildə Ankaranı gözləyən qondarma “erməni soyqırımı” problemi də bu təyinatın tərkib hissəsi ola bilər. beləliklə, Ankara heç olmasa ölkə daxilindəki erməniləri müəyyən mənada neytrallaşdırmaq və “daxildən zərbələri”n önləmək niyyətindədir. Mahçupyanın vaxtilə Türkiyədəki erməni qəzeti “Agos”da post tutması da bunu deməyə əsas verir. Yəni, Mahçupyanın əli ilə ölkə daxilindəki ən böyük erməni mediasını da neytrallaşdırmaq mümkündür.

Bununla Davudoğlunun əslində nəyə “mahçup” olduğu aydın olur.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR