Kreml: “ABŞ Ukraynada Bjezinskinin hiyləgər planını yerinə yetirir”
Bizi izləyin

Dünya

Kreml: “ABŞ Ukraynada Bjezinskinin hiyləgər planını yerinə yetirir”

Rusiya Gürcüstanla müharibəyə başlayanda Kreml Tiflislə münasibətlərin tez bir zamanda normallaşmasının əsas şərtini səsləndirdi - Moskva prezident Mixail Saakaşvili ilə heç bir münasibət yarada bilməz! Barış yalnız onun gedişindən sonra mümkündür. Bu gün isə düşmən rolunda olan Ukraynanın qarşısına Gürcüstandan fərqli olaraq, prinsipial şərt qoyulmayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər müstəqil jurnalist, “Rus həyatı", "Ekspert" və "Kommersant'" kimi nəşrlərin keçmiş əməkdaşı, Rusiya müxalifətinin Koordinasiya Şurasının keçmiş üzvü Oleq Kaşının Almaniyanın “Deutsche Welle" qəzetinin dərc etdirdiyi məqaləsində yer alıb.

Putin Kiyevi götürmək istəmir

Q.Kaşın qeyd edir ki, Rusiya özünü münaqişə tərəfi kimi göstərməsə də, əslində, bu, belə deyil. O, Rusiyanın Ukraynaya qarşı “hibrid” müharibəsi apardığını, Donbas separatçılarını dəstəklədiyini bildirib. Rus jurnalist vurğulayır ki, Kiyevin Rusiyadan istəkləri aydındır: Luqansk və Donetsk vilayətlərində "xalq respublikaları" ləğv edilməli və Krım qaytarılmalıdır: “Moskvanın sülh üçün nəyi arzuladığı isə hələ də tapmaca olaraq qalır. Donetsk və Luqanskın ayrılması ilə Ukraynanın parçalanması? Odessaya qədər böyük “Novorossiya"? Krım və Dnestryanı əraziyə quru dəhliz? Ukraynanın federallaşdırılması? Əlbəttə, Gürcüstan kimi Ukraynaya da şərt irəli sürülməsi daha yaxşı olardı. Amma Moskva susur”.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Kiyevi iki həftəyə ala biləcəyi barədə qalmaqallı bəyanat versə də, əslində o, bunu etmək istəmir: “Onun üçün ilk növbədə parçalanmış, müharibə nəticəsində zəifləmiş Ukrayna lazımlıdır. Ehtimal olunur ki, Ali Radaya seçkilərdə heç kim böyük üstünlük əldə etməyəcək, Donetsk və Luqanskda separatçı rejimlər heç yerə yox olmayacaq və qış soyuğunda Rusiyanın enerji daşıyıcılarının idxalından asılılıq kritik həddə çatacaq. Putin isə Poroşenko ilə görüşməyə və danışmağa hazırdır. Yəni, Kiyevdə belə bir prezidentin olması onu tamamilə qane edir”.

“Sağ sektor”u Moskva maliyyələşdirir?

O. Kaşın bildirir ki, Rusiyanın sərt ritorikasına baxmayaraq, millətçilərin Ukrayna siyasətində iştirakı Putini qane edir: “Ukrayna millətçiləri son aylar Rusiya cəmiyyətinin qorxudulmasına xidmət edən təbliğatın əvəzolunmaz qəhrəmanına çevriliblər. Moskvanın Ukraynada millətçiliyin güclənməsini gizli şəkildə stimullaşdırdığı istisna edilmir. Bəzi məlumatlara görə, millətçi “Sağ sektor” Moskvadan maliyyələşdirilir. Belarus prezidenti Aleksandr Lukaşenko da bu yaxınlarda bəyan etdi ki, “Sağ sektor"un Viktor Yanukoviç tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatlara malikdir. Siyasi provokasiyanın unikal Rusiya tarixi bir neçə yüz ilə gedib çıxır. Rusiya baş naziri Stolıpinin məhz Kiyevdə Rusiyanın xüsusi xidmət orqanları tərəfindən öldürülməsini xatırlamaq kifayətdir. Yüz il ərzində Rusiyanın bu siyasətinin prinsipial olaraq dəyişməsi az inandırıcıdır”.

Ukrayna Rusiya, Rusiya isə ABŞ-la vuruşur

“Ukraynalılar əmindirlər ki, Rusiya ilə vuruşurlar. Kremldə isə hesab edirlər ki, Ukraynada ABŞ-la vuruşurlar. Bu barədə Putinin ən yaxın silahdaşlarından biri - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynada ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski tərəfindən nə vaxtsa hazırladığı və indiyə qədər reallaşdırılan hiyləgər planının növbəti epizodu ilə rastlaşıb. Patruşev hədəfin Rusiyanın zəiflədilməsi olduğunu düşünür”- deyə jurnalist bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm