“Problemlər”lə dolu Moskva –Təl-Əviv münasibətləri: Stalindən Putinə qədər
Bizi izləyin

Dünya

“Problemlər”lə dolu Moskva –Təl-Əviv münasibətləri: Stalindən Putinə qədər

Rusiya prezidenti Vladimir Putin ilə onun amerikalı həmkarı Barak Obamanın fikirləri çox nadir hallarda bir-biri ilə üst-üstə düşür. Bu fikirlərdən biri də İsrailin İordan çayının Qərb sahilində inşa etdiyi yaşayış məntəqələri ilə bağlıdır.

Putin İsraili tənqid edir, amma…

Rusiya prezidenti oktyabrın 24-də “Valday” diskusiya klubunun Soçidə keçirilən toplantısında bildirdi ki, yaşayış məntəqələrinin tikintisi Yaxın Şərq və onun hüdudları xaricində gərginliyi artırır. “Hansı regionda olmasından asıl olmayaraq, istənilən xalqın alçalması təhlükənin mənbəyidir və bu aradan qaldırılmalıdır”, - deyə Putin vurğulamışdı.

Amma Barak Obamanın prezidenti olduğu ABŞ-ın “The Atlantic” nəşrinin yazarı Mett Skyavensa hesab edir ki, Putin hər nə qədər İordan çayının Qərb sahilində yaşayış məntəqələrinin inşasına qarşı çıxsa da, İsrailin Rusiya ilə münasibətləri heç olmadığı qədər yaxşıdır. Məsələn, BMT-də Krımın Rusiya tərəfindən işğal olunması barədə qətnamə qəbul olunanda İsrail Moskvanın tərəfində olan və ya susqunluğunu nümayiş etdirən azsaylı ölkələrdən oldu. ABŞ başqa olmaqla İsrailin Qərbdəki müttəfiqləri Rusiyaya qarşı sanksiyalar qəbul edəndə İsrail qəribə olsa da, susdu. Benyamin Netanyahu hökuməti Rusiya-Ukrayna qarşıdurmasında bitərəfliyə əməl etməyə qərar verdi. İsrailin davranışı isə Vaşinqtonun diqqətindən qaçmadı.

“Biz təəccübləndik, İsrail BMT-də Ukraynanın ərazi bütövlüyünə dəstək verən ölkələrin böyük əksəriyyətinə qoşulmadı”, deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirmişdi.

Rusiyanın ABŞ-dan uzaqlaşmasına baxmayaraq, İsraillə yaxınlaşır. Putin yəhudi dövlətinə səfər edən ilk Rusiya lideri oldu. İsraildə böyük rus diasporu var. İsrail xarici işlər naziri Aviqdor Liberman Sovet İttifaqında doğulan sağ siyasətçilərdən ən tanınmışıdır. Bununla belə, Rusiya fələstinliləri BMT-da müdafiə etməkdə davam edir. Rusiya İsrailin özü üçün təhlükə hesab etdiyi İranın nüvə proqramını dəstəkləyirlər. Tehrana silah satır və Suriyada Bəşər Əsəd rejiminin ayaq üstə qalmasına kömək edir.

Rusiya və İsrail arasında əhəmiyyətli fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, hər iki ölkə dünyada silahın böyük ixracatçılarıdır. Rusiya və İsrail hərbi sistemlərin tamamilə müxtəlif tiplərinə malikdir. Ölkələrin hər biri özünəməxsus texnoloji standartlarından istifadə edir. Bununla belə Rusiya və İsrail bir-birinin texniki imkanlardan istifadə etməyə çalışırlar, hərçənd ki bu əməkdaşlıqda Moskva və Təl-Əviv tamamilə əks məqsədlərin həyata keçirilməsinə nail olur. İsrail ilə düşmən olan İranın “İras” informasiya agentliyi böyük maraq doğuran Rusiya-İsrail hərbi əməkdaşlığına nəzər salıb və əməkdaşlığın tarixi və ona maneə olan amillərə toxunub.

Tarix: İosif Stalinin xeyirxahlığından birgə ticarət layihələrinə qədər

Rusiya və İsrailin hərbi əməkdaşlığının kökü sovet dövrünə gedib çıxır. O zaman Stalin “Xaqana” və digər sionist təşkilatlarının üzvü olan sosialistlərə və kommunistlərə Fələstində yəhudi qəsəbələrinin müdafiəsi üçün pul ayırdı. Bununla sovet lideri İkinci Dünya Müharibəsindən sonra ölkəsinin xarici siyasətində ən kobud səhv buraxdı. Stalin Çexoslavakiyanın vasitəçiliyi isə “Xaqana”ya böyük miqdarda silah verdi. Stalinin məqsədi Fələstini Britaniya müstəmləkəçilərindən təmizləmək idi. Hərbi təyyarələr, minalar, bombalar, hərbi təlimatçıların hamısı “Xaqana”ya, daha sonra İsrailə pulsuz çatdı. SSRİ birinci dövlət idi ki, İsrailin neftlə təminatını öz üzərinə götürdü, həmçinin sovet respublikalarından və Şərqi Avropanın işğal edilmiş regionlarından yəhudilərin vətənə qayıtmasına kömək etdi. Ancaq bu yaxşı münasibətlər çox çəkmədi. Həyatının son illərində Stalində yəhudilər barədə ciddi şübhələr oyandı. Misir İsrailin hücumu zamanı isə Xruşov İsrail əleyhinə mövqe tutdu, SSRİ öz ərazisində yəhudi agentlərinin fəaliyyətini və Şərq bloku ölkələrindən yəhudilərin vətənə qaytarılmasını dayandırdı, İsrailin neftlə təminatı dayandırıldı, bu ölkəyə bir sıra ticarət sanksiyaları tətbiq etdi, İsrailin rəqibi Misir, Suriya və İraqa yardım göstərdi. SSRİ 1967-ci ildəki altıgünlük müharibə zamanı İsraillə diplomatik əlaqələri kəsdi və beynəlxalq səhnədə İsrailin əsas düşməni oldu.

Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə SSRİ-İsrail münasibətləri bərpa edildi və ölkə ərazisində yəhudi agentlərinin fəaliyyətinə icazə verildi. İsrail və Rusiya hərbi strukturlarının fərqliliyinə baxmayaraq, hər iki ölkə hərbi əməkdaşlığın inkişafında maraqlı idi.Çünki birinci yerdə hər iki ölkənin iqtisadi maraqları dururdu.Rusiya SSRİ-dən iflasa uğrayan iqtisadiyyatı təhvil aldı. 1990-cı illərdə neft və təbii qazın aşağı qiymətləri nəzərə alındığında hərbi sahə iflasa düçar olan iqtisadiyyatın xilas edilməsinin azsaylı yollarından biri kimi qəbul edilməyə başlandı. SSRİ-nin dağılmasından sonra Rusiya üçün artıq heç bir siyasi və ya ideoloji prinsip mövcud deyildi. Hərbi məhsulun ixracına yalnız iqtisadi gəlir baxımından yanaşılırdı. Rusiya və İsrail tezliklə bir-birinin hərbi texnologiyalarını təkmilləşdirirdi və birgə məhsul istehsal edə bildi. Rusiya hərbi texnikanı texniki vasitələrlə, İsrail isə onları radar sistemləri ilə təmin edirdi. Texniki vasitələrin Rusiyada ucuzluğunu və İsrailin elektron işinin yüksək keyfiyyəti nəzərə alındığında birgə istehsala dünya bazarında böyük tələbat olduğunu demək olardı.

“Avaksa” tipli təyyarələr iki dövlətin birinci birgə layihəsi oldu. Rusiya istehsal etdiyi “Lil-76" və “W-2090” təyyarələrini İsraildə göndərdi, İsrail isə onlarda radar sistemləri quraşdırdı və“A-50” adını verdi. Daha sonra bu silahlar Hindistanın hərbi hava qüvvələrinin silahlandırılmasına daxil edildi. Çin də hərbi hava parkınında “A-50” təyyarələrinin olmasını arzulasa da məsələyə Vaşinqton qarışdı və Təl-Əvivə xəbərdarlıq etdi. Halbuki, Çin Rusiyadan alınan “Lil-76”ları radar sistemləri quraşdırılmaq üçün İsrailə göndərmişdi. İsrail ABŞ-ın xəbərdarlığından sonra radar sistemlərini sökməyə və təyyarələri Çinə göndərməyə məcbur oldu. Bundan sonra Çin öz gücü hesabına “KJ-2000” layihəsini reallaşdırmağa qərar verdi.

Türkiyəyə hərbi vertolyotların böyük partiyasını satmaq cəhdi də iki ölkənin uğursuz əməkdaşlığının başqa nümunəsi idi. Ankara PKK-ya qarşı mübarizə üçün öz aviasiya parkını yeniləmək fikrində idi. Rusiya və İsrail Türkiyəyə “Ka-52” vertolyotlarını təklif etdi. Həmin vaxt isə Türkiyə silahlı qüvvələri öz sinfinin vertolyotları arasında dünyada ən yaxşıları hesab olunan Rusiya istehsalı“Mi-17”lərdən istifadə edirdi. Ankaranın “Ka-52”ləri əldə etmək arzusu isə onların ucuz olması və yüksək keyfiyyəti ilə izah olunurdu. Lakin Rusiya-İsrail birgə layihəsi italyan istehsalçılarının rəqabətinə dözmədi. Belə ki, italyanlar türklərin bütün tələblərini nəzərə aldılar.

Hərbi əməkdaşlıqda pilotsuz təyyarələr

İsrailin yüksək texnologiyalı istehsalı Rusiyanın diqqətini cəlb edir. İsrailin müdafiə naziri Ehud Barakın 2012-ci il Moskva səfəri zamanı Rusiya ondan 400 milyon dollar dəyərində pilotsuz təyyarələr satmağı xahiş etdi. Bu isə pilotsuz təyyarələrin istehsalında Rusiyanın texnoloji baxımdan iflasının aşkar sübutu idi. İsrail ABŞ-la birlikdə pilotsuz təyyarələrinin istehsalında böyük təcrübəyə malikdir. Rusiya da isə bu baxımdan ciddi təcrübə yoxdur. İsrailin Rusiyaya pilotsuz təyyarələrin satışı ilə bağlı müqaviləsi ABŞ tərəfindən heç bir etiraz doğurmadı.Çünki, təyyarələrin heç bir hissəsində ABŞ texnologiyası yox idi.

Ehtimal olunur ki, İsrailin pilotsuz təyyarələri rusların diqqətini 2008-ci il Gürcüstanla müharibədə çəkdi. Bu təyyarələrdən Rusiya hərbçilərinin yerdəyişməsi üçün fəal şəkildə istifadə olunurdu. Baxmayaraq ki, onların bəziləri gürcülər tərəfindən vuruldu. Rusiya bu müharibədə əsasən şəxsi istehsalı olan “Su-24” və “Tu-22M” pilotsuz təyyarələrdən istifadə etdi. Aşağı sürət və aşağı hündürlükdə uçan bu təyyarələrin istifadəsi Rusiyaya baha başa gəldi. “S-24” və “Tu-22M” rusların zəifliyini əhəmiyyətli şəkildə üzə çıxardı.

Qarşıdakı çətinliklər: Siyasət ticarətə təsir edir

Rusiyanın və İsrailin hərbi əməkdaşlığı hər iki tərəfin maraqlarına uyğun olmasına baxmayaraq, bu əməkdaşlıq bir sıra siyasi maneələrlə üz-üzədir. İki ölkənin bir-birinə zidd siyasi hədəfləri və bu ölkələrdən hər birinin müttəfiqləri Rusiyanın və İsrailin hərbi əməkdaşlığının inkişafı yolunda əsas maneədir. Nümunə kimi 2006-cı ildəki Hizbullah ilə İsrailin hərbi qarşıdurmasını göstərmək olar. Hərbi qarşıdurmada İsrailin xeyli sayda tankı Rusiya istehsalı olan tank əlehinə silahların köməyi ilə sıradan çıxarıldı. “RPQ-29” qumbaraatanları və “Kornet” raket kompleksləri bu silahlardan idi. Bu faktların ortaya çıxmasından dərhal sonra Təl-Əviv Moskvaya nümayəndə heyətini göndərdi. İsrailin iddiası ondan ibarət idi ki, Rusiya həmin silahları Suriya və İrana satır, sonuncular isə onları Hizbullaha çatdırırdılar. Analoji bir hal isə gəmi əleyhinə “Yaqut" raketləri üçün Suriyanın Rusiyaya etdiyi sifarişlə bağlı yaşandı. 300 kilometr uçuş məsafəsi olan raketlərlə İsrailin Aralıq dənizindəki gəmiləri asanlıqla vurmaq mümkün idi. Analoji qorxular Rusiyanın İrana satdığı silahlarla da bağlı idi. İsrail siyasətləri və hərbçiləri S-300 raket hücumundan müdafiə sistemlərinin İrana satışına maneə olmaq üçün Moskvaya bir sıra neçə dəfə səfər etmişdilər. Təl-Əvivin fikrincə, bu sistemlər mümkün hücumlardan İranı qoruya bilərdi.

İsrailin daha bir narahatlığı isə Rusiyanın İran, Sudan, İraq və Suriya kimi ölkələrə yeni nəsil raketlərin satışı ilə bağlı informasiyalarla bağlı idi. İsrailin fikrincə, bu ölkələr SAM-16 və daha çox təkmilləşdirilmiş SAM-17 və SAM-24 raketlərini Livan və Fələstinə göndərə bilərdilər. Qeyd edək ki, bu raketlər hədəfi yüksək dəqiqliklə vura bilir və 450 kilometr uçuş məsafəsinə malikdir. Bu raketlər yalnız vertolyotlar deyil, həm də müasir reaktiv qırıcılar üçün ciddi təhlükədir.

İsrailin silah satışı ilə bağlı eyni narahatlığı isə Rusiya yaşayır. Rusiyanın rəqibləri də İsrailin müasir texnologiyalı silahlarla silahlandırılır. İsrail Gürcüstana ən müasir elektron sistemləri və pilotsuz təyyarələr satıb.Bu təyyarələr öz effektliyini 2008-ci ildəki müharibədə sübut edib. İsrail mütəxəssisləri Gürcüstan hərbi hava qüvvələrini ən müasir elektron avadanlıqla təchiz edib. Rusiyanın daha bir narahatlığı İsrailin analoji silahları Azərbaycanı satmasıdır. Rusiya heç istəməzdi ki, Azərbaycan hərbi baxımdan müttəfiqi Ermənistan üzərində tam hərbi üstünlük qursun.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm