İnqilabı qanuniləşdirən və parçalanmanı dərinləşdirən seçkilər
Bizi izləyin

Dünya

İnqilabı qanuniləşdirən və parçalanmanı dərinləşdirən seçkilər

Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərin rəsmi nəticələri elan olunmasa da, seçkilərin indiyə kimi açıqlanan nəticələri belə bir fikir söyləməyə əsas verir: Ukraynada millətçi və qərbyönümlü güclər qalib gəldi. Müşahidəçilərin qiymətləndirməsinə görə, ukraynalılar ilin əvvəlində həyata keçirilən hakimiyyət dəyişikliyini tam qanuniləşdirdilər. Onların fikrincə, Rusiya bundan sonra Kiyev rəhbərliyini “xunta” adlandıra bilməyəcək. Eyni zamanda, ölkənin şərqindəki Rusiyapərəst qüvvələri onun maraqlarının Kiyev üçün əhəmiyyətli olduğuna inandırmaq daha çətin olacaq.

Ukrayna seçiciləri prezident Pyotr Poroşenko və baş nazir Arseniy Yasenyukun partiyalarına dəstək ifadə etdilər. Başqa sözlə, Maydan hadisələrinin nəticəsi olaraq hakimiyyətə gələn siyasi güclərə üstünlük verdilər. Bununla belə, Poroşenkonun Partiyası gözlənildiyindən daha az - 25 faizdən də aşağı səs aldı. Bu isə onun 25 may tarixində qələbə qazandığı prezident seçkilərindən sonra reytinqinin düşdüyünü göstərir.

“Affentreqer” nəşri hesab edir ki, bunun əsas səbəbi Ukrayna prezidentinin separatçı Şərq bölgəsinə xüsusi status verməsidir: “Amma Poroşenko üçün yaxşı nəticə odur ki, baş nazir Arseniy Yasenyukun partiyası qalib gəlir. Bu koalisya üçün faydalıdır. Eyni zamanda, Yasenyuk seçkiqabağı kampaniya zamanı radikal millətçilər kimi Moskva və Rusiyayönümlü separatçılarla bağlı sərt kursu dəstəkləyirdi. Bundan sonra Poroşenko onların tələblərinə məhəl qoymaya bilməyəcək”.

“The New York Times” qəzeti yazır ki, qərbyönümlü partiyaların təsirinin güclənməsi Birləşmiş Ştatlar və onların Avropa müttəfiqləri tərəfindən müsbət qəbul ediləcək: “ABŞ ilə Avropa Birliyi 1990-cı illərin Balkan müharibələri və “soyuq müharibə” dövründən sonra Qərb və Rusiya arasında ən təhlükəli münaqişənin qan tökülmədən həllini istəyir. Amma bu Putin qədər Poroşenkodan da asılı olacaq. Eyni zamanda döyüşən şərq sakinlərini onların maraqlarının Kiyev üçün prioritet olduğuna inandırmaq Poroşenko üçün problemə çevrilə bilər".

Ali Radada yer alacaq partiyalardan biri olan “Mixalıifət bloku” rusmeylli hesab edilir. "Müxalifət bloku"na Ukraynanın şərqində sıx əlaqələrə malik olan keçmiş prezident Viktor Yanukoviçin tərəfdarlarından bəziləri daxildir. “The New York Times” hesab edir ki, rusmeylli siyasi güc Putinlə gələcək danışıqlarda və münaqişənin həllində həlledici rol oynaya bilər: "Müxalifət bloku"na Yuri Boyko rəhbərlik edir. O, Yanukoviçin vaxtında baş nazirin müavini və energetika naziri işləyib. Boyko həmçinin 2002-2005-ci illərdə Ukraynanın enerji şirkəti “Naftoqaz”a başçılıq edib”.

“Time” jurnalının əməkdaşı Saymon Şuster isə bu fikirdədir ki, Ukrayna parlament seçkiləri milli parçalanmanın qarşısını almağa kömək etməyəcək.

Ultramillətçi “Azov” batalyonunun komandiri Andrey Beletski Ukraynanı barışıqdan imtina etməyə və müharibəyə davam etməyə çağırıb. S.Şüster həmçinin qeyd edir ki, 20 illik müstəqillik dönəmində Ukrayna xəritəsinin təxminən ortasından keçən siyasi xətt son aylar aradan qalxıb: “İyirmi ildən artıqdır ki, seçkilər Ukrayna cəmiyyətinin hər iki yarısını parlamentdə geniş əks etdirir. Bu balans mart ayında Krımın Rusiya tərəfindən tutulmasından sonra pozulmuşdu. Mayda keçirilən ictimai rəy sorğusuna əsasən respondentlərin 76 faizi Şərqi Ukraynanın simpatiya bəslədiyi Putinə mənfi münasibətini açıqlamışdı. Bir il əvvəl isə bu fikirdə olanlar 40 faiz təşkil edirdi".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm