ABŞ İŞİD-ə qarşı kibermüharibəyə başladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə qarşı kibermüharibəyə başladı

ABŞ İŞİD terror qruplaşmasına qarşı kibermüharibənin başlandığını elan edib.

Publika.az-ın məlumatına görə, bu barədə RT ingilis saytı xəbər verib.

Xəbərdə qeyd olunur ki, Ağ Ev İŞİD ekstremistlərinin təbliğat sahəsində nailiyyətlərini faktiki olaraq etiraf edib. Amerika diplomatları isə koalisiya qüvvələrini terrorçulara qarşı yalnız havada müharibə aparmamağa çağırır. Onlar həm də informasiya sahəsində müharibənin aparılmasının vacibliyini qeyd edirlər.

ABŞ dövlət katibinin müavini Riçard Stenqel Küveytdə Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarları ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Koalisiya qüvvələri İŞİD-ə qarşı mübarizə üçün ikinci cəbhəni açmağa qərar verib. Koalisiya bu dəfə kibersahədə vuruşmaq qərarına gəlib. Hələ hava əməliyyatının birinci günündən bizim partnyorlarımız hiss edirdilər ki, hərbi əməliyyatlara informasiya sahəsi da əlavə olunmalıdır”.

Görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edilib. Bəyanatda İŞİD terror qruplaşmasına qarşı kibermüharibənin aparılmasının vacibliyi vurğulanıb.

ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi general Con Allen müttəfiqləri terror qruplaşmasına qarşı təbliğat planlarını hazırlamağa çağırıb.

Qeyd edək ki, İŞİD İraq və qonşu Suriyada geniş əraziləri tutaraq “xəlifə”nin yaradıldığını elan edib. Qruplaşma öz ideologiyasını yaymaq üçün kibersahədə xeyli müvəffəqiyyət qazanıb. İŞİD bunun üçün “Twitter” və “YouTube”dən geniş istifadə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm