Ukraynada koalisiya danışıqları başladı
Bizi izləyin

Dünya

Ukraynada koalisiya danışıqları başladı

Ukraynanın Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə səslərin böyük əksəriyyətini əldə edən partiyaların liderləri parlament əksəriyyəti və yeni hökumətin formalaşması barədə danışıqlar prosesini uzatmamağa söz verirlər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC-nin Ukrayna xidməti bildirib.

Seçkilərin yekun nəticələri hələ elan edilməyib. Amma seçki bülletenlərinin 87,12 faizinin sayılmasından sonra məlum olub ki, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,1 faiz səslə liderdir. Sonrakı yeri 21,7 faiz səslə “Pyotr Poroşenkonun Bloku” tutur. Əgər siyasi güclərin bölgüsü bu şəklidə qalarsa, o halda “Xalq cəbhəsi" Partiyası və “Pyotr Poroşenkonun Bloku” koalisiyanın formalaşması üçün lazım olan parlament əksəriyyətini əldə edə bilməyəcək.

Üçüncü yerdə isə Lvov meri Andrey Sadovıyın rəhbəri olduğu "Qarşılıqlı yardım" Partiyası (10,92 faiz) qərarlaşıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə, ilk üçlükdə qərarlaşan siyasi güclər majoritar dairələr üzrə Ali Radaya 80-dən çox deputat keçirir. Ukraynanın ədliyyə naziri, “Xalq cəbhəsi” Partiyasından deputatlığa namizəd Pavel Petrenko qeyd edib ki, Ali Radaya keçən bütün demokratik partiyalar koalisiyanın formalaşmasında iştirak etməlidir.

Ukrayna prezidenti Pyotr Poroşenko da bildirib ki, heç kim yeni parlament koalisiyası və yeni hökumətin formalaşması prosesini ləngitməyəcək.

Dövlət başçısının nümayəndəsi Svyatoslav Seqolko P.Poroşenkonun bu gün A.Yasenyuk və A.Sadovıyla sözügedən məsələnin müzakirəsi üçün görüşdüyünü deyib. “Pyotr Poroşenkonun Bloku” və “Xalq cəbhəsi”ndən bildiriblər ki, sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyasına da koalisiyanın mümkün iştirakçılarından biri kimi baxılır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya seçkilərin bütün Ukrayna ərazisində keçirilməməsinə baxmayaraq, seçkilərin nəticələrini tanımağa hazırdır. Qeyd edək ki, seçkilər Rusiya tərəfindən işğal olunan Krımda, Donetsk və Luqansk vilayətlərinin doqquz seçki dairəsində keçirilməyib. Bu isə təxminən 3 milyon insanın seçkilərdə iştirak etmədiyi anlamına gəlir.

Krım və Donbas hövzəsinin xeyli hissəsinin seçkilərdə iştirak etməməsinin nəticəsində Ali Radaya 450 deyil, 423 deputat seçiləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 198 deputat majoritar, 225 isə partiya siyahıları üzrə seçiləcək. Donetsk və Luqansk vilayətlərində yaradılan “xalq respublikaları” isə 2 noyabr tarixində onların nəzarət etdiyi ərazilərində ayrı seçkilərin keçiriləcəyini elan ediblər. S .Lavrov Rusiyanın “xalq respublikalarının” seçkilərini tanımaq niyyətində olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm