Rusiyada yeni “mafiya müharibəsi” - “Ded Xasan”ın varisi qayıdır
Bizi izləyin

Dünya

Rusiyada yeni “mafiya müharibəsi” - “Ded Xasan”ın varisi qayıdır

İspaniya hakimiyyəti Rusiyanın Daxili İşlər Nazirliyinin xahişini yerinə yetirib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın varisi sayılan “Gənc Şakro” ləqəbli “qanuni oğru” Zaxari Kalaşov Rusiyaya ekstradisiya olunub.

Kriminal dünyanın nüfuzlu simalarından sayılan Z.Kalaşov İspaniyada rus mafiyasının başçısı olub. O, 2010-cu ilin yayında çirkli pul yuyulması və cinayətkar qruplaşmanın təşkilinə görə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2005-ci ilin iyununda isə polisin apardığı əməliyyat zamanı cinayətkar qruplaşma üzvlərinin əksəriyyəti saxlanılmışdı. Onlar İspaniya, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşları idilər. Z.Kalaşov isə Birləşmiş Ərəb Əmirliklərinə qaça bilsə də burada həbs olunaraq 2006-cı ilin mayında İspaniyaya təhvil verilib.

Rusiya hüquq mühafizə orqanları paytaxtda yerləşən “Golden Palace” və "Kristal” kazinolarında nüfuz sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı cinayətlər seriyasında iştiraka görə Kalaşovu şübhəli hesab edir. Kazinolarda gəlirlərin bölüşdürülməsi qətllər və dələduzluqla müşayiət olunurdu.

Rusiya mediası qeyd edir ki, “Gənc Şakro”nun Rusiyaya qayıdışı mafiya qəbilələri arasında yeni qarşıdurmalara və kriminal dünyada nüfuz sahələrinin yenidən bölüşdürülməsinə gətirib çıxara bilər. Bildirilir ki, “Gənc Şakro” 2013-cü ilin yanvarında öldürülmüş “Ded Xasan”ın yerinə əsas iddiaçı hesab olunur. Həmin vaxtdan “Ded Xasan”In "taxt"ı boşdur.

Hazırda Rusiya kriminal dünyasında real hakimiyyətin Oleq Şişkanov, Vladimir Tyurin (Sibirdə böyük biznesə nəzarət edir), Sergey Aksyonov və Aleksey Petrova məxsus olduğu deyilir. Kalaşovun maraq dairəsinəa ən müxtəlif ticarət müəssisələri və firmalar, bazarlar, kazino, banklar və neft-qaz kompleksi daxil idi. Bir neçə illik qızğın fəaliyyət “Gənc Şakro”ya çoxlu düşmən qazandırıb. Ona həm Moskvada, həm də vətəni Gürcüstanda dəfələrlə sui-qəsd olunub. Kalaşovun ən qatı düşmənləri arasında isə paytaxtın güclü qruplaşmalarından sayılan İzmailovsk qruplaşmasının olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm