• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gürcüstan rəhbərliyində “müharibə” - prezident nədən küsüb?

  • Dünya
  • 29 Oktyabr 2014 16:10
  • 542 Baxış
Gürcüstan rəhbərliyində “müharibə” - prezident nədən küsüb?

Son zamanlar Gürcüstanda ən çox müzakirə edilən məsələlərdən biri də prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili arasında gedən “müharibədir”.

Publika.az-ın verdiyi xəbərə görə, ölkənin iki ali rəsmisi arasındakı “müharibə”ni gücləndirəcək növbəti hadisə baş verib.

Məsələ ondadır ki, prezident Georgi Marqvelaşvili 28-29 oktyabrda Brüsseldə Birinci Dünya Müharibəsinə həsr edilmiş tədbirlərdə iştirak etməyi planlaşdırırdı və bu barədə mediaya da açıqlama verilmişdi. Dövlət başçısının səfərinə bir neçə gün qalmış prezident administrasiyası səfərin ləğv edildiyini açıqlayıb. Eyni zamanda Gürcüstanın Belçikadakı səfirliyi bu ölkədəki gürcü icmasının nümayəndələrinə bildirib ki, Marqvelaşvilinin səfərinin ləğvi “Gürcüstandakı böhran”la əlaqədardır. Daha sonra isə səfirlik bəyanatına düzəliş edib: “Biz Gürcüstanda daxili siyasi böhranı nəzərdə tutmurduq. Biz Rusiya və Abxaziyanın planlarından danışırdıq”.

Ardınca isə prezident administrasiyası 28 oktyabrda Milli Təhlükəsizlik Şurasının Rusiya-Gürcüstan münasibətlərinin müzakirəsi və Abxaziya problemi üzrə iclasını təyin edilməsi barədə prezidentin qərarını açıqlayıb. Amma indiyə qədər anlaşılmır ki, dövlət başçısı Milli Təhlükəsizlik Şurasının iclasını niyə məhz 28 oktyabra təyin edib. Halbuki, onun Belçikaya səfəri bir neçə aydır planlaşdırılmışdı. Marqvelaşvili Brüsseldə olacağı iki gün ərzində Abxaziyanın ətrafında vəziyyət necə dəyişə bilərdi? Bundan başqa, əgər Təhlükəsizlik Şurasının iclası bu qədər əhəmiyyətli idisə, Marqvelaşvili Yaponiyaya səfərini niyə ləğv etmədi? İndiyə qədər bu suallara cavab yoxdur. Amma dəqiq olan odur ki, Marqvelaşvili-Qaribaşvili qarşıdurmasında baş nazir qalib gəlib.

İddialara görə, Təhlükəsizlik Şurasının “Rusiya mövzusu” üzrə iclası qalmaqal və qarşıdurma üçün yeni səbəbə çevrilib. Gürcü mediasının yazdığına görə, Gürcüstanda prezident və baş nazirin arasında səlahiyyətlərin bölüşdürülməsi uğrunda mübarizə gedir. Baxmayaraq ki, kimin hansı səlahiyyətlərə malik olması Gürcüstan Konstitusiyasında aydın əks olunub. Maqvelaşvili səlahiyyətlərin azlığı ilə barışmaq niyyətində deyil. Gürcüstanın sonsuz intriqaları və gizli mübarizə ilə “Qafqaz Bizansı”na çevrildiyini yazan gürcü mediası bütün bunların kiçik ölkəni böyük problemlərlə üz-üzə qoyacağını qeyd edir.

Xatırladaq ki, ölkənin liderləri arasında bundan əvvəlki qarşıdurma Gürcüstanı BMT Baş Assambleyasının ötən ay keçirilən 69-cu sessiyasında kimin təmsil etməsinin müəyyənləşdirilməsi ətrafında baş vermişdi. Həmin vaxt bir çoxları hesab edirdi ki, bu, prezident və baş nazirin arasında son münaqişə deyil. Ehtimallar özünü doğruldur. Gürcü politoloqu Nanu Devdariani hesab edir ki, xoşagəlməz hadisələr üçün məsuliyyət tamamilə prezidentin üzərinə düşür: “Çünki o, yaxşı bilirdi ki, hansı səlahiyyətlər daxilində prezidentliyə namizəd olur. İndi isə elə mənzərə yaranıb ki, Marqvelaşvili sanki prezident seçildikdən bir il sonra bütün səlahiyyətlərin baş nazirdə olduğunu bilib”.

Həmin vaxt “BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında ölkənin kim təmsil edəcək?” mübahisəsi nəhayət hökumət başçısının qələbəsi ilə başa çatmışdı. Öz növbəsində prezident ABŞ-a səfərinin ləğv edildiyini açıqlayaraq, qarşı tərəfi ittiham etmişdi: “BMT Baş Assambleyasının sessiyasına mənim iştirakımın qarşısı alınıb. Bu səhər mənə məlum oldu ki, bu səfərə mane olmaq üçün ciddi iş aparılıb. Bu addımlar dövlət maraqlarına əsaslanmadan atılıb. Əgər biz bu yolla gedəcəyiksə və hər hansı dövlət institutunu inhisara almağa çalışacağıqsa, o halda biz Saakaşvilinin təsiri altında qalacağıq”.

Gürcüstanın baş naziri isə prezidentlə münasibətlərin bu şəkildə pisləşməsini gözləmədiyini bildirmişdi: “Mən bu məsələdən çox narahatam. Əgər desəm ki, bu haqda çox düşünürəm, yalan danışmış olaram. Amma əlbəttə ki, son zamanlar baş verənlərə görə təəssüf edirəm. Mən münasibətlərin bu şəkildə pisləşməsini gözləmirdim”.

Gürcüstan Konstitusiyasının yeni modelinə əsasən (2010-cu ilin oktyabrında parlament tərəfindən qəbul edilib və 2013-cü il prezident seçkilərindən sonra qüvvəyə minib) prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılıb və parlament ilə hökumət arasında bölüşdürülüb. Məhz yeni Konstitusiyaya istinad edən hökumət nümayəndələri xarici səfərlərə niyə Marqvelaşvilinin getməməli olduğunu əsaslandırmağa çalışırlar.

“Xarici səfərləri Xarici İşlər Nazirliyi təşkil edir. Hökumət xarici siyasət prioritetlərinin əsas icraçısıdır”, - deyə Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili bildirib.

Müxalifət deputatı Nuqzar Siklauri hökumətlə prezidentin münasibətlərini “milli böhran” adlandırıb.

Qarşıdurma haqqında müzakirələr hətta o səviyyəyə çatıb ki, KİV-də Marqvelaşvili tərəfindən yeni siyasi gücün yaradılacağı barədə xəbərlər yayılıb. Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili də müzakirələrə qoşularaq bildirib ki, Marqvelaşvili hökumət və Gürcüstan parlamenti ilə rəqabəti aparır. Marqvelaşvili isə cavabında hökumətlə rəqabət aparmadığını və heç vaxt hakimiyyətin müxtəlif strukturlarının fəaliyyətinə mane olmağa cəhd göstərmədiyini açıqlamışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR