Koalisiya təhlükədə: Maydan qəhrəmanları fərqli qütblərdə
Bizi izləyin

Dünya

Koalisiya təhlükədə: Maydan qəhrəmanları fərqli qütblərdə

Ukrayna Ali Radasına 26 oktyabrda keçirilən növbədənkənar seçkilərin liderləri olan “Pyotr Poroşenkonun Bloku" və "Xalq cəbhəsi" Partiyası dünən koalisiya razılaşması layihələrini elan etdilər.

“Pyotr Poroşenkonun Bloku"nun üç bölmə və 48 səhifəlik layihəsi Ukrayna cəmiyyətində islahatların keçirilməsini əks etdirir. “Xarici təcavüzü və daxili çağırışları nəzərə alaraq bizim qarşımızda hər şeydən əvvəl “Olmaq və ya olmamaq?" sualı dayanır. Korrupsiya, yoxsulluq, iqtisadi gerilik – bunlar separatçılar, terrorçular, intiqamçılar və təcavüzçülərin ən güclü müttəfiqidir. Biz neofeodal siyasi-iqtisadi modeli sındırmalı, oliqarxlar və korlanmış bürokratiyanın kiçik dairəsini zənginləşdirən mexanizmi sökməliyik”, - deyə "Pyotr Poroşenkonun Bloku”nun koalisiya razılaşması layihəsində deyilir.

Sənəddə bildirilir ki, 2015-ci ildə dövlət büdcəsi ehtiyacları nəzərə almalı və Beynəlxalq Valyuta Fondunun proqramına cavab verməlidir.

“Xalq cəbhəsi” Partiyasının lideri, baş nazir Arseniy Yasenyukun təqdim etdiyi koalisiya razılaşmasının layihəsi islahatların keçirilməsi üçün lazım olan 36 qanun layihəsini özündə birləşdirir. “Pyotr Poroşenkonun Bloku”nun koalisiya razılaşması layihəsində “Xalq Cəbhəsi” Partiyası və Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası ilə koalisiyanın yaradılması təklif olunsa da, hökumət rəhbəri fərqli düşünür. A.Yasenyukun layihəsində Ali Radada mandat qazanan “Batkivşina” və “Radikal” partiyalarının da yaradılacaq hökumətdə təmsil olunmasının vacibliyi vurğulanıb.

Hazırda əsas məsələlərdən biri də hökumətin formalaşdırılması prosesini kimin üzərinə götürməsidir. Son nəticələrə görə, baş nazirin “Xalq cəbhəsi” Partiyası seçkilərin qalibidir. Yasenyuk hesab edir ki, hökuməti qalib partiya formalaşdırmalı və baş nazir də qalib partiyanın lideri olmalıdır.

“Pyotr Poroşenkonun Bloku” isə Ukrayna Mərkəzi Seçki Komissiyasının indiyə kimi saydığı seçki bülletenlərinə əsaslanaraq, Ali Radada ən azı 130 deputatla təmsil olunacağına ümid edir. Deputatlığa namizəd, baş nazirin keçmiş müavini Vladimir Qroysman “Pyotr Poroşenkonun Bloku"nun digər siyasi partiyalardan bir milyon çox səs aldığını deyib.

Politoloq və iqtisadçı Boris Kuşnirukun sözlərinə görə, prezidentin siyasi partiyası parlamentdə ən azı yerlərin üçdə birini alacaq və bu onu inamla seçkilərin qalibi hesab etməyə imkan verir. “Majoritar və partiya siyahıları üzrə seçki sisteminin qalibi odur ki, parlamentdə yerlərin əksəriyyətini alsın . Seçkilərin qalibi əlbəttə ki, "Pyotr Poroşenkonun Bloku"dur”, - deyə B.Kuşniruk “Amerikanın Səsi” radiosunun rus xidmətinə açıqlamasında deyib.

B.Kuşniruk hesab edir ki, müxtəlif siyasi gücləri təmsil edən P.Poroşenko və A.Yasenyuku koalisiya mövzusunda razılaşması çətin olacaq: “Bu siyasi mübahisənin məntiqidir. Onlar bir yerdə yaşaya bilərlər, amma bir komandada islahatlar aparmaq çətindir. Baş nazir və prezident müxtəlif siyasi güclərə başçılıq edirlərsə, onların arasında münaqişənin başlanması riski olduqca yüksəkdir”.

Ukraynalı politoloqu Aleksandr Xarebinanın sözlərinə görə, seçkilər iki siyasi gücün – baş nazir A.Yasenyukun “Xalq cəbhəsi” və Lvov meri Andrey Sadovoyun qələbəsi ilə başa çatıb: “Qarşılıqlı yardım” Partiyası “Pyotr Poroşenkonun Bloku” və "Xalq cəbhəsi” arasındakı danışıqlar prosesində çox əhəmiyyətli rol oynayır. Heç kim gözləmirdi ki, partiya Ali Radaya iyirmidən çox deputat keçirə biləcək. Böyük ehtimalla prezident və ya baş nazir öz mövqeyinin gücləndirilməsi üçün bu siyasi gücün siyahısında yer alan təsadüfi insanları tovlamağa çalışacaq”.

O qeyd edib ki, P.Poroşenkonun siyasi gücü parlament koalisiyasının formalaşdırılması üçün lazım olan səsləri ala bilməyib. Ekspertin fikrincə, yaxın günlərdə parlament gücləri arasında siyasi konsultasiyaların nəticələrini görmək mümkün olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm