• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arzusu gözündə qalan Gürcüstan prezidenti

  • Dünya
  • 1 Noyabr 2014 12:40
  • 1 014 Baxış
Arzusu gözündə qalan Gürcüstan prezidenti

Gürcüstanda prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili arasında gedən sirli “müharibə” bu gün qonşu ölkədə ən çox müzakirə olunan mövzulardandır. Xarici səfərlə bağlı ölkənin iki ən yüksək rəsmisi arasında yaranan qalmaqallara daha biri əlavə olundu.

Gürcüstan prezidenti Georqi Marqvelaşvili Daxili İşlər Nazirliyinin operativ-texniki departamentinin telefon söhbətlərinə gizli qulaq asması hüququnun 1 mart tarixinə qədər uzadılmasına veto qoyub. Dövlət başçısı parlamentə bu hüququ 1 dekabra qədər uzatmağı təklif edib və Gürcüstan parlamenti də prezidentin təklifini nəzərə alıb. Baş nazir isə bundan narazı qalıb. İ.Qaribaşvilinin fikrincə, prezidentin parlamentin deputatları və hökumət üzvləri ilə məsləhətləşməsi daha doğru addım olardı.

Prezident və baş nazirin arasında “müharibə” elementləri özünü Gürcüstanı BMT Baş Assambleyasının ötən ay keçirilən 69-cu sessiyasında kimin təmsil etməsinin müəyyənləşdirilməsi ətrafında özünü göstərməyə başladı. Sessiyada prezident çıxış etmək istəsə də baş nazir buna imkan verməyərək okeanın o tayına özü yollandı. Digər belə bir qalmaqal isə bu həftə baş verdi. Prezident G.Marqvelaşvili 28-29 oktyabrda Brüsseldə Birinci Dünya Müharibəsinə həsr edilmiş tədbirlərdə iştirak etməyi planlaşdırırdı və bu barədə mediaya da açıqlama verilmişdi. Dövlət başçısının səfərinə bir neçə gün qalmış prezident administrasiyası səfərin ləğv edildiyini açıqladı.

Nə baş verir və günahkar kimdir? Gürcü politoloqu Nanu Devdariani hesab edir ki, xoşagəlməz hadisələr üçün məsuliyyət tamamilə prezidentin üzərinə düşür. “Çünki o, yaxşı bilirdi ki, hansı səlahiyyətlər daxilində prezidentliyə namizəd olur. İndi isə Marqvelaşvili sanki prezident seçildikdən demək olar ki, bir il sonra bütün səlahiyyətlərin baş nazirdə olduğunu bilib”, - deyə politoloq deyib.

Baş nazirin özü də yaranmış böhrana görə qarşı tərəfi ittiham edir. Qaribaşvilinin sözlərinə görə, heç kim Gürcüstan prezidentini hüquqlardan məhrum etmir: “Ancaq biz verdiyimiz qanunları Konstitusiya uyğunlaşdırırıq. Bu gün prezident icra hakimiyyətinin rəhbəri deyil, bu funksiya Gürcüstan hökumətinə verilib. Prezident və dövlət başçısının hər birinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyətləri var”.

Təbii ki, prezidenti Konstitusiya ilə ona verilmiş səlahiyyətlərin nədən ibarət olmasından xəbərsiz deyil. Son Konstitusiya dəyişiklikləri ilə prezidentlərin səlahiyyətləri azaldılaraq baş nazirə verilib. Marqvelaşvili prezidentliyə namizəd olanda da ölkədə əsas söz sahibinin baş nazir olacağından xəbərdar idi. Maqvelaşvili-Qaribaşvili qarşıdurmasının tam səbəbləri bəlli olmasa da, hadisələrin bu şəkildə inkişafı istənilən halda digər bir qüvvənin lehinə işləyir. Bu isə prezident postunu təhvil verdiyi gün ölkəni tərk edən Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat"dır.

Gürcüstan prezidenti də Saakaşvilinin pusquda dayanmasından əmindir. “BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında ölkənin kim təmsil edəcək?” mübahisəsinin hökumət başçısının qələbəsi ilə başa çatanda prezident sözügedən təhlükə barədə xəbərdarlıq etmişdi: “BMT Baş Assambleyasının sessiyasına mənim iştirakımın qarşısı alınıb. Bu səhər mənə məlum oldu ki, bu səfərə mane olmaq üçün ciddi iş aparılıb. Bu addımlar dövlət maraqlarına əsaslanmadan atılıb. Əgər biz bu yolla gedəcəyiksə və hər hansı dövlət institutunu inhisara almağa çalışacağıqsa, o halda biz Saakaşvilinin təsiri altında qalacağıq”.

Prezident-baş nazir qarşıdurma haqqında müzakirələr hətta o səviyyəyə çatdı ki, KİV-də Marqvelaşvili tərəfindən yeni siyasi gücün yaradılacağı barədə xəbərlər yayılıb. Amma gələcəkdə Gürcüstanla bağlı ağla gələn mümkün variantlardan biri də Marqvelaşvili-Saakaşvili İttifaqının yaranmasıdır? Belə bir variantı irəli sürməyə əsasımız var. Baş nazir və prezident arasında qarşıdurmada G.Marqvelaşvili azlıqda qaldı. Müxalifət partiyalarının əksəriyyəti bu qarşıdurmada hökumət başçısını müdafiə etdi. Sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası istisna olmaqla. Saakaşvilinin partiyasının dövlət başçısını müdafiə etməsi Qaribaşvilinin düşərgəsində qıcıq yaratdı. Gürcüstanın ədliyyə naziri Teya Sulukiani Saakaşvilinin partiyasını Marqvelaşvilinin vəkili adlandırdı. Onun sözlərinə görə, Marqvelaşvili elə fiqur deyil ki, “Vahid Milli Hərəkat”ının vəkilliyinə ehtiyacı olsun. Amma əminliklə söyləmək olar ki, dövlət başçısının təklənəcəyi halda onun Saakaşvilidən başqa üz tutacağı kimsə olmayacaq.

İki həftə bundan əvvəl “Demokratik hərəkat – vahid Gürcüstan” Partiyasının sədri, Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze verdiyi sensasion bəyanatı da mümkün Marqvelaşvili-Saakaşvili ittifaqı konteksində qiymətləndirmək olab. Burcanadze ölkənin indiki və keçmiş hakimiyyəti arasında gizli razılaşmanın mövcud olduğunu iddia edib: “Gürcü arsuzu” koalisiyası hər şeyi etdi ki, Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”ı onun əsas opponenti kimi görünsün. Məhz belə də “görünür”. Çünki, “Vahid Milli Hərəkat” ümumiyyətlə bu bir müxalifət deyil, cinayətkar təşkilatdır. Amma ondan “əsas müxalifət gücü”nü yaratmaq göründüyü kimi, indiki hakimiyyətə sərfəlidir. İstənilən obyektiv insan sizə deyəcək ki, “Vahid Milli Hərəkat” Partiyasının prezident, parlament və bələdiyyə seçkilərində ikinci yeri tutması yalan, tamamilə qeyri-real və həqiqətə uyğun deyil. Ancaq məhz gizli sözləşmə və “Gürcü arzusu”nun effektsiz siyasəti “Vahid Milli Hərəkat”ının belə “nəticələr” qazanmasına imkan verdi”.

“Zəhmət olmasa, seçkiqabağı dövrdə prezidenti Georgi Marqvelaşvilinin əsas şüarını xatırlayın. O, gürcü xalqına söz verdi ki, “Vahid Milli Hərəkat”dakı cinayətkar "koalisiya" bitəcək və ”ədalət qalib gələcək”. Bəs hanı bu ədalət”, - deyə N.Burcanadze vurğulayıb.

N.Burcanadze bundan daha öncə verdiyi bəyanatların birində də yeni Saakaşvili erasının başlana biləcəyinə diqqət çəkib. O, qeyd edib ki, məhz hazırki iqtidarın yürütdüyü siyasət hesabına M.Saakaşvilinin partiyası “Gürcü koalisiya”sına alternativ siyasi qüvvə kimi mövcudluğunu qoruyub saxlamaqdır: “Saakaşvilinin partiyası güclənməkdədir. Belə davam etsə, “Gürcü arzusu” siyasi baxımdan zəifləyəcək və böyük ehtimalla Vahid Milli Hərəkat hakimiyyətə qayıdacaq“.

Əslində, vəziyyət bu istiqamətdə də inkişaf edir. İqtidardakı “Gürcü arzusu” koalisiyasının xalqa verdiyi vədləri yerinə yetirməməsi keçən hər gün Saakaşvilinin partiyasına əlavə xallar gətirir. Bunun fərqində olan Marqvelaşvilinin isə yaxın vaxtlarda koalisiyanı tərk etməsi istisna olunmur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR