Devrilən prezident qonşu ölkədə lüks mehmanxanada yaşayır
Bizi izləyin

Dünya

Devrilən prezident qonşu ölkədə lüks mehmanxanada yaşayır

Dünən ordu tərəfindən devrilən Burkina-Fasonun prezidenti Blez Kompaore Kot-d'İvuara qaçıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kot-d'İvuarın paytaxtı Yamusukronun mehmanxalarından birinin əməkdaşı deyib.

“Keçmiş prezident hazırda Yamusukronun lüks mehmanxanalarından birindədir. Mən dünən ona şam yeməyi və bu gün səhər yeməyi verdim”, - deyə mehmanxananın əməkdaşı bildirib.

Bir başqa şahid bildirib ki, Kompaorenin xarici qonaqlar üçün ayrılan iqamətgaha doğru hərəkət edən 30 avtomobildən ibarət kortejini görüb.

Qeyd edək ki, Burkina-Fasoda hakimiyyət dünəndən ordunun əlindədir. Silahlı Qüvvələrin Baş Qərargahından dünən verilən bəyanarda prezident B.Kompaorenin daha dövlət başçısının funksiyalarını icra etmədiyi bildirilib.

Burkina-Fasonun paytaxtı Uaqaduquda kütləvi nümayişlər oktyabrın 28-də başlayıb. On minlərlə insan Kompaorenin prezident müddətinin uzadılmasına qarşı etiraz edir. Toqquşmalarda 30-a qədər insanın öldüyü xəbər verilir. B.Kompaore müxalifəti siyasi dialoqa dəvət etsə də, bu çağırış onun hakimiyyətdə qalmasına kömək etməyib.

Xatırladaq ki, Kompaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm