Müdafiə Nazirliyi Marqvelaşvili-Qaribaşvili “müharibəsi”ndə meydan rolunda
Bizi izləyin

Dünya

Müdafiə Nazirliyi Marqvelaşvili-Qaribaşvili “müharibəsi”ndə meydan rolunda

Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşlarının bədxərcliyi ilə bağlı cinayət işinin ətrafında qalmaqal böyüyür.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, müdafiə naziri İrakli Alasaniyanın mümkün istefası haqqında da iddialar səslənir.

Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə “Silknet” şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.

Gürcüstan hakimiyyətinin hadisəyə reaksiyasının isə təmkinli olduğu bildirilir. “Bu hadisə mənim üçün çox təhqiredicidir. Cavabsız sualların qalmaması üçün prokurorluğa işi araşdırmağa imkan verməliyik”, - deyə baş naziri İrakli Qaribaşvili deyib.

Müdafiə naziri İ.Alasaniyanın mümkün istefası haqqında suala isə baş nazir “Siz çox tələsirsiniz” şəklində cavab verib. Gürcüstan prezidenti Georqi Marqvelaşvili müdafiə nazirinin istefasını ağlasığmaz adlandırıb. O, Alasaniyanı “çox effektli nazir” hesab edib. Eyni zamanda, xarici işlər naziri Maya Pandjikidze, iqtisadiyyat naziri Georgi Kvirikaşvili və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili həmkarını dəstəkləyib.

Ancaq 31 oktyabrda məlum olub ki, Gürcüstanın Baş Prokurorluğu müdafiə nazirinin müavini Aleksi Batiaşvilini dindirməyə hazırlaşır. Dindirilmə bu günə təyin edilib. Dünən isə İ.Qaribaşvili bildirib ki, o, Alasaniyaya bir sıra sualları vermək fikrindədir və hadisələrdən yekun nəticəni çıxarmağa hazır deyil: “Biz istintaqın nəticələrini gözləməliyik. Əgər belə ağır bir ittiham təsdiqlənərsə, o halda bu yalnız nazirin məsuliyyəti olmayacaq, həm də mənim məsuliyyətim olacaq. Mən hər şey üçün məsuliyyət daşımağa hazıram və bunu başqalarından da tələb edirəm".

Müdafiə nazirinin özü isə bildirib ki, əməkdaşlarının günahsız olmasından şübhələnmir: “Mən əməkdaşlarımın tam günahsız olmasına əminəm. Çünki satınalınmalar prosesini müşahidə edirəm və bilirəm ki, hər şey qanunlara tam uyğun hazırlanıb. Amma hansısa suallar yaranıbsa, onlara cavab vermək lazımdır. Müdafiə Nazirliyi istintaqla əməkdaşlığa hazırdır. Mənim baş nazir, prezident, parlament sədri, həmçinin müvafiq parlament komitələri ilə görüşüm planlaşdırılıb. Təbii ki, hər şey öz adı ilə adlandırılmağa başlayanda bu yanlış fikri cəmiyyətə daxil edənlərin məsuliyyəti məsələsi ortaya çıxacaq”.

Nəhayət, İ.Alasaniya ictimai nəzarətin olması üçün cinayət işinin üzərindəki “məxfi”liyin götürülməsinə ehtiyacın olduğunu söyləyib.

Gürcüstan mediasında isə Müdafiə Nazirliyindəki saxlanılmaların arxasında müəyyən siyasi səbəblərin də olmasına istisna etmirlər. Gürcüstan müdafiə nazirinin özü isə cinayət işinin mümkün siyasi səbəbi haqqında suala cavab verməkdən yayınıb. Amma Gürcüstan prezidenti ilə baş nazir arasında son aylarda yaşanan qarşıdurmanın daha da şiddətlənməsi fonunda siyasi amilləri də diqqətdən qaçırmaq olmaz. Nəzərə alaq ki, Alasaniya Qaribaşvilinin başçılıq etdiyi hökumətdə yer alıb və baş nazirin ən etibarlı adamlarından biri hesab olunur. Aydındır ki, ittihamlar sübut olunacağı halda məsuliyyəti yalnız Alasaniya deyil, həm də Qaribaşvili daşıyacaq. Baş nazir də bunun fərqində olduğunu gizlətməyib.

Qaribaşvili hökumətinin etibarının sarsılmasında maraqlı olan ilk şəxs heç şübhəsiz ki, prezident Marqvelaşvilidir. Yəni, ən azından indiki halda ağla gələn ilk versiya budur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm