• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Konqresə seçkilər, yoxsa Ukrayna uğrunda döyüş? - TƏHLİL

  • Dünya
  • 4 Noyabr 2014 12:42
  • 639 Baxış
Konqresə seçkilər, yoxsa Ukrayna uğrunda döyüş? - TƏHLİL

Bu gün Amerikada Konqresin Nümayəndələr Palatasında bütün yerlərə, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilir.

Ekspertlər seçkidə respublikaçıların son 10 ildə ilk dəfə olaraq Konqresə nəzarəti ələ ala biləcəyini proqnozlaşdırırlar. Bunun demokratların hakimyyətdə olacağı növbəti iki ildə prezident Barak Obama ilə siyasi mübahisələri yeni müstəviyə çıxaracağı gözlənilir. Birləşmiş Ştatlarda daha mühafizəkar partiya hesab edilən Respublikaçılar Partiyası 435 yerlik Nümayəndələr Palatasına artıq nəzarəti əlinə alıb və ara seçkilərdən sonra tutduğu 233 yerə yeni yerlər əlavə edə bilər. Respublikaçıların 100 yerlik Senatda da üstünlük qazanacağı ehtimalı yüksəkdir. Hazırda Senatda 55 yerə malik liberal demokratlar üstünlüyə malikdir. Ölkə üçün bir sıra taleyüklü qanunların qəbulu üçün isə Senatda üstünlük qazanmaq olduqca mühümdür.

ABŞ-ın Demokratlar Partiyası ara seçkilərdə Senatda üstünlüyü əldə saxlamaya çalışır. Amma prezident Barak Obamanın təmsil olunduğu partiyanın bu istəyinə onun aşağı reytinqi mane ola bilər. Ekspertlər güman edir ki, hazırda müxalif Respublikaçılar Partiyası bu seçkilərdə həm Konqresi və hətta Nümayəndələr Palatasını ələ ala bilər. Belə ki, seçicilər arasında Obamanın reytinqi 50 faizdənn azdır.

Nəinki ABŞ-da, hətta xaricdə Obamanın olduqca zəif lider olduğunu düşünürlər. Məsələn, bir neçə gün əvvəl İran İslam Respublikasının prezidenti Həsən Ruhani açıqlamasında Barak Obamanı ABŞ-ın ən zəif prezidenti adlandırıb. O, bildirib ki, Obamanın hakimyyəti dövründə Amerika xalqı böyük məğlubiyyətlər yaşayıb: “Obamanın idarəçiliyə başladığı vaxtlarda terorrçuluq genişləndi və ABŞ hakimyyəti ən kiçik məsələlərdə belə uduzdu”.

Respublikaçılar da ABŞ-ın xarici siyasətindən çox narazıdır və önəmli dəyişikliklər üçün həm Nümayəndələr Palatasında, həm də Senatda həlledici üstünlük qazanmaq istəyirlər. Obamanı respublikaçıların hədəfinə çevirən əsas məsələ isə onun Ukrayna böhranında zəiflik nümayiş etdirməsidir. Düzdür, ABŞ Qərbi səfərbər edərək Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına nail oldu. Amma hazırkı vəziyyət onu deməyə əsas verir ki, sanksiyalar Rusiyanı dayandırmaq gücündə deyil. Milyardlarla dollar kapitalın ölkəni tərk etməsinə, rublun dəyərinin sürətlə aşağı düşməsinə və ölkənin can damarı hesab olunan neft-qaz sektoru üçün müasir qərb texnologiyalarının artıq əlçatmaz olmasına baxmayaraq, Rusiya Ukrayna məsələsində geri çəkilmək niyyətində deyil. İki gün əvvəl Donetsk və Luqansk “xalq respublikaları”nda keçirlən “seçkilər” də bunu göstərdi.

Respublikaçılar isə Vaşinqtondan əlavə addımlar tələb edir. Məsələn, Ukraynaya yüksək dəqiqlikli və hücum silahlarının çatdırılması.

Ukrayna prezidenti Pyotr Poroşenko sentyabrın 18-də ABŞ-a səfərində Vaşniqtondan silah istədi. Lakin Ağ Ev Ukrayna prezidentinin bu xahişini rədd etdi. “Wall Street Journal” nəşri Obamanın Ukraynaya silah verməkdən imtina etməsini onunla izah edir ki, Ukraynanın silahlandırılması Moskvanı növbəti təxribatlara provokasiya edə və Vaşinqton dolayısı olsa da müharibəyə cəlb oluna bilər. Obama hərbi yardımın əvəzinə beynəlxalq cəmiyyəti Rusiyaya qarşı səfərbər edəcəyinə söz verdi. Beynəlxalq analitiklər isə bu vədə inanmaq istəmirlər və indiyə kimi atılan addımların səmərəlilik dərəcəsini göstərirlər.

ABŞ-ın “Forbes” nəşri isə Senatda yerlərin əksəriyyətinin Demokrat Partiyasında qalacağı halda Vaşinqtonun Ukrayna siyasətinin davam edəcəyini yazıb. Qeyd olunur ki, Senatın demokrat çoxluğun lideri Harri Rid Ukraynanın lehinə olan, ilk növbədə bu ölkəyə silah satışı ilə bağlı qanun layihələrinin qəbul olunmasına qarşı çıxacaq. Əgər Senat üzərində nəzarət respublikaçıların əlinə keçərsə, Ukraynanın ABŞ-dan silah alması üçün şans yaranacaq.

Amerikalı ekspert Pol Qreqori hesab edir ki, Vaşinqtonun Ukrayna siyasətindəki qətiyyətsizliyi Şimali Atlantika İttifaqını (NATO) dağılmaq təhlükəsi qarşısında qoyur. Onun fikrincə, Amerikanın siyasi elitası da tədricən eyni nəticəyə gəlir: biz Rusiyanın təcavüzündən müdafiə olunmaq üçün Ukrayna silah verməyə məcburuq. İndi diplomatların (Mayk Makfol, Stroub Telbott) uzun siyahısına generallar (Martin Dempsi, Filip Bridlav və başqaları), Konqres üzvləri və senatorlar (Ben Nelson, Sander Levin, Cim Qerlax, Djerland Konnoli, Robert Menendes, Bob Korker və başqaları) qoşulub. Onlar prezident Obamanın Ukrayna ilə bağlı siyasətini qəbul etməkdən imtina edirlər. Keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Leon Panetta da prezidentin Ukrayna ilə bağlı siyasətinə qarşı çıxanlardandır. Respublikaçı senator Rob Portman və demokrat senator Ben Kardin bildirib ki, ABŞ təcili olaraq Ukrayna ordusuna yardım etməlidir.

“Siyasi və iqtisadi dəstək vacibdir. Lakin bu dəstək Ukraynanın məqsədinə çatmasına kömək etməyəcək. Əgər Ukrayna ordusu ölkənin cənub şərqində nəzarəti ələ ala bilməsə, siyasi və iqtisadi dəstəyin heç bir mənası olmayacaq. Kiyev hökumətinin Maydanda verdiyi vədə əməl etməsi üçün Ukrayna ordusuna təcili yardım göndərməliyik”, - deyə senatorlar bildiriblər.

Obama Ukraynaya silah verilməsinə qarşı çıxır və hesab edir ki, Ukraynaya silah verilməsi Vaşinqtonun münaqişənin hərbi həllinə çalışdığı təəssüratı yarada bilər. Respublikaçılarla yanaşı bəzi demokratlar da Obamanın Ukrayna ilə bağlı siyasətindən narazılıq edir. Demokrat-senator Ben Nelson bildirib ki, əgər Obama hərəkət etməyə başlamasa, Konqres işə qarışmalı olacaq. Hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:

1.H.R. 5190. “Ukraynanın təhlükəsizliyinin təmin olunmasına kömək haqqında” qanun layihəsi “separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək”, eyni zamanda “Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazımi dəstək” verilməsini nəzərdə tutur.

2. S.2828. “Ukraynada azadlığın dəstəyi haqqında” qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.

Konqresdə demokratların verdiyi dəstəyin artması respublikaçıların ABŞ prezidentinə ciddi təzyiqi ilə nəticələnəcək. Konqresdən gələn ciddi təzyiq isə Obamanı Ukraynaya hərbi yardım edilməsi üçün razılıq verməyə məcbur edəcək. Lakin hadisələrin gedişi onu göstərir ki, Obama müqavimət göstərmək niyyətindədir. Amma Ukrayna yalnız o halda real hərbi kömək ala biləcək ki, Konqres Obamanın bu müqavimətini sındırsın.

Ukrayna məsələsində Ağ Ev administrasiyası və Konqres arasında fikir ayrılığının böyüməsi ara seçkiləri bir növ referenduma çevirir. Yuxarıda da deyildiyi kimi, əgər demokratlar Senata nəzarət etməyə davam edəcəklərsə, H.R. 5190 və S.2828 qanun layihələri qəbul edilməyəcək.

Respublikaçıların qələbəsinin Vaşinqtonun Ukrayna siyasətinə əhəmiyyətli təsir edəcəyi gözlənilsə də, ekspertlər ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətində hansısa ciddi dəyişikliklərin olacağını proqnozlaşdırmırlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR