• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İŞİD-in ələ keçirdiyi şəhərdə nələr baş verir? – şahidin gözü ilə

  • Dünya
  • 4 Noyabr 2014 12:50
  • 1 444 Baxış
İŞİD-in ələ keçirdiyi şəhərdə nələr baş verir? – şahidin gözü ilə

Rakka – Suriyanın ən sakit şəhərlərindən biri idi. “Ərəb baharı”nın gəlişi ilə hər şey dəyişdi. Əvvəlcə şəhərə Azad Suriya Ordusu (ASO) soxuldu. Keçmiş prezident Hafiz Əsədin heykəlini aşırdılar. “Tezliklə hər şey yaxşılığa doğru dəyişəcək, Bəşər Əsədi yox edəcəyik” dedilər. Ancaq elə olmadı. Bəşər Əsəd hələ də sağdır. Azad Suriya Ordusunun döyüşçülərini isə xilafət ordusu məhv etdi. Rakkanı zəbt edən İŞİD şəhərə nəzarəti tam ələ keçirdi.

Yeni xilafət ordusunun ələ keçirdiyi şəhərlərdə həyat tamamilə dəyişib. Yeni qayda-qanunlar adi suriyalılar üçün çətinlik yaradır. Xristianlar və şiələr üçün isə ikiqat ağırdır.

Rakka şəhərindən qaçmış xristian qadınlardan biri bu haqda etnoqraf və jurnalist Aleksandr Rıbinə danışıb.

Publika. az həmin yazının ən maraqlı hissələrini təqdim edir.

Adi əyalət şəhəri

Dəməşq üzərində yenə qırıcı təyyarələr uçur. Onlar səmada dövrə vurur. Görünür ki, paytaxtdan çox da uzaqda olmayan Cobar şəhərinə zərbə endirməyə çalışırlar. Müharibənin nəfəsi Dəməşqin hər yerində hiss edilir.

Qarşımda dayanan Tatyana həyəcanla səmaya baxır. 3 yaşlı qızı Lilya anasının ayaqlarını qucaqlayıb.

Tatyananın əri suriyalıdır. Hələ sovet vaxtı Moskvada tanış olub evləniblər. Bir müddət Rusiyada yaşayıblar. Sonra da ərinin valideynlərinin yanına – Rakkaya köçüblər. Dörd uşaqları var.

Tatyana deyir ki, Rakka adi əyalət şəhəridir. Nə elə bir gəzməli-görməli yer var, nə də muzey. Odur ki, bu şəhərə turistlər ayaq basmırlar.

Ancaq şəhərdə ruslar çox idi. Yerlilərdən rus qadınları ilə evlənənlər hər il artırdı. Odur ki, bu kiçik şəhərdə rusca danışan qadınlar və uşaqlarla tez-tez rastlaşmaq olardı.

2010-cu ildə burada hətta Rus Mədəniyyət Mərkəzi də açılmışdı.

Suriyada vətəndaş müharibəsi başlayanda Rakka uzun müddət hadisələrdən kənarda qaldı. Şəhərdə həyat öz sakit axarı ilə gedirdi. Burada Bəşər Əsədə qarşı heç bir mitinq keçirilməmişdi.

Şəhərin Azad Suriya Ordusu tərəfindən ələ keçirilməsi sakinlər üçün gözlənilməz oldu. 2013-cü ildə, gecələrin birində hökumət qüvvələri şəhəri döyüşsüz tərk etmişdilər.

Şəhərlilər səhər tezdən oyananda Rakka artıq Azad Suriya Ordusunun bayraqları ilə bəzədilmişdi.

ASO döyüşçüləri xristianları və şiələri sevməsələr də, repressiya törətmədilər. Ancaq açıq-saçıq geyim tərzinə alışmış xristian qadınlar yaylıq bağlamağa və uzun paltar geyinməyə məcbur oldular...

Əvvəlki sakit həyat bir daha geri qayıtmayacaqdı. Ən çətin günlər isə qarşıda idi...

“İŞİD-də xeyli azərbaycanlı var”

2013-cü ilin martında ağır döyüşlər başladı. İraq İslam Şam Dövlətinin döyüşçüləri Azad Suriya Ordusunu Rakkadan çıxmağa məcbur etdilər.

Tatyana bunu belə xatırlayır: “Şəhər 10 gün susuz, qazsız, işıqsız qaldı. Qapını açmağa belə qorxurduq. Snayperlər o saat atəşə tuturdular. İŞİD döyüşçüləri Azad Suriya Ordusunun əsgərlərindən fərqlidir. ASO-çuların əksəriyyəti suriyalı idi. İŞİD-də hər millətdən var - azərbaycanlılar, əlcəzairlilər, taciklər və çeçenlər çoxluq təşkil edir. Hətta Çindən olan uyğurlar da var. Onlar gələn kimi qaydaları tamam dəyişdilər. Təsəvvür edin, 16 yaşlı oğlumu 3 günlük həbs etmişdilər. Saşa (Tatyananın oğlu – red) oxuduğu məktəbin həyətində öz sinif yoldaşı olan qızla söhbət edərkən onları partrul görmüşdü. Onu naməhrəmlə söhbət etdiyinə görə tutmuşdular”.

Yeni qaydalar

Tatyana deyir ki , İŞİD öz qaydalarını tətbiq etməyə başladı: “Qadınların hamısını Səudiyyə Ərəbistanındakı kimi başdan-ayağa qara geyinməyə məcbur etdilər. Uzun paltar, qara ayaqqabı, qara niqab. Bircə gözlər görünür...

Uşaqlarımız daha məktəbə getmədi. Ənənəvi məktəblər bağlanmışdı. Onların yerinə dini məktəblər açıldı. Xristian məbədini yandırdılar. İranlıların puluna tikilmiş şiə məscidini bünövrəsinədək buldozerlə uçurdular.

Məcbur qalıb islamı qəbul etdim. Xristianlığımı saxlamaq üçün ayda 1000 dollar vergi ödəməliydim. Bu qədər pulum yox idi. Məsciddən müsəlman olmağım haqda sənəd verdilər. Ona görə vergidən azad oldum.

Şəhərdə İŞİD-çilər kütləvi edamlar keçirirdi. Kimin Azad Suriya Ordusu, yaxud hökumət qüvvələri ilə əlaqəsi üzə çıxırdısa, edam edilirdi. Xalqı zorla edam səhnəsinə tamaşa etmək üçün çağırmırdılar, amma edama baxmağa gələn kiçik yaşlı uşaqları da oradan kənarlaşdırmırdılar.

Daha şəhərdə Suriya valyutası işləmirdi. Bazarda, alış-verişdə, avtobusda, hər yerdə Amerika dollarından istifadə olunurdu.

İŞİD döyüşçülərindən sonra şəhərdə onların özlərinin gətirdikləri ailələr də peyda oldu.

Hamısına silah paylanmışdı – qara geyimli qadınların çiyinlərindən avtomat asılmışdı. Şəhəri tərk etmək istəyənlərə mane olmurdular.

Rakka ilə Dəməşq arasında hələ də avtobus reysi var. Bilet 80 dollardır. Yeni qaydalarla yaşamaq istəmirsənsə, çıxıb gedə bilərsən. Zatən istədikləri budur. Onlar bu torpaqlarda suriyalıları görmək istəmirlər. Öz xilafətlərini qururlar”.

Tatyananın əri pul qazanmaq üçün Türkiyəyə getmişdi. İslamçılar onun 13 yaşlı qızını zorla ərə vermək istəyəndə ailə avtobusa minib şəhəri tərk etdi. İndi Dəməşqdədirlər. Rakkada qalan minlərlə şəhər sakini isə hələ də Bəşər Əsəd qoşunlarının şəhəri azad edəcəyi günü gözləyir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR