Moskva Krımı “nüvə yarımadası”na çevirir
Bizi izləyin

Dünya

Moskva Krımı “nüvə yarımadası”na çevirir

Rusiya Federasiyası işğal edilmiş Krım və Sevastopol ərazisindəki nüvə obyektləri üçün tam məsuliyyəti öz üzərinə götürüb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işinə həsr olunan toplantısında BMT yanında Rusiyanın daimi nümayəndəsinin müavini Aleksandr Pankin bildirib.

Rusiyalı diplomat onu da bildirib ki, Rusiya MAQATE-nin mütəxəssislərinə Krım və Sevastopol ərazisində yoxlamalar aparmağa icazə verməyə hazırdır: “Rusiya yeni subyektlərində yerləşən nüvə obyektləri üçün tam məsuliyyəti öz üzərinə götürüb. Rusiya MAQATE-nin maraq göstərəcəyi halda qurumun mütəxəssislərinə sözügedən obyektlərdə yoxlamalar aparmağa icazə verməyə hazırdır. Amma 21 fevral 1985-ci ildə SSRİ və MAQATE arasında razılaşmada nəzərdə tutulmuş hallar istisna olmaqla. Biz Krım Respublikası və Sevastopoldakı nüvə obyektlərinin statusu haqqında MAQATE-nin katibliyinə xəbərdarlıq etmişik və onları dinc məqsədlər üçün istifadə olunan nüvə obyektləri siyahısına daxil edilib”.

A.Pankin həmçinin nüvə silahının yayılmaması haqqında razılaşmanın Rusiya tərəfindən pozulması barədə Ukrayna tərəfinin iddialarını rədd edib. Qeyd edək ki, MAQATE də Krımdakı nüvə obyektlərini mənimsənilməsi barədə Rusiyanın cəhdlərini ittiham etmiş və bunun beynəlxalq hüququn normalarının pozuntusu olduğunu bildirmişdi.

ABŞ Konqresinin üzvləri də Krımda taktik nüvə başlığı daşıyıcılarını yerləşdirmək arzusuna görə Rusiya hakimiyyətini ittiham etdi. Xüsusi olaraq “Tu-22M3” strateji bombardmançıları və “İskəndər-M” operativ-taktik raket komplekslərindən söhbət gedir. Konqres üzvləri ötən ay Rusiyanın Krımla bağlı planları haqqında ABŞ prezidenti Barak Obama məktub yazıb.

“Ukraynanın razılığı olmadan onun suveren ərazisində nüvə silahının yerləşdirilməsi xain qərardır. Bu Rusiyaya NATO-nun bazalarına daha da yaxınlaşmağa və hərbi üstünlük qazanmağa imkan verəcək”, - deyə məktubda bildirilirdi.

Konqres üzvlərinin fikrincə, Rusiya rəhbərliyinin hərəkətləri 1997-ci ildə imzalanan Rusiya-NATO razılaşmasının kobud pozuntusudur. Qanunvericilər ABŞ prezidentindən tezliklə mümkün cavab addımları haqqında Konqresə məlumat verməyə tələb edirdilər. Amerika qanunvericiləri iddia edirlər ki, hələ avqustun əvvəlində Rusiya hakimiyyəti “Tu-22M3” strateji bombardmançıları və "İskəndər-M” operativ-taktik raket komplekslərinin Krımda yerləşdirilməsi barədə qərar qəbul edib. ABŞ Senatının silahlı qüvvələr üzrə komitənin üzvü Ceyms İnofenin sözlərinə görə, 1987-ci ildə SSRİ ilə imzalanmış orta və kiçik mənzilli raketlərin ləğv edilməsi barədə razılaşma Rusiya tərəfindən pozulur. Bu raketlərin uçuş məsafəsi 2600 kilometr təşkil edir.

Sərt ittihamlara baxmayaraq, Rusiya bu ilin mart ayında özünə birləşdirdiyi Krım yarımadasında müdafiə potensialını gücləndirmək xəttini tutub. Bu barədə bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqu da bildirib. Rusiya müdafiə naziri qeyd edib ki, Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır. Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını deyib.

Rusiyanın hərbi ekspertləri də hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Amma onlar Rusiyanın Krımda güclənməsi üçün daha təhlükəli variant irəli sürürlər. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirməsi ola bilər. Ekspertlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir.

İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur: “1996-cı ilə qədər Krımda nüvə-texniki anbar var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendumunu və onun Rusiyaya birləşməsini tanımayıb”.

ABŞ və NATO-nun hərbi potensialının Rusiyanın hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yerləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.

Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər: “Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə maneə olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə, yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm