“Sultan Səlim bizi 500 ildir bura növbətçi qoyub” - Türkman Dağından reportaj
Bizi izləyin

Dünya

“Sultan Səlim bizi 500 ildir bura növbətçi qoyub” - Türkman Dağından reportaj

Suriyada bir sıra qruplar kimi Azərbaycan türklərinin bir qolu olan türkmanlar da silaha sarılıb.

Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti soydaşlarımızın silahlı mübarizə apardığı Türkman dağından reportaj hazırlayıb.


Azad Suriya Ordusu, Əhraru Şam, Ənsar, Ən-Nusra cəbhəsi... Suriyada daxili savaş başlayandan sonra müxalifət bu adlar altında müxtəlif qruplara bölünüb və fərqli bölgələrdə müharibə aparır. Suriyada, demək olar, hər kəs silaha sarılıb. Silahlanan qruplardan biri də türkmanlardır. Şam, Hələb və Lazkiyada 3,5 milyona qədər türkman yaşayır. Onların bir hissəsi Suriya müharibəsindən sonra Türkiyəyə köçüb. Qadın və uşaqlarını Türkiyəyə göndərən kişilərin çoxu Türkman Cəbhəsində savaşa başlayıb. Onların ən önəmli mövqelərindən biri Türkiyə sərhədləri yaxınlığındakı Türkman Dağı bölgəsidir.

Sağ tərəfdə min illərlə yaşı olan qədim Kürd dağı, arxa tərəfdə Əsəd rejiminin əlində olan Keseb qəsəbəsi, onun yanında isə Ələvi dağı var. Türkmanların olduğu Türkman Dağı təqribən min ildir Bayırbucaq türkmanlarının yurdu kimi tanınır. Suriyada daxili savaş başlayandan sonra kəndlər, qəsəbələr boşalıb. Eyni mənzərə Türkman Dağı bölgəsində də yaşanır.


Türkiyənin Türkman Dağına açılan sərhəd qapısından çıxıb Bayırbucaq bölgəsinin girişinə gəldikdə, dəlik-deşik sərhəd qapısı ilə rastlaşırsan. Adi növbətçi postunda əlində “Kalaşnikov” avtomatı tutaraq gözləyən əsgərlər buranın “bufer zonası” olduğunu deyirlər.

Bura həm də suriyalı türkmanların Türkiyəyə girməsi üçün istifadə edilən qapıdır. Qapıda duran əsgər “burdan Türkiyəyə ziyan gəlməsin deyə durmuşuq” deyə gözlədiklərini bildirir.

Türkman Dağı müharibə dəhşətləri ilə üz-üzə qalıb. Bölgədə partlamamış yüzlərlə mina, bombardman nəticəsində dağılmış məktəblər, evlər insanı vahiməyə salır.

Əhalisi çox olmayan Bayırbucaq türkmanları həm cəbhədə, həm də siyasətdə parçalanıblar. Onlar Əsəd dönəmində türkmanların başına gələnlərdən, işgəncə dəzgahlardan, səhranın ortasındakı həbsxanalardan elə danışırlar ki, insanın ağılı başından çıxır.


Türkman Cəbhəsinə liderlik edən Əbu Fadıl Türkiyəni özləri qədər sevdiklərini deyir: “Biz eyni millətik. Sultan Səlim bizi burda növbətçi qoyub. 500 ildir növbətçiliyimiz davam edir. Əslində, biz burda Türkiyə sərhədini qoruyuruq. Türkman Dağında havalar çox soyuq olur, daim yağış yağır. Amma nə etmək olar. Müharibədir, gərək dözək”.


Onun sözlərinə görə, Əsəd gücləri türkmanların yaşadığı bölgələrə hər gün bombalar yağdırır. Onlar bu bölgənin qorunan bölgələr siyahısına daxil edilməsini istəyirlər.


Suriyanın bir çox yerlərində olduğu kimi burda da qida və enerji problemi davam edir. Türkman Dağında elektrik yoxdur. Elektrik verilnəsi generatorlar, yaxud maşın akkumlyatorları ilə təmin edilir. Amma generator üçün lazım olan yanacağı tapmaq çox çətindir. Deyilənlərə görə, kəndlərdə yanacaq qram-qram satılır.

Sınıq-salxaq yanacaqdoldurma məntəqələrinin birinin üzərinə “Kəlmeyi Tevhid” yazılan bayraq asılıb. İŞİD də bu bayraqdan istifadə edirmiş. Amma türkman cəbhəsinin üzvləri İŞİD-i ötən il bölgədən silahla vurub çıxardıqlarını deyirlər.


“Burda İŞİD yoxdur. Bayrağın üzərinə “Kəlmeyi Tevhid” yazıldığı üçün endirməyə əlimiz gəlmədi”, - deyə onlar bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm