• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gürcüstanda siyasi böhran yetişir: “Üçlük” niyə sıradan çıxdı?

  • Dünya
  • 6 Noyabr 2014 13:42
  • 916 Baxış
Gürcüstanda siyasi böhran yetişir: “Üçlük” niyə sıradan çıxdı?

Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsi, ardınca keçmiş nazirin komandasında olan nazirlərdən bəzilərinin istefaya getməsi qonşu ölkəni siyasi böhrana aparır.

Qeyd edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasına rəhbərlik edir. Artıq sabiq nazir partiyasının "Gürcü arzusu” koalisiyanı tərk etdiyini açıqlayıb. Nəticədə, koalisiya parlamentdəki 10 deputatı itirib və “Gürcü arzusu” qərarların qəbulu zamanı çətinliklərlə qarşılaşacaq.

Alasaniyanın partiyasını təmsil edən xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilinin qəfil istefası Avropa Birliyinin yüksək vəzifəli məmurlarının da narahatlığına səbəb olub. “The Wall Street Journal” qəzeti yazır ki, avropalı məmurlar ölkənin siyasi vektorunun Qərbdən Rusiyaya tərəf yerini dəyişə biləcəyindən ehtiyat edirlər. “Gürcü arzusu” koalisiyasına daxil olan Respublika Partiyasının lideri Xatuna Samnidze bildirib ki, respublikaçılar bundan sonra koalisiya ilə yalnız müəyyən məsələlərdə əməkdaşlıq edəcəklər. Bu isə faktiki olaraq onların Bidzina İvanişvili komandası ilə ayrıldığını göstərir. Ekspertlərin fikrincə, koalisiyanın dağılması “Gürcü arzusu”nu parlament azlığına çevriləcək və hökumət əksəriyyətə malik olmadığı üçün effektli fəaliyyət göstərə bilməyəcək.

İstefaya getmiş nazirlər bildiriblər ki, baş nazir İ.Qaribaşvili ölkəni Avropa inkişaf yolundan yayındırır. Ancaq baş nazirin özü bu iddiaları rədd edir. “The Wall Street Journal”ın məlumatına görə, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Avropa meylli nazirlərin gürcü hökumətini tərk etməsindən narahatlığını ifadə edib. O, xəbərdarlıq edib ki, dövlət çevrilişi Gürcüstanda antidemokratik güclərin əlinə oynaya bilər.

Öz növbəsində İsveçin keçmiş xarici işlər naziri, Avropa Birliyinin şərq siyasətinin baş memarlarından biri Karl Bildt söyləyib ki, Gürcüstanın Qərblə yaxınlaşma prinsipinin reallaşdırılması təhdid altındadır. Keçmiş nazir xarici siyasətin Qərb istiqamətini həyata keçirən bütün komandanın istefaya getdiyini diqqətə çatdırıb. Onun fikrincə, Rusiya bilavasitə bu istefaların arxasında olmasa da, şübhə yoxdur ki, Kreml baş verənlərə görə sevinəcək.

Avropa Birliyinin xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosiyançiç bildirib ki, postlarını tərk etmiş gürcü nazirləri Brüssel üçün yaxşı partnyor idi və Avropa Birliyində effektiv əməkdaşlığı yüksək qiymətləndirirdilər. O, vurğulayıb ki, siyasətçilərə qarşı qaldırılan cinayət prosesləri siyasi motivasiyadan uzaq və tamamilə şəffaf olmalıdır.

“The Wall Street Journal” qəzeti yazır ki, Gürcüstan, Rusiya və Qərb kimi nəhənglərin geosiyasi toqquşması fonunda öz müqəddəratını təyin etməyə çalışırdı və seçimini artıq Qərbin lehinə edib. Qərbdə ehtiyat edirlər ki, sabiq prezident Mixail Saakaşvili barəsində qaldırılan cinayət işi məhz onun Qərbə simpatiyası ilə bağlıdır. Saakaşvilinin sözlərinə görə, hazırda Rusiya oliqarxları tərəfindən nəzarət edilən gürcü hökuməti öz siyasi rəqiblərini təqib edir.

Gürcüstan hökumətində nazirlərin istefaları ilə bağlı Birləşmiş Ştatlar da narahatlığını ifadə edib. “Biz bu nazirlərin Gürcüstan qarşısında xidmətlərini, həmçinin ABŞ-la əməkdaşlığını yüksək qiymətləndiririk”, - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.

İ.Alasaniyanın istefaya göndərilməsi və Müdafiə Nazirlərinin bəzi yüksək rütbəli məmurlarına qarşı qaldırılan cinayət işini şərh edən prezident Georgi Marqvelaşvilinin sözləri də müəyyən məsələlərə aydınlıq gətirir. Marqvelaşvili bildirib ki, “ölkə qeyri-rəsmilərlə” hərəkət etməməlidir. Lakin prezident “qeyri-rəsmi” dedikdə kimləri nəzərdə tutduğunu açıqlamayıb. Tiflisdə isə həmin şəxsin “Gürcü arzusu”nun banisi, məşhur oliqarx Bidzina İvanişvili olduğuna şübhə etmirlər.

Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondellər də qeyd edib ki, Gürcüstan prezidentinin məhz İvanişvilini nəzərdə tutması şübhəsizdir. Analitik gürcü oliqarxının hökumətə təsirinin çox güclü olduğunu ifadə edib. Öz növbəsində, Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkatı” Partiyasının liderlərindən biri, deputat David Darçiaşvili əmindir ki, Rusiya oliqarxı İvanişvili hökuməti idarə edir. O həmçinin əmindir ki, bu situasiya davam edərsə, Gürcüstan sadəcə “həlak olacaq".

İstefalardan hələ əvvəl İ.Qaribaşvilinin verdiyi bəyanat da “Rusiya oliqarxı”nın hökumətə təsirinin hansı səviyyədə olduğunu göstərir. İvanişvilinin prezidenti tənqid etməsinə münasibət bildirən Qaribaşvili bunları söyləyib: “Bidzina İvanişvili heç vaxt heç kimi haqsız olaraq tənqid etməyib. Ən azından mən belə bir hadisəni xatırlamıram. Əgər Qaribaşvili, Usupaşvili, Marqvelaşvili, Saqanelidze və başqaları tənqidə layiqdirsə, bu təəccübə səbəb olmamalıdır. Düşünürəm ki, bu normaldır”.

Baş nazir keçmiş hökumət başçısı ilə əlaqəsinin olduğunu heç vaxt gizlətmədiyini də dilə gətirib: “Mən cənab Bidzina ilə 10 ildir tanışam və çox yaxın münasibətlərimiz var. Gizlətmirəm ki, ondan məsləhətlər alıram. Arzulayardım ki, Gürcüstanda mümkün qədər daha çox Bidzina İvanişvili olsun. Arzulayardım ki, mənim bu cür məsləhətçilərim çox olsun. Bütün normal ölkələrdə keçmiş və yeni prezidentlər məsləhətləşirlər. Mən heç vaxt onun məsləhətlərindən şübhələnmirəm. Əminəm ki, onun məsləhətləri düzgün qərar qəbul etmək üçün əvvəldən sonuna kimi düşünülüb”.

Gürcüstanda baş verənlər və istefa edən nazirlərin tutduqları postlar müəyyən plan çərçivəsində, eləcə də Kremlin istədiyi formada həyata keçirildiyinə şübhə yeri qoymur. Həm xarici işlər naziri Maya Pancikidze, həm də avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili ölkənin xarici siyasət kursunu həyata keçirən əsas şəxslərdir. Və ikisi də Qərbə inteqrasiyaya xüsusi bağlılığı ilə tanınır.

İ.Alasaniyə isə Rusiyanın əsas düşməni rolunda çıxış edən NATO-ya inteqrasiyanın çılğın tərəfdarıdır. Məhz onun əməyi sayəsində NATO və Gürcüstan arasında yeni əməkdaşlıq paketi razılaşdırılıb. NATO-nun Gürcüstanda yaradacağı təlim bazası, ABŞ-ın qurmaq istədiyi raketdən müdafiə sistemi ölkənin təhlükəsizliyinin demək olar ki, alyansa etibar edilməsi anlamına gəlir. Artıq onların heç biri, daha doğrusu Kremlin sevmədiyi “üçlük” hökumətdə təmsil olunmur.

Beləliklə, Rusiyanın sevinməsi və Qərbin narahat olması üçün əsaslar kifayət qədərdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR