Rusiya Ukrayna ilə danışıqlardan imtina etdi
Bizi izləyin

Dünya

Rusiya Ukrayna ilə danışıqlardan imtina etdi

Rusiya Ukraynanın Şərqində vəziyyətin nizama salınması üçün Avropa Birliyi və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməsi təklif edilən “Cenevrə formatı”ndan imtina edib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.


Rusiya XİN-in rəsmi saytında yayılan bəyanatda Ukrayna bütün razılaşmaları kobud şəkildə tapdamaqda ittiham olunur: “Kiyevin ağır texnikanı işə salması nəticəsində ölkənin cənub-şərqində minlərlə insan həlak olub, güclü dağıntılar baş verib”.


Rusiya XİN qeyd edib ki, rəsmi Kiyev real konstitusiya islahatı və xalqla dialoqa getmək əvəzinə, hansısa aydın olmayan qeyri-rəsmi manevrlərə cəhd edir: “Danışıqlar formatında məntiqi sual yaranır. Ukrayna tərəfinin əvvəlcə razılaşdırılmış məsələləri yerinə yetirməsi yaxşı olmazmı?”


Qeyd edək ki, Ukrayna tərəfi Donetskdə vəziyyəti nizama salmaq məqsədi ilə Ukrayna-ABŞ-Avropa Birliyi-Rusiyanın növbəti dəfə “Cenevrə formatı” çərçivəsində danışıqlar aparmasını təklif etmişdi. Bu formatda ilk görüş aprelin 17-də baş tutub. Görüşdə Kiyevin ölkənin şərqində hərbi əməliyyatları dayandırması haqda razılaşma əldə olunmuşdu.

Bundan başqa, Ukrayna və Rusiya Fransa ilə Almaniya xarici işlər nazirlərinin iştirakı ilə “Berlin formatı” çərçivəsində danışıqlar aparıb. Lakin bu görüşlər münaqişənin həlli ilə nəticələnməyib.

Noyabrın 4-də Ukrayna prezidenti Pyotr Proşenko ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında “Cenevrə formatı”nın yenidən bərpa olunmasını təklif edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm