Respublikaçıların qələbəsi və Rusiyaya gələcək təhlükələr – TƏHLİL
Bizi izləyin

Dünya

Respublikaçıların qələbəsi və Rusiyaya gələcək təhlükələr – TƏHLİL

ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının həm Nümayəndələr Palatası, həm də Senatda qələbə qazanmasının xarici siyasətə ciddi dəyişikliklərin gətirəcəyi proqnozlaşdırılır. Təxminlərə görə, bu dəyişikliklər, ilk növbədə, Rusiya ilə münasibətlərdə özünü göstərəcək.

Publika.az respublikaçıların qələbəsinin ABŞ-ın Rusiya ilə bağlı siyasətinə gətirəcəyi dəyişikliklərlə bağlı Rusiya mətbuatında dərc olunan məqaləni təqdim edir

Seçkilərdən əvvəl namizədlər Rusiya ilə münasibətlər məsələsini kifayət qədər əhəmiyyətli hesab etmirdilər. Əsas müzakirə mövzusu isə Avropa Birliyi ilə ticarət, İŞİD terror qruplaşması ilə mübarizə və Suriyadakı “vətəndaş müharibəsi” idi. Amma iddia etmək çətindir ki, respublikaçılar seçkilərdən sonra da Rusiyaya laqeydliyi saxlayacaqlar. 2006-cı ildən sonra ilk dəfə respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda əksəriyyəti qazandı. Qazanılan qələbə isə onlara Konqresdə irəli sürdükləri təşəbbüsləri qanun halına salmağa imkan verəcək.

Respublikaçıların iki palatası və tək prezident

Prezident Barak Obama üçün çətin vaxtlar başlayır. Əvvəllər Nümayəndələr Palatasında respublikaçıların üstünlüyü şəraitində qəbul olunan qərarları Senatda demokratların üstünlüyü ilə əngəl olmaq mümkün idi. Hazırda isə respublikaçılar hər iki palatada əksəriyyət təşkil edir və onların təşəbbüslərinə qarşı durmaq Obama üçün çətin olacaq. Konqres tərəfindən qəbul edilmiş qanun layihələrini imzalamaq və ya veto qoymaq lazım gələcək. Veto qoyacağı halda isə hər dəfə bunun səbəbini cəmiyyətə açıqlamalı olacaq.

Hansı sahələrdə respublikaçıların böyük fəallıq göstərəcəyini təxmin etmək asandır. Belə ki, bu sahələr o qədər də çox deyil. 2016-cı il prezident seçkilərindən əvvəl seçicilərin rəğbətini qazanmaq lazımdır. Bunu vergiləri və ya dövlət büdcəsinin xərclərini azaltmaq təklifləri ilə etmək çətindir. Rusiya isə burada yada düşür. Hesab olunur ki, Rusiya ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir və ABŞ-ın Bəşər Əsəd kimi diktatorları devirməsinə mane olur. Rusiya həmçinin Avropa sərhədlərinə yenidən baxaraq və Ukraynanın şərqində münaqişə zonası yaradaraq Amerikanın dünya liderliyinə əngəl olur.

Ukraynaya silah

Hələ Senata keçirilən seçkilərdə qələbəyə qədər respublikaçılar Rusiyaya qarşı daha sərt sanksiyaları keçirməyə çalışırdılar. Bu ilin yazında - Krımın Rusiyaya birləşdirilməsindən dərhal sonra senator Con Makkeynin başçılıq etdiyi respublikaçılar qrupu “Rusiya təcavüzünün qarşısının alınması haqqında Akt”ın təsdiqinə nail olmağa çalışırdı. Akt Ukrayna, Gürcüstan və Moldovaya NATO-dan kənar ABŞ-ın əsas müttəfiqləri statusu verməyi, bu ölkələrə silahlar çatdırmağı, kəşfiyyat əməkdaşlığının gücləndirilməsini, ABŞ-ın Şərqi Avropada hərbi baxımdan güclənməyini, silahların ixtisarı haqqında Rusiya ilə istənilən danışıqlardan imtina etməyi, rusiyalı oliqarxlar və siyasilərin aktivlərini dondurmağı və Rusiyanın böyük dövlət şirkətlərinin xarici kreditlərə girişini bağlamağı nəzərdə tuturdu. Həm də bütün bunların icrasının yeddi gün ərzində həyata keçirilməsi tələb olunurdu.

Hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:

1.H.R. 5190. “Ukraynanın təhlükəsizliyinin təmin olunmasına kömək haqqında” qanun layihəsi “separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək”, eyni zamanda “Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazımi dəstək” verilməsini nəzərdə tutur.

2. S.2828. “Ukraynada azadlığın dəstəyi haqqında” qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.

Demokratların Senatda əksəriyyət təşkil etməsi nəticəsində respublikaçıların bu təşəbbüsü keçmədi. İndi isə o qədər sərt olmasa belə, sürətli şəkildə yumşaldılmış versiyanı qəbul edə bilərlər. Məsələn, “Ukraynanın azadlığına dəstək haqqında Akt”ın qəbulu ehtimalı olduqca çoxdur. Bu akt Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edir. Sənəd həmçinin MDB ölkələrinə silah çatdırılması ilə bağlı məhdudiyyətləri də özündə əks etdirir. Bundan başqa Rusiyaya texnologiyaların satışı və Rusiya energetikasına Amerika investisiyalarının yatırılmasını məhdudlaşdırırlar.

Rusiya üçün xoşagəlməz vəziyyət onunla bağlıdır ki, sözügedən sanksiyalar qəbul edilərsə, onların ləğvi də ancaq Konqresdə keçirilən səsvermə nəticəsində mümkündür. Sanksiyalar indiyə kimi ABŞ prezidenti tərəfindən qəbul edilirdi və onları ləğv etmək də asandır. Konqresin qəbul etdiyi sanksiyalarla bağlı bunu etmək mümkün deyil. Məsələn, 1974-cü ildə yəhudi əsilli Cekson və Venik tərəfindən irəli sürülən və qəbul olunan düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edirdi. Düzəlişi yalnız 25 il sonra - bunun üçün əsaslar yaranandan sonra ləğv etmək mümkün oldu.

Rusiyaya enerji zərbəsi

Respublikaçıların boru kəmərləri ilə bağlı təşəbbüsləri də Rusiyaya zərbə vura bilər. Respublikaçılar artıq söz veriblər ki, büdcənin qəbulundan dərhal sonra Kanadanın Alberta ştatından ABŞ-ın Texas ştatına qədər uzanan “Keystone XL” boru kəmərlərinin nəhəng sisteminin tikilməsi barədə qərar qəbul edəcəklər. Demokratlar altı il idi ki, müxtəlif üsullarla layihənin reallaşdırmasına maneə olurdular. Demokratların əsasları isə bunlardan ibarət idi ki, ABŞ-da alternativ energetika sistemi öləcək, ekologiyaya zərər dəyəcək, yerli xalqların həyatını pozacaq və sair. Amma Konqresin hər iki palatasının razılığından sonra prezident Obama üçün layihənin reallaşdırılmasına veto qoymaq çox çətin olacaq.

“Keystone XL” Qərbi Kanadanın neft yataqlarını, həmçinin Texas ştatının neft emal edən müəssisələrini və ABŞ-ın Meksika körfəzindəki limanları ilə Alberta ştatını birləşdirməlidir. Layihə Kanadaya Albertanın neft ehtiyatlarının işlənməsi üçün böyük sərmayə qoymağa imkan verəcək. ABŞ isə praktik olaraq Venesuela, Afrika və Yaxın Şərqdən neftin idxalından imtina edə və Kanada neftinin idxalına başlaya biləcək. Aydındır ki, layihənin reallaşdırılması onsuz da aşağı düşən neft qiymətlərini daha da aşağı sala bilər.

“Keystone XL” layihəsindən başqa respublikaçılar artıq bir neçə ildir ki, müxtəlif təkliflərlə çıxış edirlər. Bu layihələrin həyata keçirilməsi Amerikanın neft və qazçıxarma şirkətlərinə fayda gətirəcək. Respublikaların təkliflərinin icraata yönəldilməsi imkan verəcək ki, dövlət karbohidrogen yataqların işlənməsi və durulaşdırılmış qazın ixracı üçün şirkətlərə lisenziyaları da sürətlə versin. Keçirilən islahatların nəticəsi olaraq qurulan energetika sistemi Avropadakı müttəfiqlərin Rusiyanın enerji asılılığından xilas olunmasına imkan verəcək.

Bir sözlə, respublikaçıların Konqresdəki qələbəsi Putin Rusiyası üçün yaxşı heç nə vəd etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm