Alasaniyaya qarşı “qara piar” kampaniyası başladı
Bizi izləyin

Dünya

Alasaniyaya qarşı “qara piar” kampaniyası başladı

Noyabrın 4-də müdafiə naziri vəzifəsindən istefaya göndərilən İrakli Alasaniya təmsil olunduğu “Azad demokratlar” Partiyasının sədri seçiləndən sonra hakimiyyət uğrunda mübarizəyə başladıqlarını bəyan etdi. “Azad demokratlar” Gürcüstan ictimaiyyətində növbəti parlament seçkilərində ən iddialı siyasi güclərdən hesab olunur. Bu partiyanın sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası ilə mümkün əməkdaşlıq perspektivlərini də nəzərə alsaq, hakim “Gürcü arzusu”nu heç də xoş olmayan sürprizlər gözlədiyini iddia etmək olar.

Keçmiş nazirə qarşı “qara piar” kampaniyasına start verilməsi də hakimiyyətin Alasaniya qorxusunun göstəricisi ola bilər. Baş nazir İrakli Qaribaşvilinin sabiq müdafiə nazirini “satqın” adlandırmasından sonra Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin “Nyupost” agentliyinə müsahibəsində Alasaniyanın fəaliyyətinin şişirdildiyini iddia edib.

Fransadan silah alınması barədə müqavilədən danışan Şaşkinin fikrincə, bu ölkədən silahların alınması haqqında heç bir müqavilə rəsmiləşdirilməyib. Alasaniyanın istefadan sonra verdiyi bəyanata toxunan D.Şaşkin bildirib ki, Alasaniyanın fəxr etdiyi “20 yemək otağı” ilə müharibəni udmaq mümkün deyil: “Gürcüstanda əvvəlki hakimiyyət dövründə hava hücumundan müdafiə sistemlərinin alınması barədə ABŞ-la razılıq əldə olunmuşdu. Yeni hakimiyyət isə bunu həyata keçirə bilmədi. Bir neçə arqument var ki, Alasaniyanın cəfəngiyat danışdığını deməyə əsas verir. Birinci, müdafiə naziri Müdafiə Nazirliyinə rəhbərlik etməsinə və nazirliyin büdcəsi üçün cavabdeh olmasına baxmayaraq, idarənin büdcəsini çamadanda daşımır. Pul xəzinədədir. Əgər kimsə güman edirsə ki, müdafiə naziri sənədləri imzalayır, daha sonra çamadandan pul çıxararaq onu sayır, bu tamamilə cəfəngiyatdır. Əgər istənilən müqaviləyə xəzinə razılıq vermirsə, heç bir silah alınması olmayacaq. İkinci arqument isə odur ki, müqavilənin icrası üçün istənilən nazirə hökumət qətnaməsi lazımdır. Üçüncüsü, silah alınması ilə bağlı nə 2013, nə 2014, nə də təəssüf ki, 2015-ci il hərbi büdcəsində silah alınmasına ayrılacaq vəsaitlə bağlı müddəa yoxdur”.

“Bu nazir iki il ərzində heç nə etmədi. O, yalnız iyirmi yemək otağından danışır. Amma bununla nə Rusiya ilə vuruşmaq, nə də Gürcüstanı müdafiə etmək mümkündür. Onun vaxtında Tiflisin “müdafiə divarı” və Müdafiə Nazirliyinin xidmət mərkəzinin tikintisi dayandırıldı, heç bir vertolyot belə əldə edilmədi, hava hücumundan müdafiə sistemi alınmadı. Yemək otaqları bizim əsas problemimiz idi?" deyə keçmiş müdafiə naziri D.Şaşkin vurğulayıb.

D.Şaşkinin sözlərinə görə, müdafiə idarəsinin siyasətdən uzaq olması barədə Alasaniyanın bəyanatı yalandır. Onun fikrincə, Alasaniya siyasi hədəflər üçün ordu ilə manipulyasiya etməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm