Kiyev BMT-də SOS verdi: 200 tank, 640 artilleriya qurğusu, 191 təyyarə, 121 helikopter
Bizi izləyin

Dünya

Kiyev BMT-də SOS verdi: 200 tank, 640 artilleriya qurğusu, 191 təyyarə, 121 helikopter

Rusiya Ukrayna ilə sərhədə 200 tank, 1600 avtomobil, 640 artilleriya qurğusu, 191 təyyarə və 121 vertolyot cəmləyib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Yuri Sergey bildirib.

Qeyd edək ki, rəsmi Kiyevdən başqa beynəlxalq təşkilatlar da Rusiyanın Donbas hövzəsində, eləcə də Ukrayna ilə sərhəddə hərbi hərəkətləri ilə bağlı narahatlığını ifadə ediblər. Dünən Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav Rusiya tankları, artilleriya sistemləri və şəxsi heyətinin son iki gün ərzində Şərqi Ukraynanın ərazisinə daxil olduğunu bildirib. ATƏT də dünən Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.

Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bir neçə gün əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır. Onun sözlərinə görə, son bir neçə gündə Donbas hövzəsində zərbə taktik qruplarının formalaşmasının tamamlanması müşahidə olunur. Hərbi ekspert qeyd edir ki, zərbə taktik qruplar, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşununun və separatçıların hazırda praktik olaraq tamamilə hücuma hazır olduğunu deməyə əsas verir.

Hərbi ekspert daha əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib. Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

D.Tımçuk Rusiyanın həmçinin Ukrayna ilə dövlət sərhədinə qoşun birləşmələrini yerləşdirməkdə davam etdiyini qeyd edib. Onun bir neçə gün bundan əvvəl irəli sürdüyü iddia da kifayət qədər qorxucudur. D.Tımçuk bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksi, Donbasda isə “S-300” zenit-raket kompleksləri yerləşdirib. Hərbi ekspert həmçinin bildirib ki, Alçevsk, Staxanov və Pervomaysk rayonlarına Rusiya muzdluları və zirehli texnikasının, o cümlədən mexanikləşdirilmiş “Kabus” briqadasının hərəkəti qeydə alınıb və Krasnodon rayonuna artilleriya sistemləri göndərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm