Başına milyonlarla qiymət qoyulan snayperlər: “Hələ xeyli rus öldürmək lazımdır”
Bizi izləyin

Dünya

Başına milyonlarla qiymət qoyulan snayperlər: “Hələ xeyli rus öldürmək lazımdır”

“Ukrayna Avropanın sərhədlərini müdafiə edir, Ukrayna Avropanın gələcəyi üçün ərazisində müharibə aparır. Müharibədə Ukraynanın oğul və qızları həlak olurlar, amma bu yalnız bizim dövlətimizin müharibəsi deyil. Bu müharibə yalnız regional hökmranlıq üçün deyil. Bu dəyərlər və Avropanın gələcəyi üçün döyüşdür”.

Bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko avqust ayında Brüsseldə keçirilən Avropa Xalq Partiyasının sammitində çıxışında söyləmişdi. Poroşenko bu fikri dünən bir daha dilə gətirdi: Ukrayna həm də Avropa üçün vuruşur. Amma deyə bilərik ki, bu gün avropalılar da Ukrayna üçün vuruşur.

Publika.az-ın verdiyi xəbərə görə, İtaliyanın “Corriere della Sera” qəzeti Ukraynada döyüşən İsveç snayperi Mayk Skiltdən yazıb.

"Ukraynada, xüsusilə Rusiya tərəfdarı olan separatçıların nəzarət etdiyi şərq ərazilərdə hamı onun haqqında bilir. Maykl Skiltin 47 yaşı var və peşəkar snayperdir. O deyir ki, “iş”ini yerinə yetirərək ən azı 150 insan öldürüb. O, muzdludur, hərçənd “müqaviləli” sözünə üstünlük verir. Onun başı üçün bir milyon dollara yaxın mükafat təyin edilib. O, Rusiya ordusu tərəfindən ən çox axtarılan insanlar sırasındadır”, - deyə reportajın müəllifləri yazırlar.

Maykl axtarışda olması onu qorxutmadığını və ideoloji fikirlərə əsaslanaraq Ukraynaya gəldiyini bildirib: “Bu, mənim müharibəm deyil, bu, mənim Avropamın müharibəsidir və mən imperializmə qarşı vahid Avropanı dəstəkləyirəm".

Planlarında Suriyaya gedərək İŞİD-ə qarşı vuruşmaq olub. Lakin o, Suriyaya səfəri bir müddət təxirə salıb. İsveçli snayper düşünür ki, əvvəlcə Şərqdə işi başa çatdırmaq, hələ xeyli rus öldürmək lazımdır. O, İsveçdə hərbçi olub və sonra snayper kimi xarici münaqişələrdə iştirak etməyə başlayıb. İsveç hökuməti isə Mayklın Ukraynada olması barədə məlumatları təkzib edib.

“Mən burada inandıqlarım üçün vuruşuram. Buna görə də aya 2000 qrivna (təxminən 110 avro) alıram. Bu adi Ukrayna əsgərinin məvacibidir", - deyə snayper vurğulayıb. Mayklın sözlərinə görə, Rusiyadan daima separatçı qurumlara döyüş sursatları və hərbi texnika hərəkət edir: “Əvvəlcə rus tankları açıq fərqləndirici nişanlarla gəzirdi. İndi isə bu nişanların üstündən yeni “respublikalar”ın bayrağını çəkdilər. Amma əsgərlər rusca danışırlar, onlarda rus sənədləri var. Bundan başqa, onlar yalnız rusların silahlarından istifadə edirlər. Bu artıq sirr deyil, bizim düşmənimiz məlumdur. Putin olanları daha inkar etməməlidir”, - deyə snayper vurğulayıb.

“Corriere della Sera” qəzetinin yazdığına görə, o, öz həyatı üçün ehtiyat etmir. Maykl qeyd edir ki, əsir alınacağı ehtimalını nəzərə alaraq üstündə həmişə qumbara daşıyır.

Mayk Ukraynada Avropa üçün vuruşan yeganə snayper deyil. Onlardan biri də "Müqəddəs Mariya” könüllü batalyonunda xidmət edən gürcü snayperidir. Adını açıqlamayan gürcü snayperi qeyd edir ki, ilk növbədə Rusiyanın Abxaziyaya hücumu zamanı onlara yardım edən ukraynalılara borcu qaytarmaq üçün vuruşur. Onu Ukraynaya gətirən ikinci səbəb isə qisas hissidir: “Biz ukraynalılar qarşısında borclu qalmamalıyıq. Bu mənim Ukraynada vuruşmağım üçün birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, 2008-ci il Gürcüstana qarşı müharibədə vuruşan ruslar, çeçenlər, abxazlar və kazaklar indi separatçıların tərəfində vuruşurlar. Onlar Gürcüstanda mənim çoxlu iş yoldaşımı öldürdülər və mən onların qisasını almağa gəlmişəm. Mən gürcüyəm və qisas hüququna malikəm. Nə qədər ki düşmən buradadır, mən vuruşacağam”.

Gürcü snayper təxminən 6 aydır Ukraynadadır. O, forma və hərbi təchizatdan başqa əlavə pul almır. Ukraynanın könüllü batalyonlarında 22 gürcü döyüşür.

Amma o, Gürcüstanda axtarışdadır: “Mən Gürcüstanın Silahlı Qüvvələrinə xidmət edirdim. Kommandos kurslarını bitirmişdim. Gürcüstan qanunvericiliyinə görə, Gürcüstan vətəndaşı dövlətin mandatı olmadan başqa üçün vuruşmaq hüququna malik deyil. Başqa sözlə, mən muzdluyam və gürcü qanunlarına görə burada qeyri-leqal döyüşürəm. Amma nə edəsən? Bu, mənim üçün artıq altıncı müharibədir. Mən Gürcüstan, Kosovo, İraq və Əfqanıstan vuruşmuşam”.

Onun əsas vəzifəsi düşmən snayperlərinin məhv edilməsi, həmçinin kəşfiyyat və diversiya aktlarının həyata keçirilməsidir. O, 1943-cü ilin buraxılışı olan “Mosina” tüfəngindən istifadə etdiyi üçün düşmənin 200-250 metr məsafəsində hərəkət edir: “Əməliyyat zamanı mən rəqibi analiz edir, ona yaxınlaşır, məhv edir və geri qayıdıram. Hələlik mənim işim komandanlıq tərəfindən tənqid olunmayıb”.

Antiterror əməliyyatların başlandığı aprel ayından keçən 6 ay ərzində Ukraynanın qələbə qazana bilməməsinin səbəblərinə gəlincə, gürcü snayper Ukraynada faktiki olaraq ordunun olmadığını bildirib. Amma bununla belə, o, qeyd edib ki, Rusiya ordusunun müdaxiləsi olmasaydı, separatçılar indiki uğuru qazanmazdı: “Rusiya Ukraynada demək olar ki, Gürcüstanda planı üzrə hərəkət etdi. Rusiya əvvəlcə separatçıları silahlandırdı, sonra münaqişə zonasına bir neçə min kazak, çeçen, osetin, rus və abxaz muzdlularını göndərdi. Moskva bütün bunların Ukrayna ordusuna dayandıra bilmədiyini gördükdən sonra öz hərbi hissələrini döyüşə daxil etdi. Ukrayna bu müharibəni udmağa məcburdur. Əks halda Donbas hövzəsində Rusiya pasportlarının verilməsi və Rusiya hərbi bazalarının genişlənməsi başlanacaq. Yekunda isə Ukrayna Rusiya ilə açıq və irimiqyaslı müharibə aparmalı olacaq. Eynilə, 2008-ci ildə Gürcüstanda olduğu kimi”.

Gürcü snayper müharibənin tezliklə başa çatacağı halda mebel istehsalı ilə məşğul olmaq niyyətindədir.

“Gürcüstanın azadlığına yol buradan gedir. Biz bütün bu baş verənləri Rusiyaya bağışlamağa məcbur deyilik. Bizim ölkəmizdə bəzi qorxaqlar var ki, “əgər ayı səni tutacaqsa, ona dayı adlandır” deyirlər. Mən isə ayını öldürməyi daha məqsədəuyğun hesab edirəm. Ondan yaxşı kabab alınır”, - deyə o, sonda qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm