• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ukrayna üçün üç ssenari: Moskva nə istəyir? – TƏHLİL

  • Dünya
  • 17 Noyabr 2014 14:47
  • 845 Baxış
Ukrayna üçün üç ssenari: Moskva nə istəyir? – TƏHLİL

Ukrayna Ali Radasına 26 oktyabrda keçirilən seçkilərə bir həftə sonra – noyabrın 2-də separatçılar Donetsk və Luqansk “xalq respublikaları”nda keçirilən “parlament” və “dövlət başçısı” “seçkilər”i ilə cavab verdi. Bununla da ölkənin şərqində gərginlik kəskin şəkildə artdı.

Publika.az-ın verdiyi xəbərə görə, İspaniyanın “El Confidensial” nəşri hazırkı vəziyyəti analiz etməklə Ukrayna böhranında mümkün ssenariləri irəli sürüb.

İspaniya nəşrinin Ukrayna ilə bağlı irəli sürdüyü mümkün ssenariləri verməmişdən öncə hazırkı situasiyaya diqqət yetirmək lazımdır. Ukraynanın Ali Radasına keçirilən seçkilərdə qərbyönlü və separatçılarla barışmaz mövqedə olan siyasi güclər qalib gəldilər. Qalib güclər Moskva ilə siyasi dialoqun tərəfdarı olduğunu bildirdilər. Gözlənildiyi kimi, Avropa İttifaqı, ATƏT və ABŞ “xalq respublikaları”nda keçirilən seçkilərin nəticələrini tanımaqdan imtina etdi. Rusiya sözügedən seçkiləri tanımasa da, yerli sakinlərin iradəsinə “hörmət” etdiyini açıqladı. Baxmayaraq ki, Moskva seçkilərdən öncə “seçkilər”in nəticələrini tanıyacağını bəyan etmişdi. Moskva seçkilərin nəticələrini tanımayıb, yalnız yerli sakinlərin iradəsinə “hörmət” etdiyini bildirməklə kifayətlənsə də, bu mövqe də Kiyevi razı salmadı.

Kremlin bu bəyanatına Kiyev dərhal cavab verdi. “Seçkilər”dən üç gün sonra Ukrayna prezidenti Pyotr Poroşenko separatçı regionlarla sərhədə əlavə qoşun hissələrinin göndərilməsi barədə əmr verdi. Kiyev eyni zamanda Donbas hövzəsinin rayonlarının xüsusi statusu haqqında qanunu ləğv etdi. Beləliklə, sentyabrın 5-də əldə olunan Minsk razılaşmasından əsər-əlamət qalmamışdı. Razılaşma döyüş meydanında onun elə imzalandığı gündən pozulmağa başlanmışdı.

Rusiya da Kiyevin bu qərarlarına dərhal cavab verdi. Son məlumatlara görə, Rusiya hərbi komandanlığı Ukrayna ilə sərhəddə öz qruplaşmasını gücləndirir və separatçılara hərbi yardım göstərməkdə davam edir. Belə bir görüntü yaradılıb ki, Rusiyanın hərbi hərəkətləri müdafiə xarakteri daşıyır. Amma o qədər sadəlövh olmaq lazım deyil. Çox ehtimal ki, separatçılar müdafiəni gücləndirdikdən sonra bir sıra strateji əhəmiyyətli obyektlər üzərində tam nəzarəti təmin etməyə çalışacaqlar. Məsələn, elektrik stansiyaları və aeroportlar. Bunların arasında ən strateji obyekt isə Donetsk aeroportu hesab olunur.

Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bir neçə gün əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır. Onun sözlərinə görə, son bir neçə gündə Donbas hövzəsində zərbə taktik qruplarının formalaşmasının tamamlanması müşahidə olunur. Hərbi ekspert qeyd edir ki, zərbə taktik qruplar, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşununun və separatçıların hazırda praktik olaraq tam hücuma hazır olduğunu deməyə əsas verir.

Hərbi ekspert daha əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib. Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

Noyabrın 12-də Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav Rusiya tankları, artilleriya sistemləri və şəxsi heyətinin son iki gün ərzində Şərqi Ukraynanın ərazisinə daxil olduğunu bildirib. ATƏT isə bundan bir gün əvvəl Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Ayın 13-də isə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Yuri Sergey həyacan təbili çalıb. O, Rusiyanın Ukrayna ilə sərhədə 200 tank, 1600 avtomobil, 640 artilleriya qurğusu, 191 təyyarə və 121 vertolyot cəmləşdiyini bildirib.

“El Confidensial” hesab edir ki, enerji təchizatı, həmçinin əlaqə vasitələri və nəqliyyat qovşaqları üzərində nəzarət separatçı qurumlara ən azından orta müddətli perspektivdə mövqelərini saxlamağa imkan verəcək: “Xalq respublikaları”ın ərazisinə hərbi və maddi vasitələrin göndərilməsi üçün təhlükəsiz və daim qüvvədə olan kanalı qaydaya saldıqdan sonra isə Moskva növbəti addımı təşəbbüs edəcək: Rostov və Krım arasında quru dəhlizin qurulması. Bu, yarımadanın fasiləsiz yerüstü təchizatının təminatı üçün həyati əhəmiyyətlidir. Krım Rusiya ilə yalnız hava və dəniz yolu ilə əlaqəyə malikdir. Krıma dəhlizin yaradılması üçün isə ilk növbədə Mariupol şəhərini almaq lazım olacaq. Və, nəhayət. Unutmaq lazım deyil ki, Putinin “Novorossiya” layihəsini Xarkov üzərində nəzarətsiz həyata keçirmək mümkün deyil. Xarkov Ukraynanın böyüklüyünə görə ikinci şəhər, böyük sənaye mərkəzidir və 1935-ci ilə qədər sovet Ukraynasının paytaxtı olub. Bütün bunlar isə onun göstərir ki, Şərqi Avropada yeni bir dondurulmuş münaqişəyə yaranmaq üzrədir. Avropa İttifaqının şərq sərhədində artıq bu cür münaqişələr var: Kosovo, Dnestraynı, Cənubi Osetiya və sair. Hətta Avropa Birliyinin özünün daxilində Kipr kimi dondurulmuş münaqişə var”.

İspaniya nəşri hesab edir ki, Ukraynanın gələcəyi ilə bağlı ölkənin federasiya halına salınmasından tutmuş, onun dağılmasına qədər müxtəlif ssenarilərə baxmaq mümkündür: “Bununla belə, orta müddətli perspektivində dondurulmuş münaqişənin mövcud olacağı böyük ehtimaldır. Ehtimal ki, bu daha çox Dnestraynı əraziyə bənzəyəcək. Separat qurumlar yəqin ki, Krım kimi Rusiyanın tərkibinə daxil olmağı bacarmayacaq. Eyni zamanda separatçılar siyasi, iqtisadi və strateji məsələlərdə Moskvadan tamamilə asılı olacaq. Bu ərazilərdə Rusiya hərbçiləri qalmaqda davam edəcək. Bundan başqa dövlət qulluqçularına ödəmələr və təqaüdlər, həmçinin energetika resursları ilə təchizat tamamilə Rusiyanın üzərinə düşəcək. Kiyev Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti tamamilə itirəcək və bu vilayətlər de-fakto müstəqil olacaqlar.

Bir başqa ssenari Ukraynanın federasiya halına salınmasıdır. Bu halda regionlar ölkənin əhəmiyyətli məsələləri üzrə veto hüququ da daxil olmaqla iqtisadiyyat, maliyyə və xarici ticarət üzərində nəzarət şəklində geniş muxtariyyəti alacaq. Bu ssenari hamısından daha çox Rusiyanın işinə yarayır. Çünki bu halda Moskvaya qərarların qəbul olunması, xüsusilə NATO-nun Şərqə irəliləyişi prosesinə nəzarət etməyə imkan verəcək. Ancaq hadisələrin indiki hadisələrin inkişafını nəzərə alsaq, bu ağlasığmazdır.

Və, nəhayət, son ssenari Ukraynanın dağılmasıdır. Bu halda biz birtərəfli qaydada Luqansk və Donetsk separatçı qurumların Avrasiya İttifaqının tərkibinə girişinin şahidi olacağıq. Ancaq bu ssenari Rusiya üçün qəbuledilməzdir. Çünki bu halda Kreml özünün iki strateji hədəfinə nail ola bilməyəcək: Krıma yerüstü dəhliz yaradılması və NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması perspektivinin aradan qaldırılması”.

Deməli, Rusiya Ukraynanın şərqindəki hərbi əməliyyatların ömrünü Kiyevi daha çox taqətdən salmaq üçün mümkün qədər uzatmağa çalışacaq. Yeri gəlmişkən, xarici analitiklər Ukraynadakı hazırkı atəşkəş dövrünü Rusiya üçün əslində “taktiki pauza” kimi qəbul edirlər. Çin və Avstraliyadakı sammitləri yola verən Putinin bundan sonra bütün diqqətini Ukrayna məsələsinin “həllinə” yönəldəcəyi güman edilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR