• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Türkiyə təyyarəsinin vurulmasında Rusiya izi?

  • Dünya
  • 25 İyun 2012 15:47
  • 169 Baxış
Türkiyə təyyarəsinin vurulmasında Rusiya izi?

Türkiyəyə məxsus F-4 hərbi təyyarəsinin iyun ayının 22-də Suriya qüvvələri tərəfindən vurulmasından sonra NATO dövlətlərinin toplantısı gözlənilir. Bir sıra xarici ekspertlər təşkilatın Suriyaya hərbi müdaxiləni istisna etmirlər.

Publika.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov NATO-nun Suriyaya hərbi müdaxiləsinə inanmadığını bildirib. O, qeyd edib ki, söhbət rəsmi Dəməşqə sanksiyaların tətbiqindən gedə bilər:

"Bundan əvvəl Suriyaya iqtisadi sanksiyalar tətbiq olunubsa, bundan sonra bu ölkənin mümkün hücumları da sanksiyalaşdırıla bilər. Məsələn, Liviyada uçuşlara qoyulan məhdudiyyətlər burada da tətbiq oluna bilər. NATO-nun həmçinin özünün hərbi hazırlığının nümayişinə də başlaması ehtimalı var. Mümkündür ki, NATO hərbi gəmiləri hətta Suriyanın sularına yaxın əraziyə yaxınlaşdırsın. NATO hərbi-siyasi blokdur və təşkilat toplantı keçirirsə, təbii ki, hansısa qərarlar qəbul olunmalı və adekvat addımlar atılmalıdır. Mümkün hərbi addımların nədən ibarət olacağını isə yalnız toplantının sonunda bilmək olar".

Fikrət Sadıxov təyyarənin vurulmasında Rusiya və İranın da iştirakını mümkün sayır:

"Rusiya dünyaya sübit etmək istəyir ki, o, Suriyaya açıq şəkildə kömək etmir. Halbuki Rusiyaya silahları Suriyada kifayət qədərdir. Rusiyanın Suriyada hərbi müşavirləri də var, mütəxəssisləri də. Mümkündür ki, Rusiya təyyarənin vurulmasında gizli şəkildə iştirak etsin. Türkiyə rəsmi olaraq bu iddianı müdafiə etməsə də, bu məsələdə Rusiya amili inandırıcı görünür".

Politoloq Qabil Hüseynli birmənalı şəkildə hesab edir ki, vəziyyətin bu dərəcəyə çatdırılmasında Rusiyanın xüsusi rolu var:

"Rusiya çoxdan idi diplomatik kanallarla Türkiyəyə xəbərdarlıq edirdi. Bu ölkəni Suriya müxalifətinə yardımdan çəkindirməyə çalışırdı. Rusiya indi də qorxutmaq taktikasından istifadə edir.

Rusiya NATO-nun bəzi üzvlərinin siyasi qeyrətinə bələddirmi, yaxud Avropada baş verən dərin iqtisadi böhrandanmı ruhlanaraq belə hərəkət edir? Yaxud bu prosesdə əsas rolu oynayan Türkiyəni qorxutmaqla istəyinə çatacağınımı düşünür?

Prosesin sonrakı gedişi haqqında konkret nəsə demək çətindir. Hesab edirəm ki, NATO Suriyaya hərbi müdaxiləsi yüz faiz real deyil. Bir təyyarəyə görə müharibəyə girişmək ağlabatan deyil. Türkiyə regional gücdür, hərbi müdaxilə böyük itkilərə gətirib çıxara bilər".

Qabil Hüseynli bildirib ki, beynəlxalq qaydalar Suriyadan bir sıra addımların atılmasını tələb edir: "Suriya beynəlxalq normalara uyğun olaraq üzr istəməlidir. Həmçinin təyyarənin dəyəri ödənilməlidir".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR