Ukrayna Putinə sui-qəsd hazırlayanı azad etdi
Bizi izləyin

Dünya

Ukrayna Putinə sui-qəsd hazırlayanı azad etdi

Ukraynanın Odessa rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Adəm Osmayevi azadlığa buraxıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, məhkəmə Osmayevin həbsdə olduğu 2 il 9 ayın kifayət etdiyini hesab edərək, onu məhkəmə zalından azad edib.

2012-ci ilin avqustunda Odessada həbs olunan A.Osmayev V.Putinə qarşı sui-qəsdə görə Ukraynanın Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham edilirdi. Müttəhim hər üç maddə üzrə günahını etiraf edib.

Bu ilin may ayında ukraynalı deputatlar baş prokuror Qennadi Maxinçuka müraciət edərək Osmayevin işinə yenidən baxılmasını istəmişdilər.

Qeyd edək ki, A.Osmayev 2007-ci ildən Çeçenistan prezidenti Ramzan Kadırova sui-qəsd hazırlığında şübhəli bilinərək axtarışa verilmiş və 4 nəfərlə birgə həbs edilmişdi. Lakin Osmayev bir neçə gün həbsdə olsa da, dəlil yetərsizliyinə görə məhkəmə onu azad etmişdi.

Bundan sonra Londona gedən Osmayev çeçen mücahidlərinin lideri Doku Umarovla əlaqə yaradıb. Umarovun təşəbbüsü ilə Ukraynaya gələn Osmayev orada partlayıcı hazırlanması və diversiya təlimləri keçib. O, Umarovdan təlimat alaraq Moskvaya getməli və Putin avtomobillə hərəkət edən zaman onun keçdiyi ərazilərdən birində partlayış törətməli imiş.

Osmayev bütün bunları məhkəmədə etiraf edib. Amma onun vəkilləri və yaxınları Ukrayna hüquq-mühafizə orqanlarının apardığı istintaqı şübhə altına alaraq Osmayevin günahsız olduğunu bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm