Moskva və Kiyev arasında “format müharibəsi” başladı
Bizi izləyin

Dünya

Moskva və Kiyev arasında “format müharibəsi” başladı

Ukraynanın baş naziri Arseniy Yasenyuk Donbas hövzəsində vəziyyət haqqında “ciddi danışıqlar”ın neytral ərazidə aparılması ilə bağlı Rusiya qarşısında təkliflə çıxış edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, baş nazir bu təklifi Norveçdən olan həmkarı Ernoy Solberqlə görüşdə səsləndirib.

A.Yasenyuk bildirib ki, ölkənin şərqində vəziyyət üzrə konsultasiyaların keçirilməsi üçün Cenevrə formatını ən münasib hesab edir. O, Cenevrə formatında Ukrayna, Avropa Birliyi, ABŞ və Rusiyanın təmsil olunduğunu xatırladıb.

Rusiya tərəfi isə danışıqların Donbas separatçılarının olmadığı hər hansı formata daşınmasına imkan vermək niyyətində deyil.

RİA xəbər agentliyinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, yeni heç nə uydurmaq lazım deyilir: “Danışıqlar üçün Minsk formatı var. Bu yeganə formatdır ki, Kiyev hakimiyyəti, cənubi-şərqin liderləri, Rusiya və ATƏT-in nümayəndələri təmsil olunur. Bu, tərəflərin birbaşa dialoqunu nəzərdə tutan formatdır. Buna görə də biz onu dəstəkləyirik. Təsəvvür etmək çətindir ki, cənubi-şərqin rəhbərləri haradasa oturacaqlar və böyüklər öz aralarında razılaşacaqlar, daha sonra isə nə etmək lazım olduğunu deyəcəklər. Bu cür cəhdlər prosesi yaxşı nöqtəyə gətirib çıxara bilməz”.

Rusiya xarici işlər naziri qeyd edib, Minsk Kiyev və cənubi-şərqlə birbaşa dialoqu irəliyə çəkmək üçün olduqca münasib meydançadır: “Başqa bir yol bu böhranı nizama salmağa qadir deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm