• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Misir aviasiyası İŞİD-in müttəfiqini bombaladı

  • Dünya
  • 19 Noyabr 2014 00:42
  • 1 108 Baxış
Misir aviasiyası İŞİD-in müttəfiqini bombaladı

Misir Hərbi Hava Qüvvələri Sinay yarımadasının şimalında yerləşən Şeyx-Zuveyd şəhərinin ətrafında “Ənsar Beyt əl-Makdis” (“Qüds partizanları”) qruplaşmasının mövqelərini bombalayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, əməliyyat hərbi kəşfiyyat məlumatlarının alınmasından sonra həyata keçirilib.

Havaya qaldırılan “AH-64 Apache” vertolyotları iki evi dağıdıb. Məlumata görə, evlərin zirzəmilərində qruplaşma liderlərinin görüşü keçirilirdi. Zərbələr nəticədə qruplaşmanın beş üzvü məhv edilib.

Öldürülən “Ənsar Beyt əl-Makdis” üzvlərinin Misir ordusunun Şeyx-Zuveyd yaxınlığında yerləşən blokpostuna hücumda iştirak etdikləri təxmin edilir. Həmin hücum zamanı 31 hərbçi öldürülmüşdü.

Qeyd edək ki, Misir ərazisindəki ən təhlükəli terror qruplaşması sayılan “Ənsar Beyt əl-Makdis” bu ayın əvvəlində İŞİD-ə biət edib. “Ənsar Beyt əl-Makdis” qruplaşmasının daha əvvəllər də İŞİD-ə dəstək verdiyi barədə iddialar irəli sürülürdü. Hazırda qruplaşma İŞİD-ə sədaqət andı içməklə bu iddiaları təsdiqləmiş oldu.

Misir mediası həmçinin “Ənsar Beyt əl-Makdis” qruplaşmasının öz fəaliyyətini ötən ilin yayında prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra gücləndirdiyini yazır. Qruplaşma hazırda Misirin ən təhlükəli silahlı qruplaşması hesab olunur. Bu ilin sentyabrın sonunda Misir mediası yerli xüsusi xidmət orqanlarının İŞİD-lə bağlı olan bir terror şəbəkəsini zərərsizləşdirdiyini yazıb. Daha sonra isə İŞİD üçün döyüşçülər cəlb edən ekstremist qruplaşmanın Qahirə yaxınlıqda zərərsizləşdirildiyi xəbərləri yayıldı. Bu ayın əvvəlində isə Misir xüsusi xidmət orqanları bəyan edib ki, İŞİD-lə bağlı terror qruplaşması aşkarlanıb. Amma qruplaşmanın adı açıqlanmayıb.

Qeyd edək ki, Qahirənin təxirəsalınmaz işlər üzrə məhkəməsi bu ilin aprel ayında “Ənsar Beyt əl-Makdis” qruplaşmasını terrorçu təşkilatların siyahısına daxil edib. İstintaq məlumatlarına görə, keçən il iyul ayında prezident Məhəmməd Mürsi hakimiyyətdən kənarlaşdırılandan sonra ölkədə törədilmiş terror aktlarının əksəriyyətində bu terror şəbəkəsinin əli olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR