Büdcə layihəsi İrəvanın əsl məqsədini üzə çıxardı
Bizi izləyin

Dünya

Büdcə layihəsi İrəvanın əsl məqsədini üzə çıxardı

Bu yaxınlarda Ermənistan parlamentində “2015-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı məlum oldu ki, layihədə Avrasiya İqtisadi İttifaqı haqqında heç nə yoxdur.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, büdcə layihəsində mümkün risklər və Avrasiya İqtisadi İttifaqına üzvlüyün mümkün nəticələri barədə heç bir hesablama aparılmayıb.

Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan bu çatışmazlığı belə əsaslandırıb ki, layihənin hazırlandığı vaxt ölkə bu strukturun üzvü olmayıb. P.Safaryan bildirib ki, hazırda hökumətin mütəxəssisləri bütün amilləri və Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün nəticələrini öyrənirlər. Nazir müavininin sözlərinə görə, araşdırmaların nəticələri dekabrda parlamentdə müzakirəyə çıxarılacaq.

Amma siyasi ekspertlər bu qənaətdədir ki, rəsmi İrəvanın davranışı Avrasiya İqtisadi İttifaqına giriş haqqında qərarın siyasi olduğunu göstərir.

"2015-ci ilin dövlət büdcəsi Ermənistanın Avrasiya İqtisadi İttifaqının xeyrinə seçim etməsində heç də iqtisadi olmayan motivlərin olduğunu üzə çıxardı. Bu seçim ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlı vəziyyətin nəticəsidir. Məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının formatı Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin etməyə imkan verir. Avrasiya İqtisadi İttifaqına üzvlük Qarabağ münaqişəsində status-kvonu saxlamağa və Dağlıq Qarabağın təhlükəsizliyi təmin etməyə icazə verəcək", - deyə Vətəndaş Cəmiyyəti və Regional İnkişaf İnstitutunun direktoru, politoloq Aqavni Karaxanyan bildirib.

MDB ölkələri İnstitutunun erməni filialının direktoru Aleksandr Markarov hesab edir ki, Ermənistanın seçimi onun geosiyasi vəziyyəti baxımından tamamilə təbiidir. O, etiraf edir ki, Avrasiya İqtisadi İttifaqı format nöqteyi-nəzərindən iqtisadi ittifaq olsa da, amma bütovlükdə siyasi-iqtisadi struktur kimi baxılır.

Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyanın sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişi dönməz fakt idi: "Bu reallıqda istənilən konvulsiyalar mənasız və zərərlidir. Doğrudanmı, kiməsə anlatmaq çətindir ki, Ukraynanın qarşılaşdığı itkilərin 10 faizini biz yaşasaydıq, Ermənistan dünya xəritəsindən yox olardı? Qəribədir ki, hətta Qərb bunu normal qəbul etdi, amma bəzi insanlar Avrasiya İqtisadi İttifaqına qarşı çıxmaqda davam edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm