“Qafqaz ölkələri İŞİD-in yanına emissarlar göndərir” – Şok İddia
Bizi izləyin

Dünya

“Qafqaz ölkələri İŞİD-in yanına emissarlar göndərir” – Şok İddia

“İŞİD tərkibində Qafqazdan gedənlərin sayı kifayət qədərdir. Bu fakt regionun gələcəyini hədələyir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Etnologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov deyib.


Onun sözlərinə görə, 2013-cü ildə İŞİD xəlifəsinin hər kəsi cihada səsləməsi regiondakı ekstremistləri hərəkətə keçirdi: “Onlar bunu çoxdan gözləyirdilər. Nəticədə kütləvi şəkildə “cihada” axın başladı. Ən böyük “cihad” potensialından biri Şimali Qafqazdır və bu, birbaşa Moskvanı hədələyir. Qafqazın cənubundan olan “cihadçılar” da hazırda İŞİD-in nəzarət etdiyi torpaqlarda müharibə aparırlar. Qafqaz döyüşçüləri “Qafqaz əmirliyi” adı altında birləşir. Bu ad təsadüfi, yaxud gəlmələrin gəldikləri yeri xatırlatmaq üçün seçilməyib. Bu, gələcəyə hesablanmış addımdır. “Qafqaz əmirliyi” İŞİD-in bu bölgədə qurmaq istədiyi idarəçiliyin ilk bünövrəsi hesab edilir”.

Ekspert İŞİD-in nəzarət etdiyi ərazilərin Böyük Britaniya ərazisi qədər olduğunu bildirib. Onun sözlərinə görə, İŞİD bu genişlikdə ərazidə istədikləri idarəçilik üsullarını qurmaq, yeni döyüşçülər yetişdirmək iqtidarındadır.


“Əvvəlcə İŞİD insanları öz sıralarına cəlb etmək üçün geniş təbliğat kampaniyası aparırdı. Xüsusilə internet üzərindən çağırışlar edilir, “İslam dövlti” ərazisində yaxşı həyat şəraitinin olması haqda videoçarxlar çəkilirdi. Bu nəticəsiz qalmadı. Bizim gözümüz qarşısında Qafqazdan insanların hər gün İŞİD sıralarına qoşulması baş verirdi. Eləcə də post-sovet məkanından ora gedənlər kifayət qədərdir. Lakin artıq limit bitib, getmək istəyənlərin əksəriyyəti artıq ordadır. Yəni bölgə artıq praktiki olaraq İŞİD-ə əsgər vermir”, - deyə o bildirib.


Ə. Yarlıkapov maraqlı bir fakt da açıqlayıb. Gedənlərin qayıtması nəticəsində bölgədə ciddi təhlükələrin ola biləcəyini istisna etməyən ekspert region ölkələrinin artıq hərəkətə keçdiyini bildirib: “Gedənlər özləri üçün məskənlər salıb və yaşamaqda davam edirlər. Lakin onların qayıtması ehtimalı böyükdür və bu ciddi təhlükələrlə nəticələnə bilər. Artıq hökumətlər onların yanına xüsusi adamlar göndərir. Bu seçilmiş adamlar onları geri qayıtmamağa inandırmalıdır. Yəni “uşaqlar siz getdinizsə orda qalın, geri qayıtmayın”. Konkret olaraq, Dağıstan hökumətinin bu üsuldan istifadə etdiyini dəqiq deyə bilərəm. Eyni təcrübə digər region ölkələrində də istifadə edilir. Əslində bu perspektivli addımdır. Çünki onların qayıdışı Rusiya və Qafqaz regionu üçün ciddi təhdiddir. Ən azından, terror aktlarının olması ehtimalı kiçik deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm