Rusiya Abxaziyadan sonra Cənubi Osetiyanı da özünə birləşdirir
Bizi izləyin

Dünya

Rusiya Abxaziyadan sonra Cənubi Osetiyanı da özünə birləşdirir

Rusiya Müstəqil Dövlətlər Birliyi məkanında separatçı rejimlərlə bağlı təhlükəli oyununu davam etdirir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Rusiya və Cənubi Osetiya yeni inteqrasiya müqaviləsi üzərində işləyirlər.

Bu barədə Cənubi Osetiyanın “prezident administrasiyasının başçısı” Boris Çoçiyev bildirib. Sənəd ilk növbədə hərbi sahədə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdır.

Onun sözlərinə görə, Cənubi Osetiya üçün təhlükəsizlik məsələsi həyati əhəmiyyətlidir və yeni sənədin imzalanması “dövlət”in təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Rusiya və Cənubi Osetiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə hazırda qüvvədədir. Müqavilə Moskvada 2008-ci ilin sentyabrında imzalanıb.

Bir müddət əvvəl isə Rusiya və separatçı Abxaziya rejimi arasında geniş inteqrasiya və birgə ordunun yaradılması haqqında müqavilə bağlanılıb. Abxaziyadakı separatçı rejimin rəsmi Moskvaya təqdim etdiyi sənədi əslində Rusiya Xarici İşlər Naziri hazırlayıb və layihənin adı ilkin versiyada "Müttəfiqlik və inteqrasiya haqqında müqavilə" olub. Lakin sonradan onun adı dəyişdirilib.

Rusiya və separatçı qurumlar arasında “inteqrasiya”nı nəzərdə tutan sənədlər Moskva üçün Abxaziya ilə Osetiyanın perspektivdə Krım kimi Rusiyaya birləşdirilməsini ehtiva edir. Sənədlər əslində Abxaziya ilə Osetiyanın Avrasiya İqtisadi Birliyinin ümumi hüquqi, hərbi, gömrük məkanına daxil edilməsidir. Ekspertlər bildirir ki, belə ikitərəfli müqavilələr Rusiyanın xarici siyasətinin yeni alətinə çevrilə bilər.

Artıq Gürcüstandakı "Vahid Milli Hərəkat" Partiyası Tiflisdə buna qarşı böyük etiraz aksiyası təşkil edib. Etiraz iştirakçıları “Gürcü arzusu” koalisiyasını Rusiyanın işğalçı siyasətinə səssiz qalmaqda ittiham ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm