Moskvanın Abxaziya planında Ermənistan faktoru
Bizi izləyin

Dünya

Moskvanın Abxaziya planında Ermənistan faktoru

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Rusiya xarici işlər naziri Sergey Lavrovun, demək olar ki, eyni vaxtda iki ölkə münasibətləri ilə bağlı bəyanatları diqqəti yenidən Moskva-Tiflis xəttində baş verənlərə yönəltdi.

Publika.az-ın verdiyi xəbərə görə, “vestikavkaza.ru” saytı siyasilərin bəyanatları ilə bağlı rus və gürcü politoloqlarının fikirlərini öyrənib.

Xatırladaq ki, İ.Qaribaşvili Brüsselə səfəri zamanı iki il ərzində Rusiya ilə münasibətlərdə gərginliyi minimuma qədər azalda bildiklərini deyib. “Rusiya ilə siyasi münasibətlərdə real irəliləyiş yoxdur, amma hadisələrin inkişafını gözləmək lazımdır. Daha çox işləmək və daha az daxili qarşıdurmaya malik olmaq üçün Avropa Birliyinin bizə tam dəstəyi var”, - deyə baş nazir qeyd edib.

S.Lavrov isə dünən Dövlət Dumasında "hökumət saatı”nda çıxış edərək analoji mövqeyi ifadə edib: “Biz Gürcüstanla münasibətlərin normallaşmasını davam etdirməyə hazırıq”.

Rusiyanın Gürcüstandakı keçmiş səfiri, Xəzər Əməkdaşlığı İnstitutunun regional proqramlar üzrə direktoru Vyaçeslav Kovalenko hesab edir ki, Abxaziya və Cənubi Osetiyanın statusu üzrə iki ölkənin mövqelərindəki fikir ayrılıqları ölkələrin çoxtərəfli münasibətləri üçün əngəl olmamalıdır. "Bəli, Abxaziya və Cənubi Osetiya kimi ağır problemlər var. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz ərazisi hesab edir, Rusiya isə onları müstəqil dövlət kimi tanıyır. Amma bir sıra məsələlər var ki, onları müzakirə etmək və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə məqbul qərarlar tapmaq olar”, - deyə Kovalenko vurğuladı.

Onun sözlərinə görə, dialoq humanitar və iqtisadi sahələr üzrə davam etdirilə bilər. "İki ölkə arasında viza rejiminin sadələşdirilməsi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi mümkündür. Mənim fikrimcə, Rusiya və Abxaziya arasında böyük razılaşmanın imzalanmasından sonra Abxaziya vasitəsilə Gürcüstan və Ermənistan arasında ikitərəfli dəmir yolunun açılması məsələsi ortaya çıxacaq. Belə məsələlərin həlli nəticədə həm Gürcüstan, həm də Abxaziyada siyasi düşüncəni dəyişdirməyə qadirdir. Ticarət-iqtisadi sahədə təmas nöqtələrini tapmaq və sonra belə nöqtələrin sayını artırmaq regionda siyasi iqlimi yumşaltmağa kömək edəcək”.

V.Kovalenko qeyd edir ki, Rusiya və Gürcüstanın birinci plana mübahisəli siyasi məsələləri çıxarmamaqla düzgün hərəkət edir: “Düşünürəm ki, hazırda hər iki tərəfin ərazi problemlərini ön plana çəkməməsi düzgündür. Söhbət ondan gedir ki, Rusiya gürcü-abxaz və gürcü-osetin münaqişələrində tərəf kimi çıxış etmir. Bununla belə, mübahisəli məsələlər əbədi deyil. Bu gün həlledilməz görünən problemləri ictimai rəyin dəyişikliyinə nail olandan sonra həll etmək mümkündür”.

Gürcüstanın Qlobal Tədqiqatlar Mərkəzinin rəhbəri Nana Devdariani Qaribaşvilinin bəyanatının onun Brüssel səfəri ilə bağlı olduğunu bildirib: “Problem ondadır ki, Gürcüstanda daxili siyasi güclər kimin daha çox Qərbə yaxın olmasını göstərmək, okeanın o tayındakı partnyorları razı salmaq üçün yarışırlar. Sabiq müdafiə naziri İrakli Alasaniyanın ölkənin avroatlantik inteqrasiyaya kursunun təhdid altında olması barədə bəyanatından sonra Qaribaşvili Brüsseldə and içməyə məcbur idi ki, Gürcüstan xarici siyasət oriyentasiyasını dəyişmir. Aydın görünür odur ki, bu bəyanatları ondan tələb edirdilər. Onun Rusiya ilə dialoqa hazır olması barədə diplomatik bəyanatı da pozitivdir. Ancaq bu bəyanatların arxasında konkret nələrsə dayanması daha əhəmiyyətlidir”.

Ekspertin fikrincə, Abxaziya və Cənubi Osetiya problemləri danışıqların müəyyən perspektivində yaxınlaşma üçün maneə yaradacaq. Amma o, ilk addımların da çətin olacağı qənaətindədir: “Hətta mədəniyyət və humanitar sahədə yaxınlaşmalar da “işğalçı ilə əməkdaşlıq etmək olmaz!" kimi şüarlarla qarşılaşacaq. Bizim münasibətlərimizdə Abxaziya və Cənubi Osetiya məsələləri o qədər ağrılıdır ki, əməkdaşlığın başqa formaları olduqca çətin olacaq. Mənim fikrimcə, mədəniyyət, elm, təhsil və səhiyyə sahələrində münasibətlər siyasi problemlərdən asılı olmamalıdır. Amma bununla belə siyasi problemlər özünü hər yerdə göstərir. Hazırda çox mürəkkəb dövrdür. Ancaq çətinliyə baxmayaraq, diplomatik idarələr dialoqa başlamaq üçün özlərində resurslar tapmalıdır. Proses, heç olmasa, qeyri-formal olaraq başlamalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm